Şirin xəstəliyin acı üzü: Statistika böyüsə də, mübarizə də güclənir-ARAŞDIRMA

14 Noyabr 2017 11:39 (UTC+04:00)

Amerika vətəndaşı olan diabet uşaq Azərbaycanda şəfa tapdı...

“Övladımın şəkər xəstəsi olduğunu biləndə bunu özümə bir dərd etmişdim. Qızım Kaaje Floranı  gözümdən uzağa qoya bilmirdim. O hara gedirdisə, mən də yanıyla gedirdim. Çünki, hər yeməkdə ona  insulin vurulurdu. Düşünürdüm ki, iynəni özü vura bilməz, əli natəmiz olar. Bir sözlə hər  yerdə qızımla bir yerdəydim. Hiss edirdim ki, hər yerdə onunla birgə olmağım Katyanı (Kaaje) digər həmyaşıdlarından fərqləndirir. Amma buna məcbur idim. Çünki, qızımın sağlamlığı üçün onun şəkərinə nəzarət, vaxtında inusilin iynəsinin vurulması vacib idi. Bir dəfə qızımı itirmək təhlükəsi yaşamışdım. Katyanın 7 yaşı olanda komaya düşdü. Həkim qızıma hiperqlikemiya diaqnozu qoydu. O zaman bizə məsləhət gördülər ki,  uşağa xırda dozada insulin vurulması üçün pompa qoyulsa yaxşı olar. Pompanın qiyməti çox yüksək olduğundan, həmin aparatı almaq imkanımız xaricində idi. Eşidəndə ki, dövlət tərəfindən şəkərli diabet uşaqlara pulsuz pompa qoyulur, bu xəbərə həm sevindik, həm də bir qədər məyus olduq. Biz ailəliklə Azərbaycanda yaşasaq da, qızım Amerika vətəndaşı olduğundan, ona burada pulsuz pompa veriləcəyinə ümidimiz az idi. Amma Katyaya digər şəkərli diabet uşaqlardan heç bir fərq qoyulmadı. Qızım pompa ilə təmin ediləndən, şəkər xəstəliyi artıq onun həyat tərzinə çevrilib. İlk aylar pompadan istifadə etmək çətin olduğundan, bunun üçün təlim keçsək də, artıq Katya bu cihazı ən sevimli aparatı olan “peycer” kimi üstündə gəzidir. İndi Katya da öz sərbəst həyatını yaşayır, mən də... Biz qızımla şəkər xəstəliyi barədə ancaq bu cihazın iynəsini dəyişdikdə, üç gündən bir danışırıq...”.
Bu sözləri Movqe.az-a Amerika vətəndaşı, ailəsi ilə birgə Azərbaycanda yaşayan 12 yaşlı 1-ci tip şəkərli diabet xəstəsi Katya Floranın anası Gülnarə Stark söyləyir. Gülnarə Azərbaycan vətəndaşı olsa da, Amerika vətəndaşı ilə ailə qurduğundan övladları Amerika vətəndaşı hesab olunur. Həmsöhbətimiz deyir ki, şəkərli diabet uşaqlara bu cür dövlət qayğısını öz üzərlərində, həm də öz Vətənində hiss etməkdən çox məmnundur...
Məqaləyə şəkərli diabet xəstəsi olan Katya Floranın anasının dilindən səslənən kəlmələrlə başlamağımız heç də təsadüfi deyil. Elə endokronoloqlar da, şəkərli diabet uşaqların sağ qalması, yaşaması üçün məsuliyyətin həm də valideynlərin üzərinə düşdüyünü söyləyirlər.  

90 şəkər uşaq komaya düşmək riskindən xilas olunub...

Respublika Endokrin Mərkəzin həkim endokrinoloqu Səriyyə Ağayeva deyir ki, şəkərli diabet uşaqların müalicəsində onların valideynlərinin üzərinə böyük yük düşür. Həmsöhbətimiz bildirir ki, şəkər sağalan xəstəlik olmasa da, əvəzləyici müalicə fonunda bu xəstəliyi həyat tərzi kimi qəbul edib yaşamaq mümkündür: “Mən özüm də 10 yaşımdan şəkərli diabet xəstəsi olmuşam. Hərdən öz uşaqlığımla indiki şəkər xəstəsi uşaqları müqayisə edirəm. İnanın ki, həmin dövrlə bu gün müqayisəyə gəlinməzdir. İndiki şəkər xəstələri olan uşaqlar deyərdim ki, “Cənnət” həyatı yaşayırlar. 2014-cü ildən başlayaraq 90 nəfər 1-ci tip şəkərli diabet uşağa dövlət vəsaiti hesabına insulin pompası qoyulub. Bu heç də kiçik rəqəm deyil. Dünyada ABŞ dollarının məzənnəsindəki son dəyişiklikdən sonra bu insulin pompasının qiyməti 6-7 min ABŞ dollarınadək bahalaşıb. Bundan əlavə pompa qoyulan uşaqlara pompa ləvazimatları üçün ən azı ayda 200 manat vəsait tələb olunur. Həmin ləvazimatlarla  da dövlət şəkərli diabet pomalı uşaqları pulsuz təmin edir. Bu çox böyük qayğıdır. İndi digər şəkərli diabet uşaqlara şpris qələmlər paylanılır. “Novo Nordisk” şirkətinin və digər dünyanın ən tanınmış şirkətlərinin istehsalı olan bu şpris qələmlər insulin pompasını əvəz edir və keyfiyyətinə görə çox üstündür”.


Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek də insulin pompasının şəkər uşaqlarda çox müsbət nəticə verdiyini söyləyir. Onun sözlərinə görə, əvvəl diabet uşaqlar koma ilə xəstəxanaya düşürdülərsə, pompa qoyulduqdan sonra ancaq mütəmadi müalicə üçün xəstəxanaya daxil olurlar: “Hazırda respublika üzrə 1650 nəfərə yaxın uşaq şəkərli diabetlə xəstədir. Daha o uşaqların əksəriyyətinin komaya düşməsi söhbəti yoxdur. Onlar ciddi nəzarətdə saxlanılır. Uşaqlar pompanın ləvazimatları ilə təmin edilirlər. Əvvllər diabet olan uşağa 6 aydan bir test verilirdisə, indi ayda 25-50 test paylanır. Çünki, uşaqlar 1-ci tip diabet olduqlarından onları hərdən gün ərzində 6 dəfə yoxlamaq lazım olur”. 

Şəkərin erkən aşkarlanması və müalicəsi diabetli xəstələri əlillikdən xilas edir 

Babek Salek bu gün dövlət qayğısı nəticəsində şəkərli diabet xəstəliyinin erkən aşkarlanması, vaxtında müalicəsinin təmin edildiyini vurğulayır. Onun sözlərinə görə, hazırda respublika üzrə 242 min nəfərə yaxın qeydiyyatda şəkərli diabet xəstə var. B. Salek son illər ölkəmizdə şəkər xəstələrinin sayının artmasının bir çox səbəbləri olduğunu söyləyir. Onun sözlərinə görə, şəkər xəstələrinin sayı bütün dünyada artan templə inkişaf edir. Azərbaycanda da bu proses getdiyindən, eləcə də, qeydiyyata düşən şəkər xəstələrinin sayı artdığından, diabetli xəstələrin statistikası böyüyür: “Hazırda dünyada 220 milyondan artıq adam diabet xəstəliyindən əziyyət çəkir. Lazımi tədbirlər görülməsə 2030-cu ilə qədər bu rəqəmin 2 dəfədən çox artacağı ehtimal olunur. Əvvəllər diabeti olan xəstələrin çoxu qeydiyyata düşmürdülər. Bəziləri bilmirdilər ki, şəkəri var. Aparılan təbliğat işləri, şəkər xəstəliyinin ilkin əlamətləri barədə məlumatların yayılması şəkərə görə müayinə olunanların sayını artırdı. İndi artıq şəkər xəstələrinə erkən, vaxtında diaqnoz qoyulur. Vaxtında diaqnoz, vaxtında müalicəyə səbəb olur ki, bu da fəsadların az olmasına, əlillikdən xilas olmağa gətirib çıxardır. Əvvəllər şəkər xəstəliyindən barmaqlarda qanqrena, göz dibində damarların partlaması kimi  fəsadlar qeydə alınırdı. Amma xəstənin xəbəri olmurdu ki, onda şəkərli diabet var. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun, Dövlət proqramının qəbulu ilə şəkər xəstələri pulsuz özünə nəzarət və şəkər salıcı dərmanlarla təmin edildi. Bu gün də ehtiyac olanda o xəstələrə tabletlər, insulin verilir. Şəkərli diabet uşaqlar 100 faiz ən sonuncu insulin anoloqlarından istifadə edirlər. Əvvəllər öz xəstəliyini gizlədənlər də, indi də bu qayğını görüb qeydiyyata düşürlər. Bu gün 70-80  minə yaxın insulin alan şəkər xəstəsi var. İkinci tip şəkər xəstələri də həm tablet həm də insulin alırlar”.

B. Salek son illər şəkərli diabetə bağlı dövlət proqramının icrasının bu xəstəlikdən ağır fəsadların baş verməsinin qarşısını aldığını söyləyir. Həmsöhbətimiz deyir ki “Diabet pəncəsi” xidmətinin yaradılması nəticəsində barmaqlarda qanqrenanın qarşısını almaq mümkün olub: “ “Diabet pəncəsi” xidməti yaradıldıqdan sonra həkimlərə tövsiyyə olundu ki, endekronoloqlar diqqətlə hər baxışda şəkər xəstələrinin ayağına diqqət etsinlər. Corabı çıxardıb xəstənin ayağını müayinə etsinlər. Diabet pəncəsi böyük maliyyə tələb etmir. Sadəcə diqqət tələb edir. Bundan əlavə dövlət proqramına əsasən şəkər xəstələrinin gözünə göz həkimlərinə ildə iki dəfə profilaktik baxışı həyata keçirilir. Bu yolla şəkərli diabetin gözə mənfi təsirini azalda bilirik. Diabet Məktəbi layihəsi reallaşdırıldı. Diabet gənclər, uşaqlar üçün yay düşərgələri də təşkil olunur. Onlar öz xəstəlikləri ilə təkbətək qalmırlar. Bir-biri ilə ünsiyyətdə olanda görürlər ki, şəkər uşaqlar özünənəzarət edəndə hər şey qaydasında gedir. Şəkər xəstəliyi ilə bağlı konfranslar keçirilir, KİV-in iştirakı təmin edilir”. 

Şəkər xəstələrinə dünyada lider olan şirkətin istehsalı olan qlükometrlər verilir

B. Salek deyir ki, bu gün ölkəmizdə hər qeydiyyata düşən şəkər xəstəsi özünənəzarət cihazı, qlükometrlə təmin edilir: “Polikilinikalarda qeydiyyata duran xəstələrə  növbə ilə qlükometrlər və test çubuqlar paylanılır. Bəzən qlükometr verilən şəkər xəstəsi dövlətdən yenidən üzünənəzarət cihazı almaq istəyir. Çox təəssüf ki, öz mobil telefonunu göz bəbəyi kimi qoruyan insanlar bəzən qlükometri qorumur. Bu gün şəkər xəstələrinə dərman preparatının, şprislərin istehsalı sahəsində dünyada lider olan “Novo Nordisk” şirkətinin qlükometrləri verilir”. 

Hər il ŞD-lə bağlı dövlət proqramına külli məbləğdə vəsait ayrılır

Səhiyyə Nazirliyindən də bildirirlər ki, ölkəmizdə dövlət büdcəsində "Səhiyyə üzrə xərclər" bölməsində ünvanlı olaraq şəkərli diabet xəstəliyinin profilaktikası və müalicəsi üçün hər il vəsait ayrılır. Belə ki, 2006-cı ildə bu məqsədlə 6 mln. manat, 2007-ci ildə 12 mln. manat, 2008-ci ildə 19 mln. manat, 2009-cu ildə 14 mln. manat xərclənib.   2016-cı il üçün dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrılıb. 

Şəkərli diabet uşaqlar Heydər Əliyev Fondunun diqqət mərkəzində...

Şəkər xəstələrinə qayğıdan söz açdıqda Heydər Əliyev Fondunun şəkərli diabetlə bağlı həyata keçirdiyi layihələri sadalamamaq olmaz. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dəfələrlə çıxışında bildirmişdi ki, Azərbaycanda çox ağır xəstəliklərə, hətta korluğa və qanqrenaya gətirib çıxaran şəkərli diabet xəstələri var, onların bir qismi uşaqlardır: “Buna görə də bizim vəzifəmiz bu uşaqların əzablarını yüngülləşdirmək üçün hərtərəfli tədbirlər görməkdən ibarətdir. Axı, onlar gələcəkdə Azərbaycan Cəmiyyətinin tam dəyərli üzvləri olmalıdır". 
Mehriban Əliyeva Azərbaycanın diabetli uşaqlarına humanitar yardım göstərdiyinə görə,  "Novo Nordisk" şirkətinə təşəkkür etmişdir. Qeyd edək ki, 2004-cü ildən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birlikdə reallaşdırılan layihə şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır. Heydər Əliyev Fondunun şəkərli diabet xəstələri ilə bağlı həyata keçirdiyi sosial layihələr sayəsində qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqların sosial-psixoloji reabilitasiyası üçün Lənkəran şəhərində, 2010-cu ildə isə Gəncə şəhərində istirahət düşərgələri təşkil olunub. 2007-ci ildə BMT-nin təşəbbüsü ilə Dünya Diabet günü kampaniyasına qoşulmuş Heydər Əliyev Fondunun binası həmin il noyabrın 13-dən 15-dək mavi rənglə işıqlandırılıb. BMT-nin qətnaməsinə əsasən, noyabrın 14-ü Dünya Diabet günü kimi qeyd edilir. Elə bu gün  də bütün dünyanın diqqətinin şəkər xəstələrinə cəlb edildiyi, şəkərli diabet ətrafında birləşməyə səsləyən gündür!

Zülfiyyə QULUYEVA