Düşmən ölkədə terrorçulara verilən açıq dəstək

1 Dekabr 2017 09:00 (UTC+04:00)

Türkiyə mediası yazır ki, bu gün PKK-ya açıq dəstək verən ölkələrdən biri də Ermənistandır. Ankara üçün əsas məqamlardan biri də PKK-ya verilən dəstəyə son qoyulmasıdır. 

Əslində, Ermənistanın müxtəlif terrorçu qruplarla iş birliyində olması, onlara dəstək verməsi heç kimə sirr deyil. Azərbaycan torpaqlarının işğal edilməsində də Ermənistan məhz terrorçu dəstələrdən istifadə edib. Bundan başqa hazırda da həmin işğal edilmiş torpaqlarda terrorçu dəstələr fəaliyyət göstərməkdə davam edir. Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarında həmçinin PKK terror düşərgəsi də fəaliyyət göstərir.  Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) dəfələrlə bu barədə məsələ qaldırıb. Sözügedən dərnəyin araşdırmalarına görə, Ermənistan PKK terrorçularına pasport verir. PKK terrorçuları başda Avropa olmaqla müxtəlif ölkələrə Ermənistan pasportu ilə səyahət edirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Rusiya vasitəsilə Türkiyənin PKK dəstək olan Ermənistana təsir etməsi heç də asan məsələ olmayacaq: “PKK Türkiyə üçün problemdir. Suriya ətrafında cərəyan edən proseslərdən də göründüyü kimi, Ankara qarşısında olan əsas problemlərdən biri elə kürd terrorçuları ilə bağlı olan problemlərdir. 
Təbii ki, PKK ilə mübarizə məsələsində Türkiyə ilə Rusiyanın birlikdə anlaşması gərəkdir. Lakin bu istiqamətdə problemlər var. Ermənistanın da PKK-ya dəstək olduğunu və Rusiya vasitəsilə Ankaranın İrəvana bu istiqamətdə təsir göstərə bilməsi məsələsinə gəldikdə, aydındır ki, məsələ bir qədər də qəlizləşir. Kürd probleminə və ermənilərə Rusiyanın hansı münasibət bəslədiyini bilirik. Ona görə də PKK məsələsində Rusiya vasitəsilə İrəvana təsir etmək Türkiyə üçün heç də asan olmayacaq”. 
PKK-ya və onlara dəstək verən Ermənistana qarşı mübarizədə Ankara ilə Bakının birgə hansı addımlar ata biləcəklərinə gəldikdə,  həmsöhbətimiz qeyd etdi ki, bu məsələdə Türkiyə ilə Azərbaycan hər zaman eyni mövqedən çıxış ediblər: “Bundan sonda da eyni mövqedən çıxış etməlidirlər. Son hadisələr göstərdi ki, beynəlxalq meydanlarda Azərbaycanın mənafeyinə uyğun fəaliyyət göstərildi. Beynəlxalq istiqamətdə bu səpkidə də həqiqətləri dünyaya deməyə çalışmalıyıq. Səsimizi harda eşidib-eşitməyəcəkləri isə ayrı bir məsələdir. Bütün hallarda birgə çalışmaq çox vacibdir”.
Politoloq Qabil Hüseynli qeyd etdi ki, Türkiyə kürd terrorçularına qucaq açan Ermənistana qarşı çoxsaylı addımlar ata bilər: “Türkiyə PKK-ya dəstək olan və Azərbaycan torpaqlarının bir hissəsini işğal edən  Ermənistana təzyiq etmək üçün çox şeylər edə bilər. Ankara Ermənistana yönəlik blokadanı daha da sərtləşdirə bilər. Amma hazırda mövcud olan blokada tam olaraq işləmir. İran və Gürcüstandan olan iş adamları Türkiyədən gətirdikləri malları Ermənistana keçirib, orada satırlar. Beləliklə də, Türkiyə tərəfindən Ermənistanın blokadası heçə endirilir. İstanbulla İrəvan arasında təyyarə reysi də işləyir. İstanbulun özündə 100 mindən çox erməni yaşayır. Onlar qaçaq adamlardır və uşaqlarını da məktəblərdə, özü də erməni dilində oxudurlar. Nəticədə də Türkiyənin Ermənistana qarşı blokada siyasəti ümumən heçə enir. 
Türkiyənin Ermənistana ən böyük zərbəsi Dağlıq Qarabağ məsələsində daha prinsipial, ardıcıl və ciddi iradəyə söykənən addımlar atması olardı. Ankara bu istiqamətdə addımbaşı çalışaraq Rusiyanı da İrəvana təsir göstərməsi üçün inandırmalıdır. Düzdür, Rusiya bu istiqamətdə müəyyən köməklikləri göstərir. Ancaq yətərincə deyil ki, Ankara Ermənistana təsir edə bilsin. Deməli, bu istiqamətdə səyləri artırmaq lazımdır ki, Moskva PKK-ya dəstək olan Ermənistana təsir göstərsin”.
Rüfət NADİROĞLU