Valideynlərin uşaq polikilinikalarındakı şəraitsizliklə bağlı narazılıqlarına son qoyulacaq
6 Mart 2013 13:14 (UTC+04:00)
Bu gün Milli Məclis "Uşaqların icbari dispanserizasiyası haqqında"
qanun layihəsini qəbul etdi. Qanun layihəsinin müzakirəsi
zamanı bəzi mübahisəli məqamlar olsa da, sonda uşaqların müayinəsi
ilə yanaşı müalicəsinin aparılması xərclərinin də dövlət tərəfindən
qarşılanması qərara gəlindi. Qeyd edək ki, bu qanunun qəbulu
ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı bəzi suallara
da yol açır. Valideynlər bildirirlər ki, sözügedən qanunun qəbulu
ölkə prezidentinin uşaqların sağlamlığına göstərdiyi
qayğısının nümunəsidir. Amma valideynlər uşaq
polikilinikalarında bütün müayinələrin aparılması üçün zəruri tibbi
avadanlıqların olmamasından, bəzən dar ixtisaslaşmış həkim
qıtlığının olmasından narahatçılıq keçirirlər. Bəs görəsən
qanunun işləməsi üçün, yəni "Uşaqların icbari
dispanserizasiyası haqqında" qanunun sözün əsl mənasında uşaqların
sağlamlığına töhvə verməsi üçün maneə kimi görünən bu problemlər öz
həllini hansı şəkildə tapacaq?
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev
deyir ki, valideynlərin narahatçılığına əsas yoxdur. Çünki qanunun
qəbulu zamanı bu amillər nəzərə alınıb: "Uşaq polikilinikalarında
uşaqların icbari dispanserizasiyasının aparılması üçün lazımi
şəraitin yaradılması üçün bütün xərclər qarşılanacaq. Bu qanunun
müzakirəsi zamanı da belə bir fikirlər səsləndi ki, uşaqların
müalicəsi dispanserizasiyaya salınmasın. Amma biz bu təkliflərlə
təbii ki, razılaşmadıq. Çünki, haqqında danışdığımız qanunun qəbulu
ölkə prezidentinin tövsiyyəsi idi. Prezidentimiz bu qanunun
qəbulunu ona görə vacib hesab edib ki, bütün uşaqların sağlamlığı
qorunsun, uşaqlarda olan xəstəliklər erkən vaxtdan müəyyənləşərək
vaxtında müalicəsi aparılsın. Əgər biz dispanserizasiyaya təkcə
uşaqların müayinəsini salsaydıq bunun elədə səmərəsi olmayacaqdı.
Tutaq ki, icbari dispanserizasiya zamanı uşaqda hansısa xəstəlik
aşkarlandı. Valideyn məcburdur ki, belə halda onun müalicəsini öz
hesabına aparsın. Bu zaman imkanı çatan valideyn bunu edəcəkdi,
maddi sıxıntısı olanlar yox. Amma müalicənin də icbari
dispanserizasiyaya salınması uşaqların sağlamlığının dövlət
tərəfindən qorunmasını özündə ehtiva etdi".
M. Quliyev deyir ki, düzdür, bu qanunun işləməsi çox xərc aparacaq.
Amma millət vəkili Maliyyə nazirliyi tərəfindən qanunun işləməsi
üçün heç bir sıxıntı olmayacağı ilə bağlı razılıq verildiyini
söylədi: " "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun
büdcə tutumlu bir qanundur. Maliyyə nazirliyi Səhiyyə nazirliyi ilə
birgə bu qanunun işləməsi üçün lazım olacaq vəsaiti hesablayıb
müəyyənləşdirəcəklər. Amma Maliyyə nazirliyi də bəyan etdi ki, bu
qanun ölkə prezidentinin tövsiyyəsi ilə qəbul ediliyindən,
prezidentin tapşırığı ilə uşaqlardan pul əsirgənilməyəcək. Təbii
ki, biz də buna görə ölkə başçımıza təşəkkür edirik. O ki, qaldı
qanunun işləməsi üçün uşaq polikilinikalarında şəraitin
yaradılmasına, yəqin ki, hesablamalar aparılarkən bütün bunlar
nəzərə alınacaq. Uşaq polikilinikalarında bütün analizlərin
aparılması, diaqnozların qoyulması üçün lazimi tibbi avadanlıqlar
alınacaq, lazımi kadr potensialı ilə təmin olunacaq".
Ölkənin baş pediatrı Nəsib Quliyev də bu qanunun qəbulunun
valideynlərlə yanaşı pediatrları da sevindirdiyini söylədi:
"Uşaqların icbari dispanserizasiyası onların sağlamlığının
qorunması baxımından çox vacibdir. Ümumiyyətlə erkən
aşkarlanan bütün xəstəliklərin vaxtında müayinəsi müsbət nəticə
verir. Bu qanun uşaqlar arasında ölüm həddini də azaldacaq.
Dispanserizasiya imkan verəcək ki, hər bir uşaqda müşahidə olunan
xəstəlik üzə çıxarılsın və vaxtında müalicəsinə başlanılsın".
Uşaq polikilinikalarının tibbi personalı da qanunun qəbulunun
uşaqların sağlamlığı baxımından müsbət nəticə verəcəyi fikrindədir.
11 saylı Uşaq polikilinikasının şöbə müdiri Nailə İsmayılova
deyir ki, sözügedən qanunun qəbulu uşaqların yaşına uyğun
olaraq, icbari qaydada dispanser müayinədən keçirilməsini təmin
edəcək: "Elə valideynlər var ki, uşağını vaxtlı-vaxtında tibbi
müayinələrdən keçirmir. Bu isə uşaqlarda yaranan xəstəliklərin
erkən dövrdə aşkarlanmamasına gətirib çıxardır. Amma yeni qanun
səhiyyə işçiləri ilə yanaşı, valideynlərin də məsuliyyətini
artıracaq. Mən əminəm ki, bu qanun uşaqların sağlamlığının
qorunmasına böyük töhvə verəcək. Bu qanunun ölkə
prezidentinin tövsiyyəsi ilə qəbulu bir daha göstərdi ki, "Uşaqlar
bizim gələcəyimizdir" sözləri əbəs yerə işlənilməyib, dövlət öz
gələcəyinin sağlamlığına qayğı göstərir".
Qeyd edək ki, bu qanun icbari dispanserizasiyadan keçmiş
uşaqların registrinin aparılması qaydalarını da müəyyənləşdirib.
İcbari dispanserizasiyadan keçmiş uşaqların registrində
uşağın şəxsiyyəti, dispanserizasiyanın nəticələri və sağlamlıq
vəziyyəti barədə qısa məlumat, aldığı tibbi yardımlar haqqında
göstərişlər qeyd olunur, hər bir uşaq üçün xüsusi kart doldurulur
və bu kart ümumi məlumat bankına daxil edilir.
Uşaqların icbari dispanserizasiyası tədbirləri
aşağıdakılardır:
11.1.1. uşaqların hər il tibbi baxışdan keçirilməsi (laborator,
instrumental və skrininq müayinələr də daxil olmaqla);
11.1.2. müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı
olanların müayinəsinin davam etdirilməsi;
11.1.3. uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və fərdi
qaydada qiymətləndirilməsi;
11.1.4. sağlam, xəstə və xəstələnmə riski olan uşaqların
bir-birindən ayrı müşahidə edilməsi;
11.1.5. xəstə və xəstələnmə riski olan uşaqlar arasında
müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi;
11.1.6. tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və
həyata keçirilməsi, habelə uşaqların sağlamlıq vəziyyətinin dinamik
müşahidəsi;
11.1.7. xəstəliklərin nozoloji formasından asılı olaraq uşaqların
dispanser nəzarətinə götürülməsi.