Sorosu və fondlarını hər yerdən qovurlar

26 Oktyabr 2017 09:30 (UTC+04:00)

Lap bu yaxınlarda seçkilərdə qalib gəlmiş Avstriyanın Xalq Partiyasının gənc lideri Sebastian Kurts Corc Sorosa Açıq Cəmiyyət Fondunun fəaliyyətini Avstriya ərazisində 28 gün ərzində dayandırmaq barədə xəbərdarlıq edib. Ümumiyyətlə, bir çox dövlətlərin başçıları Sorosu və onun fondunu öz ölkəsindən qovur. Niyə?

Macarıstanda doğulan yəhudi əsilli Corc Soros 1961-ci ildə ABŞ vətəndaşı olduqdan sonra birjada işləməyə başlayır. Onda irsi olan uzaqgörənlik qabiliyyəti sayəsində investisiyalar mövzusunda müştərilərinə doğru məsləhətlər verir və bu sahədə həm qazanır, həm də qazandırır. Valyuta dəyişmək kimi aldadıcı manevrlərlə zəngin bir mövzuda olduqca uğurlu görünən Soros sürətlə böyük miqdarda sərvətin sahibi olur.
16 Sentyabr 1992-ci ildə “Qara Çərşənbə” kimi tanınan iqtisadi böhranda İngilis funtunun enişdə olduğu vaxt 10 milyard dollarlıq valyuta fərziyyəsi ilə bir gündə 1,1 milyard dollar qazanır. Elə bu hadisə onun bütün dünyada tanınmasına səbəb olur. Bu hadisədən sonra Sorosa “İngilis bankalarını dağıdan adam” ləqəbi verilir. Günümüzdə isə Sorosun milyardlarının sayı-hesabı yoxdur. Çünki, inqilab adı ilə pul gücünə dağıtdığı cəmiyyətlərdən dolayısı yol ilə qazandıqlarını hesablamaq belə çətindir. Qazandığı var-dövlət bu şəxsi qərəzsiz həyat mövqeyindən yayındırıb və xeyriyyəçilik pərdəsi altında ölkələrə inqilablar ixrac etmək yolunu tutub. Təbii ki, bu işdə onun arxasında təmsil etdiyi ölkənin xarici siyasətindən irəli gələn niyyətlər gizlənir. Təsadüfi deyil ki, Corc Soros sonuncu dəfə Ukraynaya etdiyi 1 milyard dollarlıq sərmayənin “gəlirləri” sayəsində bu ölkədə hələ də siyasi həyatı normallaşdırmaq mümkün olmur.  
Türkiyənin “Cümhuriyət” qəzeti yazır ki, dünyanın müxtəlif ölkələrində 40 təşkilatdan ibarət şəbəkəsi olan “Açıq Cəmiyyət” İnstitutu və Soros Fondu fəaliyyət göstərir. Mətbuatda gedən məlumatlarda bildirilir ki, milyarder öz fonduna 18 milyard dollar vəsait köçürüb. Bu 18 milyard dolların ayrı-ayrı ölkələrdəki siyasi layihələrə xərclənəcəyi proqnozlaşdırılır. Bura bir sıra Asiya, o cümlədən, Avropa dövlətləri daxildir. Soros fondunun ölkə üçün təhlükəli olduğunu nəzərə alan Avstriya hökuməti qurumun fəaliyyətini dayandırmağa qərar verib. Qeyd edək ki, Avstriyadan əvvəl Azərbaycan da daxil olmaqla bir çox dövlətlər təhlükəli fəaliyyətini nəzərə alaraq, fondun fəaliyyətinə qadağa qoyublar. Çünki, 18 milyard dollar bir sıra ölkələrdə keçiriləcək prezident və parlament seçkiləri üçün istifadə olunacaq. Fondun hədəfində olan ölkələr arasında 2018-ci ildə prezident seçkilərə keçiriləcək Rusiya, Azərbaycan və parlament seçkilərinin keçiriləcəyi Ermənistanın adı var. Hazırda Ukraynada gedən proses də bu layihənin bir bəndidir.
Görünür, 18 milyardın sədası özünü müxalifət sayan bizim bəzi qara-qışqırıqçıların da qulağını qıdıqlayır. Ölkəmizdə prezident seçkilərinə nə az, nə çox, bir il vaxt qalsa da indidən “gələn il prezident olmaq iddiasına düşənlər” peyda olmağa başlayıb. Hətta elə şəxslər gurultulu bəyanatlar verirlər ki, “adamın əl-ayağı yerdən üzülür”. Deyəsən, Sorosun istəyi Azərbaycanda gurultulu inqilab yaratmaqdır. Amma indiyədək baş verənlər göstərir ki, milyarder hardasa nəyəsə nail olsa da, Azərbaycanda həmişə “oxu daşa dəyir”. Çünki, Azərbaycan cəmiyyəti hər yerindən duran, başlıcası isə qara niyyətli adamların “girə biləcəyi kol” deyil. Hökumətin hansı yolla getdiyi, xalqa nələri verdiyi əhaliyə yaxşı bəllidir. Biz öz problemlərimizin həlli ilə özümüz məşğul olmağı bacarırıq. Əgər Corc Sorosun mənsub olduğu cəmiyyətin heç olmasa, bir tikə xoş məramı və ədaləti varsa, həmin 18 milyarddan Azərbaycanın ərazi bütövlüyü üçün vəsait ayırsın. Çünki, Dağlıq Qarabağ problemi haqq-ədalətlə tənzimlənərsə, onda azı 1 milyon insan həyatda rahatlıq tapar. Bu da olar ən böyük xeyriyyəçilik. Yoxsa, müəyyən adamları qızışdırıb ortaya salmaqla xeyriççəlikdən dəm vurmağın mənası yoxdur. Azərbaycanda Sorosun qanadı altında pərvazlanan, əgər buna pərvazlanmaq demək mümkünsə, Leyla və Arif Yunusların aqibəti hamıya məlumdur. Xalq hələ də bu adamları nifrətlə xatırlayır. Ümidvarıq ki, qoca Soros da bu faktı xatırlamağı bacarar. Əks halda, bizlərdə ona “xərifləmiş qoca” ləqəbi qoyulacaq.
N.NOVRUZ