Cocuq Mərcanlıya yeni həyat veriləcək

16 Oktyabr 2017 14:16 (UTC+04:00)

Cocuq Mərcanlıda torpaqlar cana gələcək. Movqe.az-ın məlumatına görə, artıq Prezident İlham Əliyevin sentyabrın 13-də imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” sərəncamının icrasına başlanılıb. Bu barədə Movqe.az-a Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti layihə-smeta şöbəsinin müdiri Rəfail Məmmədov məlumat verib. R. Məmmədov bildirib ki, bu sərəncamın icrası nəticəsində Cocuq Mərcanlıda 650 hektar susuz sahəni suvarmaq mümkün olacaq: “Cocuq Mərcanlının abadlaşdırılması ilə yanaşı, öz doğma yurdlarına qayıdan əhalinin məşğulluğunun təmini istiqamətində də işlər davam etdirilir. Cənab prezidentin 3232 nömrəli sərəncamı  ilə Cocuq Mərcanlı  kəndində əkin sahələrinin suvarılma suları ilə təmin edilməsi tədbirləri üzrə tikinti və layihə işləri üçün müvafiq vəsait ayrılmışdır. Həmin vəsait hesabına artıq “Azdövsutəslayihə” institutu ilə müqavilə imzalayaraq layihə tərtib olunur. Həmin layihəyə baxılması üçün  dövlət ekspertizasına təqdim olunmalıdır. Buna baxmayaraq artıq həmin layihənin icrası üçün satınalma qanunlarına uyğun olaraq tikinti təşkilatı ilə müqavilə bağlanıb. Tikinti işləri ilkin mərhələdədir. Hazırda nasosstansiyanın bünövrəsi qoyulub, betonlama işləri aparılıb. Nasos stansiyanın ətrafının abadlaşdırılması, təsərrüfat binalarının tikintisinə başlanılıbdır. Layihə artıq ekspertizaya təqdim edilibdir. Bu layihənin icrası 650 hektar ərzini suvarmağa imkan verəcək. Bu əkin sahəsinin 450 hektarı Cocuq Mərcanlıya, 200 hektarı isə həmin əraziyə bitişik Mirzənağılı kəndinə aiddir. Beləliklə layihənin icrası başa çatdıqda 650 hektar əkin sahəsinin suvarılması reallaşacaq”.
R. Məmmədov bildirib ki, Cocuq Mərcanlıda 650 hektar əkin sahəsinin suvarılması üçün çəkilən suvarma xəttinin mənbəyi Araz çayıdır: “Suvarma mənbəyi Araz çayından gələn suvarma kanalıdır. Paylayıcı nəqledici kanal vasitəsilə su nasos stasiyaya basqılı boru vasitəsilə ötürüləcək. Nəqledici kanalın uzunluğu 2, 3 km-dir. Hazırda nasostansiya tikilir, oradan da təyziqli boru vasitəsilə su  sahəyə ötürüləcək. İşlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur”. 
Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün dövlət başçısının sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.
Cocuq Mərcanlı kəndində əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməsi və sakinlərin məşğulluqlarının təmin olunması məqsədilə imzalanan son sərəncamla nəzərdə tutulan tədbirlər isə kəndin inkişafının gələcək istiqamətlərinə yönələn mühüm addımlardan biridir. Belə ki, burada əsas məqsəd uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasından, əkin və biçin sahələrinin məhsuldarlığının artırılmasından, kənd təsərrüfatının önəmli sahələrindən olan heyvandarlığın inkişaf etdirilməsi, kənddə yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının yaxşılaşdırılmasından ibarətdir. Məhz bu baxımından suvarma sisteminin normal fəaliyyətinin, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinin olduqca mühüm əhəmiyyəti vardır. Bu işlər yekunlaşandan sonra kənd sakinlərinin əkin-biçinlə məşğul olması, bol məhsul və gəlir əldə etməsi, məşğulluqlarının və dolanışıqlarının təmin olunması məsələsi də öz həllini tapacaqdır”.

Zülfiyyə QULUYEVA