LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
5 Mart 2013 08:00 (UTC+04:00)
Zəngin təbiətə malik Azərbaycan regionları bu gün həm də böyük
iqtisadi potensialları və onlardan səmərəli istifadə nəticəsində
sürətli inkişaf yolundadır. Təbii ki, bunu şərtləndirən əsas
səbəblərdən biri məqsədyönlü dövlət siyasəti və regionların
inkişafı məqsədilə həyata keçrilən müvafiq dövlət proqramlarıdır.
Qeyd olunanların real nümunələrindən biri qismində Samux rayonu
çıxış edir.
Xatırladaq ki, Gəncə - Qazax İqtisadi rayonuna daxil olan Samux
rayonu Böyük və Kiçik Qafqaz dağları arasında düzənlik yerdə
yerləşir. Samux rayonu Gürcüstan respublikası ilə həmsərhəddir.
Samux rayonun ərazisində Kür, Qabırrı və Qanıx çayları keçir.
Ötən ilin uğurlu sosial-iqtisadi yekunları isə böyük
nailiyyətlərdən xəbər verir. Belə ki, ötən il "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində geniş abadlıq və
quruculuq işləri həyata keçirilib. Rayonda sosial-iqtisadi
inkişafın bütün sahələrində əsaslı dönüş yaradılıb və nəticədə
yüksək nailiyyətlər əldə olunub. Əldə olunmuş uğurlar statistik
göstəricilərdə də öz əksini tapıb. Belə ki, rayonun inkişafını
xarakterizə edən əsas makroiqtisadi göstərici - ümumi məhsul
buraxılışının həcmi 98,1 milyon manata çatıb. Ötən illə müqayisədə
onun həcmi 17,9 faiz artıb. Ümumi məhsul buraxılışının adambaşına
düşən həcmi 1762 manat olub. Ümumi məhsul buraxılışının 82,6 faizi
qeyri-dövlət sektorunun payına düşür ki, bu da əvvəlki illə
müqayisədə 5,8 faiz çoxdur.
2012-ci ildə rayon iqtisadiyyatında çalışan işçilərin orta aylıq
əmək haqqı 232,9 manat təşkil edib ki, bu da 2011-ci illə
müqayisədə 3,9 faiz çoxdur. Məlum olduğu kimi ötən ildən başlayaraq
sovet vaxtından qalan əmanətlərə kompensasiya verilməsinə başlanıb.
Kompensasiyaların verilməsi Samuxda da yüksək səviyyədə təşkil
olunub və 2012-ci il sonuna kimi rayon üzrə müraciət etmiş 4372
əmanətçiyə vəsait ödənilib. Rayonda sosial-iqtisadi inkişafın bütün
sahələrində əsaslı dönüş yaradılıb və nəticədə yüksək nailiyyətlər
əldə olunub. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci
il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 17 min
əhalisinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən
Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisinə başlanıb
və qısa müddət ərzində başa çatdırılaraq sakinlərin istifadəsinə
verilib.
Həmin yolun keçdiyi yaşayış məntəqələrində geniş abadlıq işləri
aparılıb, yolun kənarlarında park və xiyabanlar salınıb. Ümummilli
lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında
yenidənqurma işlərinə başlanıb. Parkda ümumi sahəsi 1400 kv.m. olan
Heydər Əliyev mərkəzinin, kafenin, oyun zalının və çay evinin
tikintisinə başlanıb, hazırda işlər davam etdirilir. Parkın su
sistemi, elektrik təchizatı sistemi qurulur, meydanın və gəzinti
yollarının kənarına mərmər bordürlər düzülür. Eyni zamanda parkın
sahəsi genişləndirilmiş, giriş hissəsinin yenidən qurulması başa
çatıb, qarşısına dekorativ hasar çəkilişinə başlanıb və hazırda
burada işlər davam etdirilir.
Şəhərin Heydər Əliyev prospektinin yenidənqurması layihəsinə uyğun
olaraq, prospektin sağ tərəfində üç ədəd parkın salınması başa
çatdırılıb. Bu parklarda insanların rahat istirahəti üçün bütün
şərait yaradılıb. Arif Nəbiyev, 28 may, N. Nərimanov, Tofiq
İsmayılov və M.P.Vaqif küçələrində, Kolayır prospektində təmir və
bərpa işləri həyata keçirilib. Kolayır prospektinin və Samux şəhər
- Yenikənd yolunun kənarında 710 metr uzunluğunda dekorativ hasar
quraşdırılıb.
Gəncə şəhərindən rayon ərazisinə giriş hissədə olan rayonun ad
göstəricisi kompleksi yeni layihə üzrə inşa edilib. Tikintisinə
ötən il başlanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələri
üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında tikinti işləri tam
başa çatdırılıb, hazırda binanın təhvil verilməsi ilə bağlı son
tamamlama işləri görülür. Rayon Prokurorluğunun yeni inzibati
binası inşa edilərək, istifadəyə verilib. Rayonun təhsil, səhiyyə
və mədəniyyət sahələrinin inkişafı da daim diqqətdə saxlanılıb. Son
9 ildə rayonda 15 yeni məktəb binası inşa edilib, 14 məktəbdə, 4
uşaq bağçasında əsaslı təmir işləri aparılıb. Bu baxımdan ötən il
daha uğurlu olub. Belə ki, 2012-ci ildə rayonda rekord miqdarda
yeni məktəb binası inşa edilib. Şəhər 2 saylı tam orta məktəbi üçün
360 şagird yerlik, Lək kənd tam orta üçün 220 şagird yerlik, Poylu
və Salahlı kənd məktəbləri üçün isə 180 şagird yerlik, Qiyaslı
məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisi
başa çatdırılıb və istifadəyə verilib. Tikintisinə hesabat ilində
başlanmış 180 şagird yerlik Seyidlər kənd tam orta məktəbində işlər
başa çatıb. Samux şəhər 1 saylı uşaq bağçasının isə əsaslı təmirdən
sonra istifadəyə verilib.
Hesabat ilində rayonda yeni istehsal sahələrinin və iş yerlərinin
açılması istiqamətində də müəyyən işlər görülüb. Rayonun İstixana
kəndi ərazisində 3 hektar ərazidə faraş meyvə-tərəvəz istehsal
edəcək "Aqrikola" MMC İstixana kombinatı fəaliyyətə başlayıb.
Hazırda kombinatda 30 nəfər daimi işlə təmin edilib, müəssisənin
tam fəaliyyətə başlaması ilə rayonun 100-dən çox vətəndaşı daimi
işlə təmin olunacaq. Samux rayonunda kompyuterlə idarə olunacaq
yeni istixananın inşasında son tamamlama işləri görülür. Rayonun
Ziyadlı kəndində tikilən istixanada əsasən tərəvəz məhsulları
istehsal ediləcəkdir. İsrail mütəxəssisləri tərəfindən 2 hektar
sahədə inşa edilən istixanada işləyəcək bir neçə mütəxəssis artıq
bu ölkədə təcrübə də keçib. Müasir texnologiyalar əsasında
aparılacaq becərmə işlərində, eləcə də məhsul istehsalında 50
nəfərdən artıq kənd sakini çalışacaqdır.
Eyni zamanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi tərəfindən "Aqroenerjikompleksi"nin yaradılması
müəyyənləşdirilib. Kompleksdə alternativ enerji istehsalı üzrə
elektrik stansiyasının, istixananın, balıq yetişdirilməsi
hovuzunun, heyvandarlıq kompleksinin tikintisi nəzərdə tutulur.
Ümumi dəyəri 94 milyon manat olan kompleksin fəaliyyətə başlaması
ilə 1000 nəfər rayon sakini daim işlə təmin olunacaqdır.
Həyata keçirilən tədbirlər nəticəsində 2012-ci il ərzində 747 iş
yeri açılmışdır. Onlardan 486 iş yeri daimi, 261 iş yeri
müvəqqətidir. Ümumilikdə 2004-2012-ci illər ərzində rayonda 4467-si
daimi olmaqla 15403 yeni iş yeri yaradılıb. Samux Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin proqram xarakterli nitqlərində qarşıya qoyduğu vəzifələri
yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edərək yeni
nailiyyətələr imza atmağa hazırlaşır. "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın son ilində Proqramda nəzərdə tutulan işlərin tam
yerinə yetirilməsinə nail olunması əsas məqsədlərdəndir.
Artıq cari ildə şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su
sisteminin qurulması, qəza vəziyyətində olan Əhmədbəyli kənd orta
məktəbi üçün 360 şagird yerlik, Qarabağlar orta məktəbi üçün 180
şagird yerlik yeni məktəb binalarının tikintisi, Alabaşlı, Qırmızı
Samux qəsəbə və Zazalı kənd orta məktəblərinin əsaslı təmir
olunması reallaşıb. 2013-cü ildə rayonun qəsəbə və kəndlərində bir
neçə uşaq bağçasının açılması, Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün çoxmənzilli yaşayış binasının, səhiyyə və mədəniyyət
ocaqlarının tikintisi və əsaslı təmiri sahəsində işlər aparılır.
Eyni zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və
kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərdən
biridir.
Rayon turizmin inkişafı üçün də əlverişli mövqeyə malikdir. Belə
ki, Samux rayonunda coğrafi mövqeyinə, iqliminə görə istirahət və
turizm üçün əlverişli yerlər çoxdur. Ərazidən keçən Kür, Qabırrı və
Qanıx çayları sahillərində yerləşən Tuqay meşələri öz flora və
faunasının zənginliyi ilə fərqlənir. Meşələrdə bitən nadir
müalicəvi əhəmiyyəti olan zirniş, yemişan, iydə, at şabalıdı, qara
moruq və s. kimi ağac və kollar istirahət zonalarını daha da
cəlbedici edir. Tuqay meşəsi ərazisində turizm üçün əlverişli
şəkildə istifadə etmək olar. Rayonun ərazisində "İmamzadə" məscid
kompleksi yerləşir. Burada 739-cu ildə İmam Məhəmməd Bağırın oğlu
şahzadə İbrahim,onun oğlu və həyat yoldaşı dəfn olunmuşdur. Hər gün
ölkənin hər yerindən buraya ziyarətə gəlirlər və Aşura günü böyük
insan axını ilə qeydə alınır. Rayonun Əli Bayramlı kəndində
müalicəvi isti su çıxır. Burada müalicə obyekti inşa edilmişdir və
insanlar burada müalicəvi vannalar qəbul edirlər.
Qarşıda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının
daha da genişləndirilməsi, əhalinin ərzaq təminatının və
məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal
müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir ki, bu
istiqamətdə müvafiq işlər aparılır. Bundan başqa ölkə başçısı
tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları
ili" elan edilməsi də qarşıda yeni vəzifələr qoyur. Ümumiyyətlə
2013-cü ildə rayonda daha böyük layihələrin həyata keçirilməsi
gözlənilir.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap
olunub.