Bakı və Minsk yenə İrəvanı qapı arxasında qoydu

18 Oktyabr 2017 07:00 (UTC+04:00)

Məlumdur ki, Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 13-də Minskdə rəsmi səfərdə olub. Səfər çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüş keçirib. Görüş zamanı Aleksandr Lukaşenko Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişaf etdirildiyini bildirib: “Biz bunu heç kimdən gizlətmirik. Can atacağıq ki, sizin müdafiəniz daha da etibarlı olsun. Burada bizim bu və ya digər dövlətin qarşısında özümüzə haqq qazandırmağa da ehtiyacımız yoxdur”. 

Beləliklə, göründüyü kimi, Ermənistanın narazılığına, hətta  Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında yer aldıqlarına baxmayaraq, Belarus Azərbaycana yeni silahlar satmağa hazır olduğunu bildirir. Ekspertlərin sözlərinə görə, Belarusun bu cür mövqe sərgiləməsi Ermənistana növbəti zərbədir. Düşmən ölkə ilə yanaşı, bununla həm də  Rusiyaya mesaj verilir. 
Ehtiyatda olan mayor Ədalət Verdiyev bildirdi ki, söhbət ilk növbədə “Polonez” reaktiv yaylım atəşi sistemindən gedir: “İndiki vəziyyətdə “Polonez” reaktiv yaylım atəşi sisteminin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Çünki Rusiya “İsgəndər” raketlərini Ermənistana pulsuz verdi. Həmçinin 440 milyon dollarlıq hərbi büdcəsi olan Ermənistana bir ilin içərisində 300 milyon dollar kredit verib. Bu pulun da geri qayıtmaq şansı çox aşağıdır. Bütün bunların səbəbi Azərbaycanı müharibədən çəkindirməkdir. 
Rusiya Ermənistanı gücləndirir ki, Azərbaycan genişmiqyaslı döyüşlərə başlamağa risk etməsin. Bununla da Rusiya Ermənistanın hərbi müttəfiqi olduğunu sübut etmək istəyir”.
Ekspert əlavə etdi ki, bəzən “Polonez”in “İsgəndər” raketlərini vurması haqqında fikirlər səsləndirirlir: “Ancaq bu sınanılmayıb. Bu silahları kimsə atmalıdır və kimsə vurmalıdır ki, nəticələri bilək. Amma o da məlumdur ki, Rusiya, digər istənilən dövlət öz silahını geniş reklam etdirir. Bu ilin aprel ayında ABŞ Suriyaya 59 ədəd "Tomehavk" qanadlı raket atdı. Rusiyanın isə Suriyada “S-400” raketləri dururdu. Amma “Tomehavk”ı vurmadı. Rusiya açıqlama verdi ki, biz raketləri görmədik. Ondan əvvəl isə açıqlama vermişdilər ki, 200-ə yaxın hədəfi vura bilirik. Bəs, niyə vurmadınız?! Onu da nəzərə alaq ki, "Tomehavk" qanadlı raketlər 30 ilin istehsalıdırsa, “S-400” raketləri 2010-cu ildə buraxılıb”.
Müsahimizin qeyd etdi ki, “Polonez”in açıqlaması polyak rəqsidir: “Azərbaycanın pulu var. Pulu kim ödəyirsə, musiqini də o sifariş edir. “Polonez”in 200 kilometr məsafədəki hədəfi vurması çox önəmlidir. Yəni, “İsgəndər” raketlərinin olduğu yeri vurmaq üçün nəzərdə tutulub. Amma “İsgəndər” raketlərini havada tutmaq və vurmaq məsələsi hələ dəqiq deyil. İstehsalçısı deyir ki, heç kəs “İsgəndər” raketlərini görə bilməz. Ancaq ona kimin baxması məsələsi var”. 
Ədalət Verdiyev bildirdi ki, Ermənistana Qazaxıstan, Belarus zaman-zaman öz mesajlarını veriblər: “Belarus Ermənistanla bir təşkilatda yer almasına baxmayaraq, Azərbaycanla əməkdaşlığa üstünlük verir. İkincisi də Ermənistandan Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatındakı dövlətlərinə heç bir xeyir gələ bilməz. Ya borc pul, ya da borc silah istəyəcək. İqtisadiyyatı yox, gələcəyi də sual altındadır. Rusiyanın da qorxuduğu məhz budur. Rusiya Ermənistanda çıxarsa, bir də Moskvada dayanacaq. Qafqaz əlindən gedər”.
Politoloq Qabil Hüseynli hesab edir ki, bu, həm Ermənistana, həm də Rusiyaya mesajdır: “Elə Soçi görüşündə Belarus prezidenti Serj Sarkisyanı zarafayana sözlərlə ələ salaraq ortanı şənləndirmişdi. İndi isə Oqtay Əsədovun ora səfəri zamanı hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanın “Polonez” reaktiv yaylım atəşi sisteminin alınması gündəmdədir. Bu raketlər texniki göstəricilərinə görə heç də “İsgəndər-M” raketlərindən geri qalmır. Ən azından “İsgəndər-M” kimi təhlükəli silahların zərərsizləşdirilməsi məsələsində bu silahın effektiv ola biləcəyi haqqında məlumatlar var. 
Bundan başqa, Belarus hərbi sənaye komplekdi T-90 tanklarının son modelini istehsal etməyə başlayıb. Ancaq Azərbaycan hələ Belarusdan zirehli maşınlar almağa üstünlük verir. Gələcəkdə zirehli maşınların birgə istehsalı istiqamətində niyyətlər var. Güman ki, bu niyyətlər reallaşdırılacaq”. 
Mübariz BAYRAMOV