Azərbaycan Ermənistanın təcridini dərinləşdirir

14 Oktyabr 2017 09:00 (UTC+04:00)

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub. Görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir. Görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək. Qeyd edək ki, bundan əvvəlki  görüş Bakıda baş tutub.

Siyasilərin fikrincə, bu formatda əməkdaşlığın genişlənməsi, xüsusən də nəqliyyat sahəsində yeni layihələrin istfiadəyə verilməsi ölkəmizə həm iqtisadi, həm də geosiyasi üstünlüklər qazandıracaq. Həmçinin  Ermənistanın bölgədə təcridinin bu fonda daha da dərinləşməsini təbii prosesə çevirir. 
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, Azərbaycan artıq qlobal səviyyədə bir çox tranzit layihələrinin təşəbbüskarı kimi çıxış edir: “Bu gün Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayacaq tək dövlətdir. Rusiyadan başlayan komminikasiya layihələsi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə Hindistana qədər uzanacaq. Bu məsələdə Azərbaycan yeganə birləşdirici rol oyanayan dövlətdir. 
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran dövlətlərinin iştirakı ilə qurulub. İlin sonuna qədər İrana qədər olan hissə tamamilə başa çatacaq. Bu da qlobal layihələnin fəaliyyətə başlaması anlamına gəlir. Azərbaycana iqtisadi cəhətdən böyük üstünlüklər vəd edir. Paralel olaraq, bu gün Azərbaycan böyük dəniz limanları tikir. Azad ticarət zonaları yaratmaqla maliyyə imkanları artırır. Həmçinin Azərbaycan böyük geosiyasi üstünlükər qazanır. Azərbaycan birləşdirici ölkə olduğu üçün həm Qərbin, həm MDB-nin, həm də Rusiyanın vazkeçilməz ölkəsinə çevrilib. Bu, Azərbaycanın qlobal səviyyədə önəmini ortaya qoyur. Onu da unutmaq lazım deyil ki, qlobal layihlər Azərbaycana strateji tərəfdaşlar qazandırır. Bu da gələcəkdə problemlərin həlli üçün Azərbaycana müəyyən geosiyasi üstünlüklər verir. 
Ən nəhayət, məhz Azərbaycanın istəmədiyi üçün Ermənistan bütün qlobal layihələrdən kənarda qalıb və qalacaq. Çünki Azərbaycan bu layihələrdə əsas ölkələrdən biridir. Bunu Ermənistan düşünməlidir. Əgər yaxın zamanda işğal olunmuş torpaqlardan çıxmasa, bütövlükdə Ermənistan dövlətinin perspektivinin üstündən xətt çəkiləcək. Çünki layihələrdən kənarda qalmaq iqtisadi cəhətdən tənəzzülə gətirəcək. Bu da Ermənistanda demoqrafik vəziyyəti gəginləşdirəcək amildir. Belə vəziyyət isə Ermənistanda həm sosial, həm də iqtisadi partlayışlar vəd edir. Ona görə də Azərbaycan, Rusiya və İran rəhbərlərinin görüş önəmli geosiyasi hadisədir. Bu hadisəyə təkcə sözügedən ölkələr çərçivəsində baxmaq doğru olmazdı. Belə bir layihənin həyata keçirilməsi düşmən Ermənistanı zəiflədəcək. Eyni zamanda Ermənistan hakimiyyətinin erməni cəmiyyətində nüfuzunu aşağı salır. Azərbaycanın səsi qlobal layihələrdə çəkiləndə, Ermənistan yalnız işğalçı kimi tanınır”.
Digər siyasi şərhçi Arzu Nağıyev bildirdi ki, bu formatda görüşlərin keçirilməsi hər üç ölkə üçün böyük əhəmiyyət kəsb edir: “Əvvəla, İran-Azərbaycan ikitərəfli münasibətləri yüksək səviyyədə inkişaf edib. Azərbaycan Prezidentinin İrana səfər etməsi İranda yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin Cənub-Şimal, Şərq-Qərb dəhlizlərinin mühüm əhəmiyyəti var. 
Digər problemlərdən biri Xəzər dənizinin statutusu ilə bağlıdır. Bu məsələni də qabartmaq mühüm amillərdən biri olacaq. Bütün bunları nəzərə aldıqda, İran və Azərbaycan bir-biri üçün əhəmiyyətli dövlətlərdir. Eyni zamanda eyni dinə mənsubuq. Rusiyaya gəldikdə də münasibətlər yüksək səviyyədə olduğunu deyə bilərik.  Bu gün İrana və Rusiyaya qarşı sanksiyalar Azərbaycanın vasitəsi ilə müəyyən qədər yumşaldıla bilir. Bundan başqa, tranzit layihələr məhz Azərbaycan ərazisindən keçir. Yəni, iqtisadi, siyasi, hərbi təhlükəsizliyin təmin edilməsində belə formatda görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Arzu Nağıyev əlavə etdi ki, xarici siyasətdə daim dost yox, daimi maraqlar var: “Ermənistanla İran strateji partnyordurlar. O baxımdan Azərbaycanla yaxınlaşmasına görə İran Ermənistanla əlaqələrini kəsməyəcək. Bu sözlər Ermənistan-Rusiya münasibətlərinə də aiddir. Burada da təcriddən söhbət gedə bilməz. Ancaq Azərbaycanın xarici siyasətində Ermənistanın təcrid olunması, Qarabağ probleminin həlli qarşımızda məqsəd kimi durur. Bu baxımdan Dağlıq Qarabağın həlli istiqamətində ola bilsin ki, Ermənistana təzyiq üçün müzakirələr aparılsın. Lakin sona qədər Ermənistanı tam təcrid etmələri inandırıcı görünmür”.
Mübariz BAYRAMOV