“JEK”lərin fəaliyyəti yenə narazılıq yaradır

6 Mart 2013 10:10 (UTC+04:00)

Məlumat verildiy kimi martın 4-də ombudsman Elmira Süleymanova ötən ilin yekunlarına dair illik məruzə ilə çıxış edib. Ötən il ərzində daxil olmuş şikayətlərə müqayisəli şəkildə toxunan ombudsman ümumilikdə 2011-ci ilə nisbətən 2012-ci ildə mülkiyyət hüquqlarına dair edilən müraciətlərin sayının 25,8% artığını bildirib. Elmira Axundova həmçinin ölkədə mənzil-kommunal təsərrüfatı sistemində islahatların aparılmasını, Mənzil-İstismar Sahələrinin (JEK) ləğv edilməsini və bu səlahiyyətlərin bələdiyyələrə verilməsini təklif edib."Ötən il 363 müraciət kommunal xidmətlərlə bağlı olub. Kommunal xidmətlərin aşağı səviyyədə təşkili mövcud problemləri daha da mürəkkəbləşdirir". Mütəxəssislər də irəli sürülən təkliflə birmənlı olaraq razıdırlar. "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirir ki, ümumiyyətlə, bu gün sovet dövründən qalmış müəyyən proseslər, həmin sistem özünü doğrultmur: "Bu gün "JEK"lər köhnəlmiş qurum kimi yaşamaqdadır. Amma bu strukturun saxlanılmasına ehtiyac yoxdur. Büdcədən külli miqdarda bu istiqamətdə ayrılan vəsaitin dəyişdirilərək bələdiyyələrə verilməsi daha məqsədəuyğun olardı. Bununla bağlı qanunvericilikdə edilmiş dəyişiklikdən belə qənaətə gəlmək olur ki, bu gün "JEK"lərin fəaliyyətində hansısa dönüş olmayacaq. Dönüş olması üçün birinci növbədə, bu sahənin paralel struktur kimi ləğv edilməsi və ya müəyyən səlahiyyət çərçivəsində yerli orqan kimi bələdiyyələrə verilməsi daha məqsədəuyğun olardı. Çünki, hazırda bu səhanin qalması heç bir məna kəsb etmir. Onlar yalnız arayış verir və müəyyən kommunal xərclər yığırlar. Amma "JEK"lərin faktiki olaraq əhalinin qarşılaşdığı hansısa problemin həllində gücləri azdır. Əgər onların səlahiyyətlərinin müəyyən bir hissəsi bələdiyyələrə verilərsə, büdcədəki israfçılığın qarşısı alınar, həm də əhalinin qarşılaşdığı problemlərin həllində yardımçı ola bilərlər".

Ekspert bildirdi ki, bələdiyyə sisteminin əsas məramı yerli əhəmiyyətli məsələləri sərbəst şəkildə həll etməkdən ibarətdir: "Kommunal xidmətlərin göstərilməsi, əhalinin qarşılaşdığı məsələlərin bələdiyyələrə verilməsi həm bələdiyyələrin çəkisini artırmış olur, həm də onlara əlavə büdcə vəsaitlərin daxil olmasına səbəb olar. Belə olanda işin altenativliyi sürətlənər, həm də vətəndaş 50 yerə getməz. Həmçinin heç xaricdə də "JEK" deyilən sistem yoxdur".

İqtisadi Tədqiqtlar Mərkəzinin üzvü, iqtisadçı ekspert Rəcəb İmanov bildirir ki, bu, ayrı – ayrı dövrlərdə müxtəlif təşkilatların qaldırdığı məsələdir: "Bəli, "JEK"lərin fəaliyyəti bələdiyyələrə verilməlidir. Hazırki məqamda "JEK"lərin gördüyü xidmətlərlə bələdiyyətlərin fəaliyyətini müqayisə edəndə məlum olur ki, JEK"lərin xidmətində faydalı iş əmsalı aşağıdır. Buna istər beynəlxalq səviyyədə, istərsə də yerli səviyyəyə uyğunlaşdırdığımız məsələlər tipindən baxsaq, onda belə bir nəticə ortaya çıxır ki, bələdiyyələr bu işi gördükdə daha faydalı iş əmsalı əldə etmək mümkündür. Bu, ondan ibarətdir ki, burada bələdiyyələrin kadr imkanları daha keyfiyyətli görməyə şərait verir. Həm də yerlərdə əhalinin gözləntiləri onsuz da əsasən bələdiyyələrdən olur. İndiki dövrdə "JEK"lərin belə qalması sadəcə, ikitirəlik yaradır. Yəni, əhalinin xidmət məsələsi ortaya çıxdığı halda onlar vətəndaşı bir - birilərinin üzərinə göndərir. Ona görə də bu xidmət birmənalı şəkildə bələdiyyələrə verilməlidir".

Ekspert bildirir ki, düzdür, kommunal xidmətlərin bəzilərinin qiymətinin aşağı olması bəlkə də bələdiyyələrin həmin işi daha keyfiyyətli görməsinə müəyyən qədər təsir edə bilər: "Amma bütün hallarda bəzi bələdiyyələr bu işlərin bir çox hissəsini qeyri – rəsmi şəkildə olsa da görürlər. Amma bələdiyyələrin tam səlahiyyətinə keçəcəyi təqdirdə onlar həm kommunal xidmətdən gələn gəlirləri əldə edəcəklər, həm də onun müqabilində ikitirəlik məsələsi aradan qaldrılacaq".