Qeyri-neft sektorunda "iqtisadi bum" dövrü başlanır

13 Oktyabr 2017 08:00 (UTC+04:00)

Bu ilin ilk 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb və qeyri-neft ixracı 1,07 milyard dollara çatıb. Atılan addımlar  bu rəqəmin sürətlə artacağıın göstərir. Bu mənada demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar 2018-ci ildə qeyri-neft sektorunda "iqtisadi bum" dövrünün olmasına gətirib çıxaracaq.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, doqquz ayının yekunları 2017-ci ilin ölkə iqtisadiyyatında əsaslı dönüş ili kimi tarixə düşəcəyindən xəbər verir: “Biz yenidən iqtisadi inkişaf templərinə görə liderlik etmək iddiasındayıq. Lakin indi bunu neftdən, qazdan asılı olmayan bir iqtisadiyyatın – real sektorun hesabına etməyi hədəfləyirik. 
Doqquz ayda iqtisadi göstəricilərimiz kifayət qədər pozitivdir. İki il öncə start verilmiş sürətli iqtisadi islahatlarla iqtisadiyyatın qeyri-neft sektoruna transformasiya edilməsi işi uğurla aparılır. Hesabat dövründə əldə olunmuş nəticələr bu islahatların nə qədər səmərəli olduğuna tam aydınlıq gətirir. Hesabat dövründə real sektorda ümumilikdə 2,5 faiz, o cümlədən qeyri-neft sənayesində 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz artmım qeydə alınıb, ixrac idxalı 4,4 milyard dollar üstələyib, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq, 42 milyard dollara çatıb. Bunların hər biri olduqca yaxşı göstəricilərdir. Bu rəqəmlər beynəlxalq iqtisadi müstəvidə baş verən tənəzzül nəticəsində müvəqqəti olaraq yaranmış müəyyən çətinliklərdən faciə düzəltməyə cəhd edib, Azərbaycan iqtisadiyyatının bugünkü durumunu qara rəngdə görmək istəyən hər bir kəsə aşkar və tutarlı cavabdır. Qeyri-neft sektorunun sürətli inkişafı artıq bu çətinlikləri arxada qoyub. 
İndi Azərbaycan iqtisadiyyatının real sektorunun hər bir istiqamətində uğurlu nəticələr ortadadır. Bu sektorun aparıcı sahəsi olan aqrar bölmənin sürətli inkişaf göstəriciləri kifayət qədər cəlbericidir. Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ildə bu rəqəm 70 tona çatıb və yaxın bir neçə ildə onun on dəfələrlə artırılması nəzərdə tutulur. Bu il artıq 244 ton yaş barama tədarük edilib.  Ötən il 51 min hektar sahədə, cari ildə isə 136 min hektar sahədə pambıq əkilib. Əgər hektardan orta hesabla 20 sentner pambıq yığılarsa bu, 270 min ton pambıq tədarükü deməkdir. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığıldımışdı”. 
Professor əlavə etdi ki, qeyri-neft sektorunda əldə olunan uğurlu nəticələr bizim ixrac potensialımızı kifayət qədər artırır: “Doqquz ayın yekunlarına həsr olunmuş iclasda cənab Prezident İlham Əliyevin fikirlərinə diqqət edək: “İndi isə mən bu il qeyri-neft ixracımızla bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm ki, Azərbaycan ictimaiyyəti görsün, bizim işimiz necə gözəl nəticə verir. Bu rəqəmlər səkkiz ayı əks etdirir. Doqquz ayın rəqəmləri, yəqin ki, bir qədər sonra məlum olacaq. Yəni, indi səkkiz ayın göstəriciləri Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırılacaq.
Deməli, ixracımız hansı səviyyədə artıb? Tərəvəz istehsalı 68 faiz, o cümlədən pomidor 60 faiz. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz.
Sənaye məhsulları - qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə”.
Real sektorun məhsullarının ixracında əldə olunmuş bu göstəricilər məhz iki il öncə start verilmiş sürətli iqtisadi islahatların məntiqi nəticəsidir. Ölkə başçısının dediyi kimi bu rəqəmlər ən yaxşı göstəricidir. Onlar göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir”.
Fikrət Yusifov sonda onu da qeyd etdi ki, Azərbaycan hökumətinin apardığı iqtisadi islahatlara dünyanın aparıcı beynəlxalq iqtisadi və maliyyə qurumları və reytinq agentlikləri yüksək qiymət verirlər: “Bu yaxınlarda Azərbaycan iqtisadiyyatının dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksələ bilməsi də ölkədə aparılan iqtisadi islahatlara  verilən obyektiv qiymətin nəticəsidir. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub. Onun böyük hissəsi xarici sərmayədir”.
Mübariz BAYRAMOV