Səhiyyə Nazirliyi: Bu il yekun attestasiyada iştirak edəcək rezidentlərin sayı maksimal həddədir

26 Oktyabr 2017 16:30 (UTC+04:00)

Bu il ümumilikdə rezidenturaya aid 40 ixtisas üzrə təhsil almış 473 rezident yekun attestasiyadan keçməlidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, rezidentlərin yekun attestasiyasından əvvəl komissiya üzvləri ilə görüş keçirilib.

Görüşdə bildirilib ki, Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 №-li qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq, yekun attestasiyanın keçirilməsi üçün 122 nəfərdən ibarət komissiya yaradılıb.

Azərbaycan Tibb Universitetində (ATU) 2011-ci ildən etibarən tədrisdə rezidentura pilləsinə keçid təmin olunub. 2013-cü ildə təhsil müddəti 2 il olan ixtisaslar üzrə ilk dəfə olaraq yekun attestasiyası keçirilib.

Bu ilki yekun attestasiyanın I mərhələsi oktyabrın 25-də ATU-nun Virtual Test Mərkəzində keçirilib. Attestasiyanın II mərhələsi isə oktyabrın 27-i və 30-da cərrahi, terapevtik, stomatoloji, onkoloji klinikalarda və tədris binalarında keçiriləcək.

Cari il ərzində Bakı şəhərində olan 41 bazadan ümumilikdə, 425 nəfər yekun attestasiyaya buraxılıb. Onlardan 141 nəfəri ATU-nun məzunlarıdır. Bundan başqa, keçən il attestasiyaya buraxılmayan 28 nəfər və attestasiyanın I mərhələsindən keçə bilməyən 13 nəfər, habelə attestasiyaya gəlməyən 7 nəfər də (cəmi 48 nəfər) bu il yekun attestasiyada iştirak etməlidirlər.

Görüşdə qeyd edilib ki, ötən il olduğu kimi, bu il də yekun attestasiyada iştirak edəcək rezidentlərin sayının çox olması Virtual Test Mərkəzinin də işinə daha məsuliyyətlə yanaşma tələb edir.

Bu il yekun attestasiyada iştirak edəcək rezidentlərin və həkim-mütəxəssis hazırlayan ixtisasların sayının maksimal həddə çatdığı da vurğulanıb. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan komissiya üzvlərinin sayı da artırılaraq 126 nəfərə çatdırılıb. Ötən il isə komissiya üzvlərinin sayı 86 nəfər olub.

Attestasiyanın test mərhələsindən narazı qalan rezident ATU üzrə fəaliyyət göstərən Apelyasiya Komissiyası tərəfindən obyektiv qiymətləndirilməlidir.

İclasda qeyd olunub ki, attestasiyanın II mərhələsinin təşkilində ATU-nun klinika rəhbərləri də yaxından iştirak etməlidirlər. Çünki həmin günlər II mərhələ imtahanlarını vermək ücün klinikalara eyni vaxtda 150-160 rezident daxil olacaq.