Vergilər Nazirliyində BVF-nin nümayəndələri ilə görüş keçirilib

5 Mart 2013 16:44 (UTC+04:00)

Mart ayının 4-də Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar, BVF ilə yaradılmış işgüzar əlaqələr barədə qonaqlara məlumat verib. Qeyd olunub ki, Azərbaycanda dayanıqlı, çevik, şəffaf və sabit bir vergi sisteminin qurulması, vergi qanunvericiliyinin və inzibatçılığının daim təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə, vergi daxilolmalarının həcminin nəzərəçarpacaq dərəcədə artmasına zəmin yaradıb.


Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqi Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.


Görüşdə ötən ilin gəlir göstəriciləri və 2013-2014-cü illər üzrə proqnozlar, qeyri-neft sektoru gəlirlərini artırmaq məqsədilə son zamanlar irəli sürülən təşəbbüslər, Milli Məclis tərəfindən təsdiq edilmiş vergi tədbirləri və sənaye parklarında yerləşən şirkətlərin vergidən azad olunması ilə bağlı fikir mübadiləsi də aparılıb.