İqtisadi islahatlar qeyri-neft sektorunda möhtəşəm uğurlara yol açır

1 Dekabr 2017 09:30 (UTC+04:00)

Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə belə bir fikir səsləndirib ki, Azərbaycanın gələcək tərəqqisi kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlıdır. Dövlət başçısının fikirləri ölkədə başlanmış iqtisadi islahatların inkişaf istiqamətini göstərən başlıca prinsipdir. Son bir neçə ilin iqtisadi göstəriciləri sübut edir ki, təbii ehtiyatlardan götürülmüş gəlirlər digər sahələrin işlək mexanizmə çevrilməsinə uğurla transfer edilib və artıq qeyri-neft sektoru öz-özünü inkişaf etdirmək qabiliyyətinə yiyələnmiş lokomotiv rolunu oynayır. 

Daxili iqtisadi siyasətin mühüm cəhətlərindən biri inkişaf tendensiyasının əhatəli səciyyədə olmasıdır. Yəni, proqram yalnız istehsal sahələrinin genişləndirilməsini nəzərdə tutmur. Eyni zamanda əhalinin sosial şəraitinin yaxşılaşdırılması və biznes mühitinin əlverişlilik əmsalının yüksəldilməsi həyata keçirilir. Bu mənada əhalinin məşğulluğu üçün hərtərəfli şərait yaradılır. Nəticədə yerli sənaye sahələri və kəndli-fermer təsərrüfatlarının yaradılması geniş aspektdə hərəkata çevrilir. Məsələn, yol infrastrukturunun keyfiyyətcə yenilənməsi və təkmilləşdirilməsi, bürokratik sədlərin müvafiq qanunvericilik aktları ilə aradan qaldırılması, sahibkarlığın maliyyə sarıdan aşağı faizli kreditlə təmini, habelə müasir tələblərə cavab verən xəstəxana və müalicə-bərpa komplekslərinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafında həyata keçirilən Dövlət proqramlarının əsas məğzini təşkil edir. Buna görə də insanların yaxşı işləməsinə mane ola biləcək maniələr aradan qaldırılmış olur. Nəticədə sahibkarlar yüksək nailiyyətlər qazanmağı bacarırlar. Dövlət başçısı Sabirabad rayonunda xüsusi təsərrüfatlarla tanışlığı zamanı ortaya çıxan faktlar bunun sübutu kimi təqdirəlayiqdir. Təsadüfi deyil ki, bu il bu rayonda pambıqçılıq sahəsində bir hektardan 55 sentner məhsul götürülməsinə nail olunub. Bu, Azərbaycan üçün böyük göstəricidir. Qeyd edək ki, sovet dövründə bu rəqəmlər insanlara fantastik gəlirdi. O vaxtlar yalnız yüksək inkişaf etmiş ölkələrdə belə məhsuldarlığa nail olmaq mümkün idi. Budur, Azərbaycan pambıqçısı artıq bu səviyyədə işləməyi mənimsəyib. Belə göstəricilər ümumilikdə kənd təsərrüfatının müasir inkişaf sürətinin təcəssümü sayıla bilər.
Kənd təsərrüfatı sahəsinin inkişafının müsbət istiqamətlərindən biri də yeni yaradılan müəssisələrin yüksək texnologiyaya əsaslanan sənaye üzərində təşəkkül tapmasıdır. Bu çox vacib elementdir. Çünki, ilk növbədə daxili bazarı təmin edərək ölkədə ərzaq təhlükəsizliyinin təmininə nail olmaq gərəkdir. Lakin hazırkı dövrdə tək daxili bazarla irəliləmək mümkün deyil. Buna görə də daha çox gəlir əldə etmək üçün xarici bazarları da fəth etmək, ölkəyə valyuta qazandırmaq lazımdır. Bunun üçünsə yüksək məhsuldarlığa nail olmaq lazımdır ki, ixrac potensialına sahib ola biləsən. Təbii ki, yüksək məhsuldarlıq sənayeləşdirməni tələb edir. 
İri sənaye şəhərləri ilə yanaşı istehsal müəssisələrinin regionlarda da inkişaf etdirilməsi hökumətin iqtisadi siyasətinin prioritetlərindən sayılır. Rayonlarda salınan sənaye məhəllələri bu tendensiyanı təsdiqləyən real faktlardır. Artıq Neftçala rayonunda sənaye məhəlləsi istifadəyə verilib və orada müəssisələr fəaliyyətə başlayıb. İki rayonda belə məhəllələr tezliklə istifadəyə veriləcək. Dördüncü olaraq Sabirabadda sənaye məhəlləsinin salınması haqda qərar qəbul edilib. Xüsusilə, sənaye üsulu ilə işləyən quşçuluq təsərrüfatlarının tikilməsinə diqqət böyükdür. Təsadüfi deyil ki, Azərbaycan artıq öz əhalisini quş əti ilə 100 faiz təmin edə bilir və ərəb ölkələrinə quş əti ixrac edir.
Qeyri-neft sektorunun inkişafı üzrə hökumətini həyata keçirdiyi kurs onu göstərir ki, tezliklə əksər istehsal sahələri üzrə göstəricilər dünya standartları səviyyəsinə yüksələcək. Bu isə adıçəkilən sektorun iqtisadiyyatımızda önə keçərək ağırlığı öz çiyinlərinə götürəcəyinə böyük təminatdır.
N.NOVRUZ