Baş anestezioloq 3 yaşlı uşağın ölümü ilə bağlı ifadə verəcək - Məhkəmədə

26 Oktyabr 2017 13:10 (UTC+04:00)

Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə İ. Qəmbərovun vəkili Əli Hüseynov vəsatətlə çıxış edib.
 
O, prosesdə əlavə şahid qismində Səhiyyə Nazirliyinin baş anestizioloq-reanimatoloqu Aydın Qədirov, Sumqayıtın baş cərrahı Rəfiəli Novruzov və tibb mərkəzinin əməkdaşlarını dindirilməsini istəyib. Vəkil qeyd edib ki, həmin şahidlərin iştirakı ilə ekspertiza rəyləri araşdırılmalıdır: "Tibb mərkəzinin əməkdaşları da dəvət edilsin, onlar əməliyyatdan sonra Arzunun oyanmasını görüblər".
 
Məhkəmə vəsatəti təmin edib.
 
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.
 
İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.