Gülər Əhmədova ifadə verməkdən imtina etdi-Eksklüziv
13 Mart 2013 12:35 (UTC+04:00)
"Gülər Əhmədova Elşad Abdullayevin yaydığı videomaterialla bağlı
ifadə verməkdən imtina edib. Martın 9-da da sabiq millət vəkili onu
dindirməyə gələn müstəntiqə bu qərarını bildirib ki, o, gizli
çəkilmiş, montaj olunmuş videomaterialı sübut saymır. Bu Gülər
Əhmədovanın qəti fikridir".
Bu məlumatı Movqe.az-a Gülər əhmədovanın vəkili Rakif Mustafayev
verib. Onun sözlərinə görə, Gülər Əhmədova bildirib ki,
qanunvericiliklə bu video sübut kimi qəbul oluna bilməz: "Müdafiə
etdiyim şəxs özünü günahkar hesab etmir. Haqlı olaraq ondan bu
videomaterialla bağlı ifadə alanlardan tələb edir ki, Elşad
Abdullayev özü gələrək bu barədə öncə ifadə verməlidir. Yalnız
bundan sonra Gülər Əhmədova bu məsələ ilə bağlı ifadə verəcək.
Hesab edirik ki, Elşad Abdullayevin yaydığı video sübut kimi
götürülməsi qanunvericiliklə yasaq olduğundan, onun ətrafında
toplanan törəmə dəlillər də sübut sayıla bilməz. Odur ki, Gülər
Əhmədova Elşad Abdullayevin yaydığı videomaterialla bağlı heç bir
ifadə verməyəcək".