Azərbaycan tank istehsalına başlayacaq?!
13 Mart 2013 10:05 (UTC+04:00)
Məlumdur ki, hazırda Azərbacan müxtəlif təyinatlı silah istehsalını
həyata keçirməkdədir. Hətta onların bir çoxu beynəlxalq sərgilərdə
müxtəlif ölkə nümayəndələri tərəfindən də bəyənilib. Hətta istehsal
olunanların arasında döyüş şəraitində xüsusi əhəmiyyətə malik olan
"Aerostar" və "Orbiter-2M" tipli pilotsoz hərbi təyyarələr də var.
Bundan başqa, ölkəmizin gələcəkdə hərbi vertolyot və təyyarələrin
istehsalına başlayacağı barədə də bir neçə dəfə məlumatlar
səsləndirilib. Amma təbii ki, hava hücumu ilə yanaşı, quru
qoşunları üçün də hərbi texnikanın istehsalı vacibdir və bu xüsusda
da tankların xidməti əvəzedilməzdir. Hələlik Azərbaycan "Matador"
və "Marauder" tipli zirehli maşınlar istehsal etsə də, tank buraxan
ölkələrin sıralarına daxil deyil. Perspektivdə bu hərbi maşının
istehsalının olub – olması məsələsinə isə Müdafiə Sənayesi
Nazirliyi aydınlıq gətirmədi və bunun hərbi sirr olduğunu
bildirdi.
Lakin
hərbçi ekspertlər tank istehsalını böyük uğur hesab edirlər. Hərbi
şərhçi Yaşar Cəfərli bildirir ki, quru qoşunlarda təkcə tankın yox,
piayadaların zirehli döyüş texnikalarının da önəmi böyükdür: "Təbii
ki, burada tank çox vacib texnikadır. Amma hələlik Azərbaycan tank
istehsalı üçün müstəqil formada hazır deyil. Müəyyən zamanlarda
mətbuatda belə bir fikirlər dolaşırdı ki, guya Azərbaycan Türkiyə
ilə birgə layihəyə hazırlaşır. Təbii ki, ümumiyyətlə, müdafiə
sənayesinin inkişafı Azərbaycan üçün çox zəruridir. Çünki, nəzərə
almaq lazımdır ki, biz döyüş şəraitindəyik. Silahlı qüvvələrin
ehtiyacı olduqca böyükdür. Həm də əgər müharibə başlayarsa, döyüş
əməliyyatları bərpa olunarsa, bu ehtiyac 5 qat artacaq. Məsələnin
ikinci tərəfi odur ki, neftdən gələn gəlirlərin hesabına qeyri –
neft sektoru üçün bu vacib məqamdır. Həm də bilirik ki, müdafiə
sənayesi eyni zamanda, kənd təsərrüfatının sahələri üçün də bir
sıra avadanlıqları istehsal edə bilər. Həmçinin qeyri – neft
sektorunun inkişafı və yeni iş yerlərinin açılması üçün vacib
məqamdır. Amma təbii ki, həmişə maddi, texniki və kadr
imkanlarımızı nəzərə almalıyıq. O da nəzərdən qaçmamalıdır ki,
əgər, biz bu silahın istehsalına daha çox vəsait sərf edəriksə,
başqa ölkələrdən bunu daha ucuz ala biləriksə, ən ucuzuna üstünlük
verilməlidir. İnanmıram ki, Azərbaycan bu gün müstəqil şəkildə
deyilən tələblərə cavab verən tankın istehsalı üçün hazır olsun.
Çünki, hazırda ən azından, kadrlar nöqteyi-nəzərindən
problemlərimiz var. Bu sahədə hələ də Azərbaycanda kifayət qədər
inkişaf yoxdur. Gərək yüksək səviyyəli kadrlarımız, güclü
texnologiyamız olsun. Çünki, tankın istehsalı üçün kadr və
texnologiya amili çox vacibdir".
Ekspert onu da əlavə etdi ki, əgər iqtisdi cəhətdən hissələri
gətirib burda yığmağımız sərf edirsə, bu, mümkündür: "Ancaq ayrı –
ayrı hissələri gətirib burda tank istehsal etmək üçün müqavilə
olmalıdır. Bu müavilə də İsrail, Rusiya, Ukrayna ilə ola bilər.
Sadəcə, bilirik ki, NATO-nun üzvü olan dövlətlər Azərbaycanla bu
sahədə əməkdaşlıq etməkdən yayınırlar. "907 – ci düzəliş"in
tələblərinə, həm də "Cinah" sazişə görə, münaqişə olan bölgələrdə
NATO və Avropa İttifaqına üzv olan dövlətlər bu sahədə kömək olmağa
çalışmırlar. Təbii ki, mümkün variant Türkiyədir. Baxmayaraq ki,
Türkiyə də NATO-nun üzvüdür, ancaq hansısa vasitələrlə buna nail
ola bilərik".
Digər hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, tank
istehsalı bir az mürəkkəb prosesdir: "Azərbaycan hələlik "Matador"
və "Marauder" tipli zirehli maşınlar buraxır. Ola bilsin gələcəkdə
bizdə də tank istehsalı üçün imkanlar yaransın. Yəni, öz daxili
ehtiyatlarımızı ödəmək üçün tank istehsalı başlanılsın. Pis
olmazdı. Nə qədər Azərbaycanın öz silahlı qüvvələri varsa, yəqin,
öz ehtiyatını ödəmək üçün, müəyyən addımlar atacaq. Çünki, öz hərbi
hissələrimizin döyüş qabiliyyətini yüksəltmək üçün, müxtəlif
ölkələrdən tanklar alırıq. Gələcəkdə həm mütəxəssis, həm də resurs
baxımından bunun həyata keçirilməsi problem deyil. Amma düşünmürəm
ki, yaxın zamanlarda Azərbaycan tank istehsalına başlasın. Çünki,
bu, özünü təsdiq etmək üçün, xeyli vaxt lazım istəyir. Həm də bu
gün dünyanın silah – sursat bazarında kifayət qədər ölkələr var ki,
onların buraxdıqları tanklar keyfiyyət və taktiki-texniki
xarakreristikasına görə, yüksək texnologiyalar siyahısına aiddir.
Hətta bu gün onlar özlərinə alıcı tapmaqda müəyyən çətinlik
çəkirlər. Odur ki, əgər özünü doğruldarsa, gələcəkdə Azərbaycan da
bu məsələyə baxıla bilər".