Xarici ticarətdə müsbət saldo manatı möhkəmləndirəcək

12 Oktyabr 2017 09:00 (UTC+04:00)

“Cari ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir”. Bunu Prezident İlham Əliyev  Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. O qeyd edib ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. İqtisadçıların sözlərinə görə, xarici ticarətdə yaranan müsbət saldo manatın məzənnəsinə müsbət təsir edəcək. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, xarici ticarətdə müsbət saldonun olması makroiqtisadi sabitliyin qorunub saxlanılmasında vacib amildir: “Xarici ticarətdə müsbət saldonun olması həmçinin ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından önəmlidir. Xarici ticarətdə müsbət saldo o deməkdir ki, ölkəyə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutanın həcmindən çoxdur. 
Onu da nəzərə alaq ki, milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan biri də məhz ticarət balansındakı saldodur. Ancaq manatın məzənnəsinə bu amillə yanaşı, digər faktorlar da təsir edir. Hansı ki, bu məsələdə Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı həyata keçirdiyi siyasət önəmlidir. Eyni zamanda neftin dünya bazarında qiymətindəki dəyişiklər də vacib amildir. Xarici ticarətdə müsbət saldo Mərkəzi Banka manatın məzənnəsini qorumaq üçün xüsusi alətlər verir. Bu imkan verir ki, Mərkəzi Bank manatın məzənnəsini qorumaq üçün ölkəyə daxil olan valyutanın çoxalmasından istifadə etsin. Bütün hallarda hər bir ölkə xarici ticarətdə müsbət saldonun yaranmasında maraqlıdır. O baxımdan mövcud vəziyyət Mərkəzi Bankın rezervlərinin artırılması baxımında vacibdir”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, son iki ildə həyata keçirilən siyasətin əsas məqsədi idxaldan asılılığın azaldılması idi: “Bununla da xaricə valyuta axınının qarşısı alınır. Əslində, indiki rəqəmlər istədiyimiz nəticələri əldə etdiyimizi göstərir. 
Düzdür, xarici ticarətdə müsbət saldonun olması manata müsbət gələcək vəd edə bilir. Ancaq bundan sonrakı proseslərin necə davam edəcəyi maraqlıdır. Odur ki, hələ tam istədiyimiz nəticə əldə olunmayıb. Bunun üçün bir qədər gözləmək lazım gələcək. Dünyada, xüsusən də Avropa və ABŞ-da baş verən proseslər, həmçinin neftin qiyməti vəziyyətin bundan sonra indiki kimi olacağını deməyə əsas vermir”.
Mübariz BAYRAMOV