İşğal altındakı torpaqlar tədricən azad olunur

10 Oktyabr 2017 09:45 (UTC+04:00)

Məşhur rusiyalı filosof və publisist Aleksandr Duqin növbəti dəfə diqqətçəkən açıqlama verib. Ermənistanda dərc edilən “Jamanak” qəzetinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ ətrafında yerləşən beş rayonun qaytarılması məsələsi Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdan gələn göruşündə qaldırılacaq. 

Qeyd edək ki, Aleksandr Duqin Kremlin ideoloqlarından biri kimi qəbul edilir.  Aleksandr Duqin  bu yaxınlarda Rusiya paytaxtında keçirilmiş “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransı çərçivəsində də bu iddia ilə çıxış etmişdi. Siyasilər isə Aleksandr Duqinin açıqlamasına fərqli yanaşırlar.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, bu açıqlamanı təbii qəbul etmək lazımdır: “ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdi. Onlar hər iki dövlət rəhbərləri ilə görüş keçirdilər. Sonradan isə birgə bəyanat verdilər ki, prezidentlərin görüşü üçün regiona səfər etmişdilər və bu istiqamətdə konkret razılıq əldə olunub. 
Gələn həfə prezidentlərin görüşünün zamanı və yeri müəyyənləşdiriləcək. Artıq bu görüşün razılaşması faktı göstərir ki, prezidentər arasında müzakirələr əsas məsələ üzrə gedəcək. Söhbət ondan gedir ki, münaqişənin həll olunması üçün Ermənistan qoşunları işğal olunmuş əraziləri tərk etməlidir. Əgər belə olmasa idi, Azərbaycan Prezidenti protokol xatirinə görüşə razılıq verməzdi. Çünki İlham Əliyev dəfələrlə görüş xatirinə görüşməyəcəyini bildirib. O baxımdan ərazilərin boşaldılması məsələsi müzakirə obyekti olacaq. 
Düzdür, bu məsələ dəfələrlə gündəmə gətirilib. Ancaq burada bəzi şirnikləndirici təkliflərə aldanıb uzağagedən nəticələr çıxartmaq doğru olmazdı. Söhbət ondan gedir ki, Ermənistan beş rayonun qaytarılması müqabilində Azərbaycandan nə istəyəcək? Onun istədiyini Azərbaycan verəcəkmi? Çünki Ermənistan prezidenti Serj Sarkisyanın BMT-dəki çıxışını yada salaq. Bir neçə həftə öncə S. Sarksiyan bütün dünyaya Dağlıq Qarabağ məsələsində heç bir güzəştin olmayacağını açıqladı. Yalnız və yalnız Dağlıq Qarabağa müstəqillik verildiyi təqdirdə güzəşt olacağını bəyan etdi. Ona görə də beş rayonun qaytarılması məsələsini ortaya atmaqla gələcəkdə danışıqları pozmaq üçün Azərbaycanın qəbul etmədiyi şərtləri tələb edə bilər. Bu da Azərbaycan Prezidenti tərəfindən rədd olunacaq. Odur ki, Ermənistanın növbəti dəfə bu cür qəbulolnmaz şərtlərlə təxribat yaratmağa və danışıqlar görüntüsü yaratmaqla zaman qazanmağa çalışacaq. Ermənistanın indiki görüşə razı olmasının məqsədi də məhz budur. Çünki Qarabağ hərbi xuntasının zamanında Qarabağ probleminin həllinə inam yoxdur. S. Sarksiyan sadəcə, dünya gücləri istədiyi üçün torpaqları  Azərbaycana qaytarmayacaq”. 
Digər politoloq Qabil Hüseynli bildirdi ki, açıqlama real görünür: “Beş rayonun qaytarılması hansısa bir gün baş verəcək. Ancaq burada Dağlıq Qarabağın statusu məsələsi var. Dağlıq Qarabağa keçici status vermək istəyirlər. Bu məsələ danışıqlar prosesində müəyyən gərginlik yarada bilər. Ona görə də məsələləri ölçüb-biçmək lazımdır. Ancaq hələlik beş rayonun qaytarılması ideyasını müsbət hesab etmək olar”. 

Mübariz BAYRAMOV