Masallının ilk əməkdar müəllimi-Nəzirməmməd Məmmədəliyev

23 Oktyabr 2017 12:36 (UTC+04:00)

Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayon ağsaqqallar şurasının təşəbbüsü ilə ötən əsrin tanınmış maarif fədaisi Nəzirməmməd Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildi. Tədbirdə N.Məmmədəliyevə həsr olunmuş “Masallının ilk əməkdar müəllimi” kitabının təqdimat mərasimi oldu.

Rayon ağsaqqallar şurasının sədri, III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Ələşrəf Niftiyev Nəzirməmməd Bəşir oğlu Məmmədəliyevin həyatı, pedaqoji fəaliyyəti barədə məlumat verdi. Yazıçı-publisist bildirdi ki, N.Məmmədəliyev Masallı rayonunun Səmidxan kəndində anadan olub. O, 93 il yaşayıb. 1921-ci ildən pedaqoji fəaliyyətə başlayıb. İsmayıl Əzimovla birgə Lənkəran qəza məktəbini bitirib kəndə qayıdıb. Onların şəxsi səyləri ilə “Lənkəran qəzası, Ərkivan nahiyəsinin Şərəfə kən birinci beşsinifli məktəbi” yaradılıb. Şərəfəli Həsən Kərimov, Mikayıl Əzimov, hacıtəpəli Zəbi Quliyev, tatyanlı Məmməd Kazımov və başqaları bu məktəbin ilk məzunları olub. Xalq isə onları Mirzə İsmayıl, Mirzə Nəzir deyə çağırmağa başlayıb. Kəndlərdə savadsızlığın ləğv edilməsində, pedaqoji kadrların yetişməsində böyük rolu olub. Alvadı, Səmidxan, Öncəqala, Çaxırlı və digər kənd məktəblərinin təşkilində yaxından iştirak edib. Rayonda fəal ictimaiyyətçi kimi tanınıb. 1925-ci ildən Sov.İKP-nin üzvü olan N.Məmmədəliyev yarım əsrdən artıq müəllimlik edib, 30 il məktəb direktoru işləyib. 20 ildən artıq müxtəlif kolxozlarda sədr və ilk partiya təşkilatı katibi kimi çalışsa da axşamlar məktəbdə müəllimlik edib. Azərbaycanın Əməkdar müəllimi (Masallıda ilk dəfə) fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni, “Zərbəçi”, “Maarif əlaçısı” fəxri adları, bir neçə medal və mükafatlarla təltif olunub. 13 il dini təhsil alıb. Güclü yaddaş sahibi olub, rus, türk, ərəb, fars və başqa dilləri bilib, eləcə də “Qurani-Kərim”i tərcümə edib, təfsirini verərmiş.
Zamanın çətin sınaqlarından alnı açıq, üz ağ çıxıb. Ömür-gün yoldaşı Surəbəyim ana (1908-1996) ilə 4 oğul, 6 qız böyüdüblər. Məmməd (1925-1996, ”Maarif əlaçısı” fəxri adını qazanıb), Kübra, Nazilə, Maral ata yolunu davam etdirib. Nərgiz (1927-2017) evdar qadın olub, Sədi (1932-1989) həkim, Vaqif (1950-2015) turizm sahəsində işləyib. Şükufə (1936-2002), Tamara Masallıda əmək fəaliyyətini davam etdirib. Vidadi daxili işlər orqanlarında çalışıb.
Qeyd edək ki, rayon ərazisindəki bir neçə gül-çiçək parkı, o cümlədən kəndlərdəki “Nəzir bağı”, “Veteran bağı”, “Müəllim bağı”,”Nəzirməmməd bağı” təbiətə vurğun bu insanın zəhməti sayəsində boy atıb.
Kitabın müəllifi, “Mübariz qadın” qəzetinin redaktoru Sevinc Əliyeva çıxışında bildirdi ki, əsərdə Nəzirməmməd Məmmədəliyevin müəllim ömrünü təfərrüatı ilə canlandırmağa, bu şəxsiyyəti yeni nəslə tanıtmağa çalışmışam.
Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov qeyd etdi ki, N.Məmmədəliyevlə rayonumuzun pedaqoji ictimaiyyəti haqlı olaraq fəxr edir ki, onun yetirmələri içərisində yüzlərlə alim, minlərlə müəllim, həkim və digər peşə sahibləri var.
Yazıçı-publisist Nurəddin Ədiloğlu Mirzə Nəzir kimi pedaqoqların timsalında müəllimi günəşə, könüllərin bağbanına, qəlb memarına bənzətdi.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva dedi ki, Nəzirməmməd müəllim atam Rəhim Tağıyevlə dost olub, birlikdə savadsızlığa qarşı mübarizə apardıqlarına görə 1932-1936-cı illərdə onlara “Kult əsgər” fəxri fərmanı verilib. Səmidxan və Şərəfə kənd tam orta məktəblərinin direktorları Fikrət Həsənov, Gülcan Kərimova, müəllimlər Xankişi Xankişiyev, Nailə Məmmədova, veteran pedaqoq Əşrəf Mövsümov, Qafur Abıyev, qohumlardan Həsən Abdullayev, Natiq Kərimov, Şərqiyyə Bəşirova, İmanqulu Məmmədov, Solmaz Rəsulova, Əkbər Şahmarov, Paşa Bəşirov, şagirdləri Rahib Abıyev, Eminağa Hüseynov, Cavanşir Ağayev və başqaları N.Məmmədəliyevin rayonun təhsil tarixindəki xidmətindən, mənalı ömür yaşamından danışıb, xoş xatirələri dilə gətirdilər, sakit təbiətli, mülaim yerişli, rəvan danışıqlı, zaraftcıl Mirzə Nəziri ehtiramla yad etdilər.
Göstərildi ki, el ağsaqqalı N.Məmmədəliyev Azərbaycanda tanınan əsl ziyalı ailəsi yetişdirib. 50 nəvəsi, 125 nəticəsi, 74 kötücəsi, 1 iyicəsi var. Əksəriyyəti ali təhsillidir. 30 nəfəri xaricdə yaşayır və ya təhsil alır. Təkcə onu demək kifayətdir ki, bu şəcərədə 50-yə yaxın həkim var.
Çıxışlarda xalqına, dövlətinə sadiq bu nəcib və xeyirxah insanın həyat yolu gənc nəsilə vətənə, torpağa məhəbbət hisslərinin aşılanmasında örnək kimi səciyyələndirildi. Bildirildi ki, məktəbi, təhsili tərəqqinin, inkişafın beşiyi sanan Nəzirməmməd müəllim hər zaman xatırlanacaq və bu ədalətli, mərd şəxsiyyətin irsi təkcə övladları deyil, bu məktəbdən bəhərələnənlər tərəfindən uğurla davam etdiriləcək.
Nəticələri Bəşir və Zeynəb şeir səsləndirdilər.
Oğlu Vidadi Məmmədəliyev, qızları Nazilə və Maral Bəşirovalar tədbirin təşkilinə görə rayon rəhbərliyinə, aidiyyəti təşkilatlara minnətdarlıq bildirdilər.
N.Məmmədəliyevin Almaniyada yaşayan qızı, orada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin fəal üzvü Nazilə Bəşirovaya, kitabın müəlifi Sevinc Əliyevaya rayon ağsaqqallar şurasının Fəxri fərmanları təqdim edildi.
İştirakçılar muzeydə müəllimlər müəllimi Nəzirməmməd Məmmədəliyevin həyat yolunu əks etdirən guşə ilə tanış oldular.
Tədbir “Karal” oteldə böyük şərəf, izzət sahibinin ruhuna verilən ehsan süfrəsi ilə yekunlaşdı.
 
Əlihüseyn ŞÜKÜROV,
Akif AĞAYEV,
həftəlik “Yeni həyat” qəzetinin əməkdaşları,
MASALLI.