Valyuta ehtiyatları ilə bağlı Azərbaycan növbəti uğura imza atdı

11 Oktyabr 2017 08:00 (UTC+04:00)

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. Qeyd edib  ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir. Valyuta ehtiatlarının dinamik artım tempini şərtləndirən səbəblər hansılardır və bu, Azərbaycana hansı üstünlüklər vəd edir? 

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Azərbaycanın valyuta ehtiyatlarında baş verən artım həyata keçirilən mühüm islahatların nəticəsidir: “Valyuta ehtiyatlarımızın dinamik artımı ilk növbədə çox sərt maliyyə siyasətinin yeridilməsilə bağlıdır. Artıq xərclər aradan götürüldü. Ölkədən lazımsız valyuta çıxışının qarşısının alınması üçün mühüm tədbirlər görüldü. Valyuta ilə alınan çoxsaylı məhsulların Azərbaycan daxilində istehsalı üçün müvafiq şərait yaradıldı. 
Eyni zamanda, Azərbaycan daxili bazarının qorunması sahəsində də müəyyən işlər görülüb. Bank sektorunda konsolidasiyanın artması, rəqabətə davam gətirməyən bankların sıradan çıxması üçün müvafiq inzibati tədbirlərin görülməsi də bu sıradan atılan addımlardan biridir. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və onun fəaliyyəti də öz müsbət nəticəsini verməkdədir. Qısa zamanda valyuta ehtiyatlarında 10 faizə qədər artımın baş verməsi böyük rəqəmdir. Bu templə getsə, ilin sonuna 44-45 milyard dollara qədər valyuta ehtiyatına malik ola bilərik. 2015-ci ildə, manatın devalvasiyasından əvvəl Azərbaycanın valyuta ehtiyatı ümumilikdə 50 milyard dollara yaxın idi. Göründüyü kimi həmin nəticəni yenidən bərpa etmək gücündəyik. Bunun özü göstərir ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yeritməklə öz maraqlarını bütün sahələrdə, o cümlədən maliyyə-kredit sahəsində də qoruya bilir”. 
Milli Məclisin deputatı Vahid Əhmədov düşünür ki, valyuta ehtiyatlarımızın artmasına səbəb olan başlıca amil ölkədə Mərkəzi Bank tərəfindən pul kütləsinə ciddi nəzarət mexanizminin həyata keçirilməsilə bağlı oldu: “İkincisi, ölkədən kənara gedən maliyyə vəsaitlərinə nəzarət artırıldı. Digər tərəfdən ölkədə ixrac idxalı üstələdi. Belədə ticarət balansımızda müsbət saldo yaranıb. Ona görə də Azərbaycana gələn valyutanın miqdarında müəyyən artımlar olub. 
Həmçinin neftin qiymətində müəyyən bahalaşmanın olması da valyuta ehtiyatlarımızın artımına rəvac verib. Dövlət büdcəsində bildiyiniz kimi, neftin bir barreli 40 dollardan götürülmüşdü. İndi isə neftin qiyməti orta hesabla 55 dollardır. Bütün bu addımlar Azərbaycana əlavə vəsaitlərin daxil olmasına səbəb olub. Belədə Azərbaycan öz ehtiyatını artırır. Ehtiyatı olan dövlət isə heç zaman basılmaz. Bu fonda valyuta ehtiyatımızın artımından müəyyən beynəlxalq layihələrin həyata keçirilməsi üçün yaralana bilərik. Həmçinin, əhalinin sosial məsələlərinin həlli sahəsində də daha ciddi addımlar atmaq mümkün olacaq”. 
Rüfət NADİROĞLU