Aşağı faizlə pul təklif edən lombardlarla bağlı xəbərdarlıq-Diqqətli olun ki...

20 Oktyabr 2017 14:07 (UTC+04:00)

Lombardların aşağı faizlə pul təklif etməsi hallarına son vaxtlar çox tez-tez rast gəlinir. Bir il öncə 10 faizlə vətəndaşlara pul verən lombardlar hazırda 5-3, hətta iki faizlə belə girov müqabilində pul təklif edirlər. Lombardların faiz dərəcəsini aşağı salması onlara müraciət edənlərin də sayını artırıb. Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən lombardlardan birinin əməkdaşı Ruhiyyə Cəbiyeva deyir ki, lombardların faiz dərəcələrini aşağı salması vaxtıilə banka üz tutan vətəndaşların da lombardlara müraciət etməsinə səbəb olub: “Lombardlarda indiyə qədər vətəndaşa sərf etməyən məqam faizin yüksək olması idi. İndi biz müştərilərimizə sərfəli şərtlə manatla pul təklif edirik. Banklar isə bu gün lombard kreditini yalnız xarici valyuta ilə təklif edirlər. Ona görə də müştərilər bizə üz tuturlar”.
Lombardların faiz dərəcəsini aşağı salması müştəri məmnuniyyətinə səbəb olsa da, bu yolla müştəriləri şirnikləndirib aldadanlar da az deyil. Həmsöhbətimiz Təranə Nəcəf də faiz dərəcəsini aşağı salan lombardlardan birinin qurbanıdır. Onun sözlərinə görə, 2 faizlə pul təklif edən lombardlardan birinə girov qoysa da, bu günədək həmin lombardı tapa bilmir: “Mən girov qoyub pul götürəndə lombard Gənclik metrostasiyasının yanında, yaşayış binasının zirzəmisində fəaliyyət göstərirdi. Bir ayın tamamında faizi götürdüyüm pulla birgə qaytarıb girovu geri götürmək üçün mənə verdikləri sənədin üzərindəki nömrəyə zəng etdim. Çünki, özləri demişdilər ki, girovu çıxartmazdan bir gün öncə zəng edin ki, girovunuzu gətirək. Dediklərinə görə, girovlar etibarlı qorunsun deyə başqa ünvanda saxlayırdılar. Mənə verilən kağızın üzərindəki nömrə ilə əlaqə saxladıqda başqa bir xanım dəstəyi götürüb artıq bu zirzəminin reklam şirkətinə icarəyə verildiyini söylədi. Başıalovlu girov qoyduğum ünvana gedəndə özümdən başqa üç-dörd adamın da lombardın yerləşdiyi ünvana toplaşdığını gördüm. Orda anladım ki, aldanan, lombardın aşağı faizlə pul təklifinə şirniklənib onların toruna düşən təkcə mən deyiləm”.

İqtisadçı Samir Əliyev Movqe.az-a açıqlamasında deyib ki, lombardlara  tələbatın artması banklarda kredit şərtlərinin ağırlaşması ilə bağldır. Banklardan kredit götürmək həm də uzun prosedur olduğu üçün əliyandımda pul axtaranlar daha çox lombardlara üz tuturlar. Lombardların isə fəaliyyətinin tənzimlənməsinə çox böyük ehtiyac var. Bu gün lombardların fəaliyyəti ilə bağlı onlarla nöqsan saymaq olar. Bura girovun qiymətləndirilməsinin düzgün aparılmaması, girovun zədələnməsi və sair kimi problemlər daxildir. Bütün bu problemlər ondan irəli gəlir ki, Azərbaycanda lombardların fəaliyyətini tənzimləyən qanunvericilik aktı yoxdur. Rusiyada və Qazaxıstanda lombardların fəaliyyəti ilə bağlı ayrıca qanun qəbul edilib. Həmin qanunda lombardlara münasibətdə  qaydalar öz əksini tapıb. Bizdə isə istənilən şəxs MMC şəklində lombard açaraq fəaliyyət göstərə bilər. Lombard fəaliyyəti ilə bağlı ayrıca qaydalar, standartlar olmalıdır. Lombarların  girovu saxlanc yeri standartlarda öz əksini tapmalıdır. Bank fəaliyyətindən fərqli olaraq lombard fəaliyyəti üçün lisenziya tələb edilmir. Buna görə də insanları aldatmaq məqsədilə lombard açanların sayı günü-gündən artır. Bu cür halların olması lombardlara nəzarətin, onların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbulunu vacib edir”. 
S. Əliyev bildirib ki, faizin aşağı salınması normal olsa da, bunun aldatmaq, şirnikləndirmək məqsədilə edilməsi yolverilməzdir”.  

Bank məsələləri üzrə hüquqşanas Əkrəm Həsənov da bildirir ki, lombardların fəaliyyətinin qanunla tənzimlənməsinə ehtiyac böyükdür: “Ona görə də, vətəndaşlar çalışmalıdırlar ki, uzun müddət fəaliyyəti olan lombardlara müraciət etsinlər. Vətəndaşlar bir-iki ay, yəni yenicə fəaliyyətə başlayan lombardlara girov qomaqdan çəkinsələr yaxşıdır. Ən azı bir il fəaliyyət göstərən lombardlara üz tutsalar daha məsləhətlidir”.
Ə. Həsənov deyir ki, lombardların fəaliyyətindəki daha bir noqsan, lombardın pulu vətəndaşa nağd şəkildə verməsi ilə bağlıdır. Qanunvericiliyə görə lombard pulu vətəndaşa nağd şəkildə verə bilməz. Pul vətəndaşın bank hesabına köçürülməlidir. Nağdsız hesablaşmalar haqqında qanuna görə, bu ilin yanvar ayından etibarən pulun nağd şəkildə vətəndaşa verilməsi qanun pozuntusu hesab edilir. Lombardın vətəndaşa pulu nağd şəkildə verməsi onun uzunömürlü fəaliyyət göstərməyəcəyindən də xəbər verir”.
Hüquqşunasın sözlərinə görə, istənilən şəxsin VÖEN alaraq çox qısa müddətdə   
MMC təsis etməsi bu gün asanlaşıb: “ Lombardları qeydiyyatdan keçirmək də çox sadə prosedurdur. Ona görə də indi lombard açmaq su içmək qədər asandır. Lombardların fəaliyyətinə nəzarət buna görə də çox vacibdir”. 
Ə. Həsənov vətəndaşları aldadıb girovunu aparan lombard sahiblərindən girovu almağın da çətin proses olduğunu söyləyir. Onun sözlərinə görə, vətəndaşın lombardın onun girovunu mənimsədiyini sübuta yetirməsi praktiki baxımdan mümkün deyil: “Vətəndaş lombardın ünvanının dəyişdiyini, aldadıldığını anlayanda artıq gec olur. O hüquq mühafizə orqanlarına müraciət edənə, məhkəmə prosesi keçirilənədək lombard sahibinin əlinə vətəndaşın faizin ödənilməsi müddətinin keçdiyini əsas gətirmək fürsəti düşür. Vətəndaş lombardın həmin ünvandan bir ay bundan əvvəl çıxdığını, faizi ödəmək üçün göstərilən tarixdə o ünvana getdiyini, lakin lombardın həmin yerdə fəaliyyət göstərmədiyini sübut etməsi mümkün deyil. Ona görə də, lombardlar faizin müddətinin bitdiyini əsas gətirərək girovun satışa çıxarıldığını söyləyirlər. Baxmayaraq ki, qanunla girov məhkəmə keçirilmədən satıla bilməz, lombardlar bunun da bir yolunu taplb vətəndaşı haqsız çıxardırlar”.
Ə. Həsənovun sözlərinə görə, lombardlar vətəndaşları digər üsullarla da aldadırlar. “Bəzən  vətəndaş lombarda qoyduğu girovu qoyduğu kimi geri ala bilmir. Girov zədələnir, yaxud yerinə başqa qızıl qoyulur. Girovu lazımi şəkildə müqavilədə yerləşdirmirlər. Ümumi olaraq girovun kütləsini qeyd edirlər. Halbuki girovun şəklini çəkib hansı formada zinnət əşyasının girov qoyulduğunu sübut edən foto olmalıdır. Girovu götürüb vətəndaşın iştirakı ilə möhürdə vurulmur. Ona görə də lombarda hansı qızıl əşyasının, hansı formada olduğunu sübut etmək mümkün olmur”.
 
Zülfiyyə QULUYEVA