Gülər Əhmədovanın həyat yoldaşından Əvəz Zeynallını ilə bağlı açıqlama
7 Mart 2013 11:15 (UTC+04:00)
"Əvəz Zeynallı yalan danışır. Əvəz həkim deyil ki, Gülər
Əhmədovanın səhhətinin necə olduğunu bilsin.Yaxudda, Gülər
Əhmədovanı həkim yoxlamasından keçirməyib ki, sağlamlığı ilə bağlı
hər hansı fikir bildirsin. Mənim bildiyim qədər Əvəz təcridxanada
Güləri görə də bilməz".
Bu sözləri Mövqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı
Fikrət Əhmədov bildirib. Onun sözlərinə görə, Gülər Əhmədova
ürəyindəki ağrılarla bağlı bir neçə dəfə həkimə müraciət edib: "Biz
ailə qurmazdan öncə Gülər Əhmədovanın qalxanabənzər vəzi, yəni zobu
vardı. Buna görə müalicə götürürdü. Eləcə də, Gülər təyziq, şəkər
xəstəliklərindən əziyyət çəkir. Baş verən son hadisələrdən sonra
onun təyziqi tez-tez yüksəlir, şəkəri qalxırdı. Həmçinin Gülər
Əhmədovanın beyninə gedən damarların birində kirəclənmə var ki, bu
da onda kəskin baş ağrılarının yaranmasına səbəb olur. Vəkil bunu
mətbuata açıqlamasında beyinin quruması kimi demişdi. Bu isə
vəkilin rus dilli olmasından irəli gəlirdi. Əslində beyin quruması
yox, Gülərin beyninə gedən damarlardan birinin kirəcləşməsindən
söhbət gedirdi ki, həkimlər bu spazalara səbəb kimi bunu
göstərmişdilər. Əvəzin dediyi kimi, vəkilinin Gülər Əhmədovanın
sağlamlığı ilə bağı mətbuata verdiyi məlumatlarla biz nəyəsə nail
olmaq istəmirik. Gülər Əhmədovanın sadaladıqlarım xəstəliklərinin
olmasını təsdiqləyən həkim rəyləri var və biz o epikrizləri
təcridxanada həkimlərə təhvil vermişik. Gülər Əhmədovanın baş verən
son hadisələrdən sonra mini insult keçirdiyini də həkimlər
təsdiqləyiblər. Əvəzin Gülərin sağlam olması ilə bağlı
səsləndirdiyi fikrə cavab olaraq onu da söyləmək istəyirəm ki,
Gülər Əhmədovanın səhhətindəki problem əsəb gərginliyi keçirərkən
daha da şiddətlənir. Ola bilər ki, bir saat sağlamlığından elə də
şikayəti olmasın, amma əsəb gərginliyi keçirdikdə dərhal təyziqi
ilə şəkəri qalxır, başında, ürəyində şiddətli ağrılar
başlayır".
Qeyd edək ki, Ə. Zeynallı məhkəmədə çıxışı zamanı bildirib ki,
Gülər Əhmədovanın xəstə olması barədə mətbuatda yayılan məlumatlar
doğru deyil: "Gülər Əhmədova top kimidir. Srağagün Gülər Əhmədovanı
görmüşəm. Yağ-bal içində yaşayır".