Azərbaycanın hərbi xərcləri yenə erməniləri qorxuya salıb

24 Oktyabr 2017 09:40 (UTC+04:00)

Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi - texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faizi həcmində və 4 milyard 68,3 milyon manat vəsait nəzərdə tutulub. Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrdə bu məqamlar əksini tapıb. Gələn il bu məqsədlə ayrılan vəsait  2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.

Azərbaycanda qanunun aliliyinin təmin edilməsi yolu ilə inkişaf edən demokratik quruculuq prosesi gedir. Təbii ki, insan hüquqlarının qorunması ilə məşğul olan struktur bölmələrinin fəaliyyətinin yaxşılaşdırılması üçün bu sahəyə diqqət yetirmək günün aktual məsələsidir. Bu sahələrin maddi-texniki təchizatının yaxşılaşdırılması onun iş fəaliyyətinin yüksəldilməsinin bir şərtidir. Hər il respublikamızda müasir standartlara cavab verən məhkəmə və prokurorluq orqanları üçün binalar tikilir, müasir avadanlıq və cihazlar alınır. Bütün bunlar da hüquq sisteminin təkmilləşdirilməsi yolu ilə bürokratik əngəllərin aradan qaldırılmasına, vətəndaşların hüquq-mühafizə orqanları ilə təmaslarının asanlaşdırılmasına müsbət təsir göstərir.
Hazırda dünyada gedən siyasi böhranlarla bağlı da milli təhlükısizliyin gücləndirilməsi lüzumu ön plana çıxıb. İnkişafından və gücündən asılı olmayaraq heç bir ölkə irticaçı dövlətlər tərəfindən maliyyələşdirilən müxtəlif terror qruplarının hücumlarından sığorta olunmayıb. Azərbaycan dövlətinin siyasəti və vaxtında gördüyü tədbirlər sayəsində ölkədə sabitlik və təhlükəsizlik təmin olunur. Lakin təhlükə daim sərhəd qapılarımızı döyür və sayıqlığı itirmək ciddi faciələrə gətirib çıxara bilər. 
Ölkəmizi təhdid edən başlıca fakt isə Ermənistanın torpaqlarımızın 20 faizini işğal etmələri amilidir. Bu səbəbdən 25 ildən çoxdur ki, Azərbaycan xalqı müharibə şəraitində yaşayır. Ön cəbhədə hər an döyüşlərin alovlanması gözlənilir. Bu səbəbdən də Azərbaycan dövləti ordunun təminatını həmişə diqqət mərkəzində saxlayır, silah-sursat cəbbəxanasının daim yenilənməsi, təkmilləşdirilməsi və müasirləşdirilməsi qayğısına qalır. Məsələ burasındadır ki, Azərbaycan Qarabağ uğrunda mübarizədə tək Ermənistanla yox, təcavüzkara birbaşa yardım edən bir neçə güclü ölkə ilə üz-üzədir. Buna görə də ordu bölmələrinin silah və ərzaqla, rahat kazarmalar və məişətlə təminatı ən aktual vəzifələr sırasındadır. Ölkə rəhbərliyinin bu qayğısı öz bəhrəsini verib. İndi ordumuz tək regionun yox, dünyanın ən mükəmməl orduları sırasındadır. Azərbaycan əsgəri öz təchizatı və döyüş qabiliyyəti baxımından nümunəvi sayılan NATO standarları səviyyəsinə çatıb. Bütün bunlar isə hər il dövlət büdcəsində ordumuzun təminatına milyardlarla manat vəsaitin ayrılması hesabına baş verib.      
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrindəki əsgər kazarmaları, onlar üçün tikilmiş hospitallar müasir klinikalar səviyyəsindədir. Burada UZİ, elektrokardioqram, rentgen, diaqnostika, lor, oftalmoloji, stomatoloji, fizioterapiya kabinetləri, laboratoriyalar var. Həmin  kabinetlərdə müasir tibb cihazları quraşdırılıb. Bu isə tam imkan verir ki, şəxsi heyətə ixtisaslı tibbi yardım göstərilsin. Tibb məntəqəsinin palataları müasir səviyyədədir. Hospitallarda hərbi tibbi hazırlıq sinfi də fəaliyyət göstərir.
Lakin iş bununla bitmir. Başlısa meyar ordumuzun malik olduğu müasir silahlardır. Yüksək qiymətə alınmış bu silahlar hərbi bölmələrin uğurlu hüsumunu və möhkəm müdafiəni tam təmin etməyə imkan verir. Düzdür, ordumuzun əlində daha çox müdafiə xarakterli silahlar var. Ancaq torpaqlarımızın işğaldan azad edilməsi üçün hücum planları da istisna edilmir. Bu baxımdan ölkə rəhbərliyi ordumuzun ən yüni, mükəmməl silahlarla təchiz edilməsini təmin edir. 
Bu günlərdə təcavüzkar Ermənistanı qoltuğu altına alan Rusiya öz forpostuna 200 milyon dollar həcmində silah krediti ayırıb. Yəni, əslində, bu, o deməkdir ki, Kreml İrəvana bu məbləğ daxilıində silah verəcək. Bu səbəbdən gələn ilin büdcəsində ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün milyardlarla manat vəsaitin ayrılması tamamilə qanunauyğun, hətta deyə bilərik ki, təqdirəlayiq haldır. Çünki, Ermənistan kimi təcavüzkar dövlətlər humanizm və sülhpərvərliyin nə olduğunu bilmirlər. Bu dövlətlər yalnız zora baş əyirlər. Buna görə də torpaqlarımızın işğaldan azad edilməsi məsələsində də Ermənistana zor tətbiq edilməlidir. Ölkəmiz, Azərbaycan Ordusu nə qədər qüdrətliu olarsa, təcavüzkarı durdurmaq bir o qədər tezləşər. 
Azərbaycanın hərbi xərcləri həmişə erməniləri qorxuya salıb. Çünki, bizim büdcədə milli təhlükəsizliyə ayrılan xərclər Ermənistanın adətən dövlət büdcəsinə bərabər, yaxud çox olur. Şübhə yoxdur ki, gələnilki xərclər də onların canına vəlvələ salacaq. Ona görə ki, daha çox vəsait daha güclü silahlar deməkdir. Belə demək mümkünsə, Azərbaycanın silahları erməni siyasətinin barometridir. Bu da öz növbəsində Qarabağ münaqişəsinin həllinə birbaşa təsir göstərən amildir.
N.NOVRUZ