Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar hüquq sisteminin yüksək standartlarda təkmilləşdirilməsini şərtləndirir

1 Dekabr 2017 13:07 (UTC+04:00)

Namiq Əsgərov

Azərbaycan Respublikası Baş prokurorunun müavini

II dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi əsaslı islahatlar ölkənin hüquq sisteminin yüksək standartlar səviyyəsində təkmilləşdirilməsini şərtləndirir.

Xalqımızın ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunmuş, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşayiət olunan səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının, rifah halının, vətəndaş birliyinin və həmrəyliyinin yüksəlməsini təmin etmişdir.

Mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosial yönümlü dövlət siyasəti həyata keçirən, fəaliyyətinin əsas məramını ölkənin təhlükəsizliyinin, sabitliyinin və inkişafının təmin olunmasında, əhalinin rifah halının yüksəldilməsində görən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində respublikamız qlobal böhran şəraitində belə iqtisadi tərəqqi yolu keçməkdə davam edərək, insan hüquq və azadlıqlarının əsaslarının möhkəmləndirilməsinə, ictimai-siyasi və sosial institutların inkişafına, hüquq sisteminin ən yüksək standartlar səviyyəsində təkmilləşdirilməsinə nail olmuşdur.

Respublikamızda mütəmadi olaraq həyata keçirilən məqsədyönlü tədbirlər, məhkəmə-hüquq islahatları, institusional dəyişikliklər, qanunvericilik bazasının təkmilləşdirilməsi ən mütərəqqi beynəlxalq təcrübənin müsbət cəhətlərini və nailiyyətlərini özündə əks etdirən hüquq sisteminin formalaşdırılmasını təmin edərək insan hüquq və azadlıqlarının daha da etibarlı qorunmasına, bəşəri norma və prinsiplərə əməl edən müstəqil, demokratik və hüquqi dövlətimizin daha da möhkəmləndirilməsinə zəmin yaradır.

Təsadüfi deyildir ki, ölkədə konseptual əsaslarla ardıcıl surətdə həyata keçirilən məhkəmə-hüquq islahatlarına Avropa Şurasının mühüm təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bütün üzv dövlətlərdə yayılan dövri nəşrində böyük önəm verilərək xüsusi bir bölmə həsr edilmişdir. Azərbaycan hakimiyyətinin bu sahədə fəaliyyəti üzv dövlətlərin ekspertləri tərəfindən yüksək qiymətləndirilməklə, ölkəmizdə ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya-kommunikasiya texnologiyalarının və yeniliklərin tətbiqi sahəsində görülən işlərin bir çox Avropa ölkələrinə nümunə ola biləcəyi vurğulanmışdır. Azərbaycan Respublikasının bu sahədə həyata keçirdiyi layihələri nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankı ən uğurlu layihə kimi qiymətləndirərək, “Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasının qalibi elan etmişdir.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasında humanizm ideyalarının başlıca dəyər kimi qəbul olunaraq ona prioritet mövqedən yanaşılması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu öndər mərhəmət və insanpərvərlik məsələlərinə xüsusi önəm verərək, dövlət idarəçiliyində humanizm ənənələrinin təməlini qoymuşdur. Məhz onun hakimiyyəti dövründə-1995-2003-cü illərdə qəbul olunmuş, 77 mindən çox insana şamil edilmiş yeddi amnistiya aktı və 3 mindən çox insanın bağışlanaraq ailəsinə qovuşmasına səbəb olmuş otuz iki əfv fərman və sərəncamları ölkədə vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə inamını və etimadını daha da artırmışdır. Humanizmin təcəssümü olaraq ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza ləğv edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən humanizm dövlətin və onun orqanlarının fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilmişdir. Bunu dövlət başçısının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər, tətbiq etdiyi idarəetmə üsul və metodları, qəbul etdiyi qərarlar, verdiyi tapşırıqlar, xalqının rifahına və gələcəyinə, insan hüquqlarının qorunmasına olan qayğılı münasibəti birmənalı olaraq təsdiq edir.

2003-cü ildən ölkə Prezidenti tərəfindən imzalanaraq 3800-dən çox şəxsə şamil edilmiş 31 əfv sərəncamı da humanizm prinsiplərinə əsaslanan idarəçiliyin və humanist cəza siyasətinin həyata keçirilməsi ilə bağlı tətbiq edilən çoxsaylı tədbirlərin əhəmiyyətli hissəsi olmuşdur.

Hətta ən son dövrün təcrübəsinə əsasən qeyd edə bilərik ki, cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq hazırlanmış normativ hüquqi aktların qəbulu nəticəsində iqtisadi sahədə müəyyən cinayətlərin dekriminallaşması nəticəsində ötən il ərzində xeyli sayda cinayət törətmiş şəxs cəzadan azad edilmiş, yaxud cəzaları azaldılmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mərhəmətlilik və insanpərvərlik məfkurəsinə əsaslanaraq, amnistiya aktlarının qəbuluna dair mütəmadi olaraq təşəbbüslə çıxış etməklə humanizm prinsipinin, dövlətin sosial yönümlü siyasətinin həyata keçirilməsinə böyük töhfələr verir. Onun təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktının tətbiqi 40 mindən artıq insanın cəzadan azad olunması, yaxud cəzalarının azaldılması nəticəsində onların ailələrinə unudulmaz sevincin bəxş edilməsinə səbəb olmuşdur. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, ölkədə keçirilən ən mötəbər tədbirlərdə Təşkilat Komitəsinə rəhbərliyi həyata keçirməklə yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin həyata keçirilməsində, o cümlədən səhiyyənin, elmin və təhsilin inkişafı üzrə layihələrin icrasında, çoxsaylı məktəblərin, uşaq bağçalarının, xəstəxanaların tikilib istifadəyə verilməsində, vətəndaşların mənafe və maraqlarının təmin olunmasında mühüm rolu olan bu tanınmış ictimai-siyasi xadimin təyin olunması xalqımızın hədsiz sevincinə və rəğbətinə səbəb olmaqla ölkənin işıqlı gələcəyinə inamını daha da artırmışdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və onun siyasi irsini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl olaraq aparılan hərtərəfli və genişmiqyaslı islahatlar hüquq sisteminin beynəlxalq standartlar və müasir dövrün tələbləri səviyyəsində təkmilləşdirilməsinə, hüquqi tənzimetmənin beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə uyğun olaraq həyata keçirilməsinə zəmin yaratmaqla, cəza siyasətinin daha da humanistləşdirilməsini, törədilən cinayətlərə görə cəza təyin etmənin səmərəliliyinin artırılmasını, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqinin genişləndirilməsini zəruri etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” proqram xarakterli Sərəncamı ölkənin hüquq sisteminin inkişafının yeni mərhələsinin başlanğıcı olmaqla bu sahədə strateji hədəfləri müəyyən edərək, həmin istiqamətdə görülən işlər üçün sözün əsl mənasında «yol xəritəsi» əhəmiyyətinə malik olmuşdur.

Sərəncamın məqsədi cinayət təqibi və cəzaların icrası prosesində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan vasitələrdən daha çox istifadə edilməklə həbslə bağlı tədbirlərin tətbiqinin məhdudlaşdırılmasından, cinayət qanunvericiliyinin tətbiqində, cəza siyasətinin həyata keçirilməsində humanizm prinsipinə daha böyük önəm verilməsindən, məhkumların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasından, həmin məsələlərdə insanlıq dəyərlərinə üstünlük verilməsindən, penitensiar sistemin fəaliyyətinin beynəlxalq norma və prinsiplərə uyğun təkmilləşdirilməsindən, bu sahədə inkişaf etmiş dünya ölkələrində mövcud olan mütərəqqi təcrübənin tətbiqindən ibarət olmuşdur.

Sərəncam dövlətimizin həyata keçirdiyi sosial yönümlü siyasətə uyğun olaraq insanların əmin-amanlığına və mənafeyinə xüsusi önəm verməklə, ölkənin hüquq sistemində mütərəqqi islahatların daha sürətlə və intensiv olaraq həyata keçirilməsinə rəvac verərək, dövlətin cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutmaqla növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan vermiş, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist siyasətin növbəti təzahürü olmuşdur.

Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki əsas istiqamət müəyyən edilmişdir. İlk növbədə cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulmuşudur. İstintaq orqanları və məhkəmələr tərəfindən həbsin tətbiqi əsaslarına dair qanunun tələblərinə ciddi əməl edilməsi, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən, alternativ cəza və prosessual məcburiyyət tədbirləri tətbiq etmək yolu ilə nail olunması, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu cəzanın və digər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi kimi vəzifələr müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutaraq cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri tövsiyə olunmuş, prokurorluq orqanlarının üzərinə isə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün araşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatların müstəsna hallarda və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilməsi vəzifəsi qoyulmuşdur.

Digər tərəfdən Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması istiqamətlərində yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulmuşdur. Həmçinin, Sərəncamda cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Probasiya xidmətinin yaradılması, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması müəyyən olunmuşdur.

Sərəncamdan irəli gələn vəzifələrin vaxtında və tam şəkildə yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ali Məhkəməsi və Baş Prokurorluğu tərəfindən birgə işçi qrupu yaradılaraq müzakirələr aparılmaqla geniş təkliflər paketi hazırlanıb müvafiq qaydada təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında qanunvericilik orqanına təqdim olunmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin 20 oktyabr 2017-ci il tarixli iclasında qəbul edilmişdir.

Qeyd etməliyəm ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu demokratik məzmununa, sosial mahiyyətinə, cinayət qanunvericiliyinə edilən yeniliklərin sayına və həcminə görə bu qanunvericilik sahəsinin indiyədək mövcud olmuş təkmilləşdirilməsi təcrübəsində ən önəmli yer tutur. Yeni qanunla Cinayət Məcəlləsinə edilən dəyişikliklər cinayətlərin, xüsusilə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılmasını, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ olan, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların əlavə edilməsini, azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqi əsaslarının genişləndirilməsini, bu məqsədlə Cinayət Məcəlləsinə yeni cəza növü kimi-məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasının daxil edilməsini, zərərçəkmiş şəxslə barışıq institutunun daha da təkmilləşdirilməsini və digər məsələləri əhatə etmişdir.

Yeni qanuna əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilərək, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 cinayət əməli dekriminallaşdırılmış, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsasları genişləndirilərək, 24 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödənişin edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə, 1 cinayətə görə isə narkomaniya xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi təsbit olunmuş, 152 cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə edilməsi, 36 cinayətə görə azadlıqdan məhrum etmə cəzasının daha az müddətlərinin müəyyən edilməsi yolu ilə yüngülləşdirilməsi nəzərdə tutulmuşdur.

Belə ki, qəsdən törədilmiş bir sıra böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan törədilmiş cinayətlər, o cümlədən cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa az ağır zərər vurma, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma, telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma cinayətləri dekriminallaşdırılmışdır. Digər bir sıra cinayətlərin qanunda mövcud olmuş sadə tərkibi dekriminallaşdırılmaqla onların yalnız müəyyən ağırlaşdırıcı hallarda törədilməsi cinayət kimi təsbit edilmişdir. Məsələn, özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələməyə görə bütün hallarda deyil, yalnız odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma nəticəsində törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Yeni qanuna görə özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə etmə yalnız xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olacaq, bu əməlin təkrar törədilməsi isə buna əsas verməyəcəkdir.

Bununla yanaşı, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərini nəzərdə tutan maddələrdə bu əməllər əvvəllər müvafiq konkret cinayətlərə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə məsuliyyətin ağırlaşdırılmasını nəzərdə tutan müddəalar Cinayət Məcəlləsindən çıxarılmış, habelə oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə əməllərinə görə cinayət məsuliyyəti yaradan ziyanın məbləği 5 dəfə artırılmaqla həmin həddədək olan cinayətlər dekriminallaşdırılmışdır.

Zərərçəkmişin hüquqları və dövlət maraqları nəzərə alınaraq cəzaçəkmə müəssisələrində məhkumların sayının, istintaq və məhkəmə orqanlarının iş yükünün azaldılması məqsədilə cinayət məsuliyyətinə alternativ tədbir kimi cinayət məsuliyyətindən azad etmənin tətbiqi dairəsi genişləndirilmişdir. Cinayət Məcəlləsinə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə institutları daxil edilmişdir. Yeni qanunla, eyni zamanda, səmimi peşmanlıqla, zərərçəkmiş şəxslə barışmaqla və şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin tətbiqi əsasları əməlin ilk dəfə törədilməsi şərti aradan qaldırılaraq sadələşdirilmiş, bununla yanaşı şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi təsbit edilmişdir.

Belə ki, cəza siyasətinin liberallaşdırılması məqsədilə, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən və ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan bir sıra cinayətləri törətmiş şəxslərin vurulmuş ziyanı tamamilə ödədikdə, cinayət nəticəsində vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin məbləğindən asılı olaraq isə vurulmuş ziyanı tamamilə ödədikdə və ya əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə və bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir və ya iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur.

Bundan əlavə, Cinayət Məcəlləsinə mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətlər üzrə cinayət məsuliyyətinin diferensiallaşdırılması məqsədilə yeni tövsifedici hal qismində əməllərin xüsusilə külli miqdarda, yəni beş yüz min manatdan yuxarı olan məbləğdə ziyan vurmaqla və ya gəlir əldə etməklə törədilməsi kimi yeni cinayət tərkibləri əlavə edilmiş, müvafiq olaraq bir sıra cinayət tərkibləri üzrə cinayət məsuliyyəti yaradan xeyli və ya külli miqdarların məbləğləri artırılmış, həmçinin əməllərin xeyli və ya külli miqdarda törədilməsinə görə sanksiyada nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzaları yüngülləşdirilmiş, alternativ cəzalar əlavə edilmişdir.

Cəza siyasətinin liberallaşdırılması məqsədi ilə qanunda həmçinin, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əməlini törətmiş şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağlaması və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəməsi, habelə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlini törətmiş şəxsin həmin məhkəmə aktlarını məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etməsi cinayət məsuliyyətindən azad etmənin əsasları sırasına əlavə edilmişdir.

Qanunda nəzərdə tutulmuş konseptual əhəmiyyətli yeniliklərdən biri də, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqi ilə cinayət qanunvericiliyində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətini törətmiş şəxslərə münasibətdə baxışın dəyişdirilməsi və onların ilk növbədə narkomaniya xəstəliyinə düçar olmuş şəxslər kimi qəbul edilməsi olmuşdur. Yeni qanuna əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətini törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq ediləcəkdir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə isə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edəcəkdir. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında, əgər cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Yeni qanunda qeyd olunan qaydada məsuliyyətdən azad olunma imkanının şəxsə yalnız bir dəfə verilməsi, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müvafiq tibb müəssisəsinə yerləşdirilməsi qaydaları, bu tədbirlərin tətbiqinin uzadılması və ləğvi əsasları müəyyən edilmişdir.

Bundan əlavə, Cinayət Məcəlləsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması kimi cəzadan azad etmə institutlarının tətbiqi dairəsi genişləndirilməklə, məhkəmə tərəfindən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlinərsə, onların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilməsi, habelə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkum edilmiş hamilə qadınların və ya on dörd yaşına qədər uşağı olan qadınların, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin uşaq on dörd yaşına çatanadək təxirə salına bilməsi nəzərdə tutulmuşdur.

Həmçinin, cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi qaydası təkmilləşdirilmiş, Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların dairəsi genişləndirilərək, bu siyahıya cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi əlavə edilmişdir.

Bununla yanaşı, Cinayət Məcəlləsinin Xüsusi hissəsində 36 cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müəyyən edilmiş hədlərinin azaldılması nəticəsində 18 cinayət əməli az ağır cinayətlər kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 4 cinayət əməli ağır cinayətlər kateqoriyasından az ağır cinayətlər kateqoriyasına, 1 cinayət əməli xüsusilə ağır cinayət kateqoriyasından ağır cinayət kateqoriyasına keçirilmiş, 13 cinayətə görə isə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulmuş müddətlərinin həmin cinayətlərin kateqoriya dəyişikliyinə səbəb olmayan həddə azaldılması həyata keçirilmişdir.

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunla müəyyən edilmiş dəyişikliklər bununla bitməyərək, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi məqsədilə, Cinayət Məcəlləsinə yeni alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmiş, ictimai işlər, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma cəzalarının tətbiqi dairəsi genişləndirilmişdir.

Cinayət Məcəlləsinə yeni cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzasının daxil edilməsi məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasına, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla həmin cəzanın effektli icrasının təmin edilməsinə yönəlmişdir. Bu cəza növünün mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islahedici təsirindən istifadə edərək islah olunmasına şərait yaradılmasından ibarətdir. Belə şəxslərin cəzanın çəkilməsi şərtlərinə riayət etməsinə müasir informasiya-kommunikasiya texnologiyalarının-elektron nəzarət vasitələrinin tətbiqi ilə nail olunacaqdır. Yeni qanunla azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilə bilməyən şəxslərin dairəsi, həmçinin, qanunla və məhkəmə tərəfindən məhkum edilmiş şəxslərin üzərinə qoyulmuş vəzifələr, həmin vəzifələrin yerinə yetirilmədiyi təqdirdə görüləcək tədbirlər dəqiq şəkildə müəyyən edilmiş, bu cəzaya məhkum olunmuş şəxslərin elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərmək vəzifəsi müəyyən edilməklə yanaşı qeyd edilən vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsinin cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi nəzərdə tutulmuşdur.

Yeni qanunla, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərmək vəzifəsi, həmçinin, şərti məhkum etmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun üzərinə qoyulan vəzifələrin sırasına daxil edilmiş, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə isə qeyd olunan şəxslər barəsində məhkəmə tərəfindən şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərarın çıxarılması qaydası təsbit edilmişdir.

Göründüyü kimi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş şəxslərin yerdəyişmələrinin elektron nəzarət vasitələrinin tətbiqi ilə daim monitorinq edilməsi qeyd olunan tədbirlərin icrasına nəzarətin daha effektiv və səmərəli həyata keçirilməsinə zəmin yaradacaqdır.

İctimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər cəzasının icrasına effektli nəzarətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 438 nömrəli Qərarı ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilmişdir. Həmin qayda ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növlərinin, belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi qaydalarını, eyni zamanda, ictimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin xüsusiyyətlərini nəzərdə tutur.

Qanunda edilən mühüm dəyişikliklərdən biri də məhkumluğun ödənilməsi müddətlərinin azaldılması ilə əlaqədar olmuş, yeni qanuna əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluğun ödənilməsi müddəti üç ildən bir ilə, az ağır cinayətlərə görə isə üç ildən iki ilə endirilmişdir.

Qüvvədə olan cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir. Yeni qanunla yetkinlik yaşına çatmayan şəxslərə daha böyük güzəştlər nəzərdə tutularaq Cinayət Məcəlləsinə “Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi” adlı maddə əlavə edilməklə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxslərin cəza çəkdiyi dövrdə davranışını nəzərə alaraq cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi nəzərdə tutulmuşdur.

Yeni qanuna əsasən, cinayət hesab olunmayan əməllərə görə bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslərin cəzadan azad olunması, onların, habelə həmin qanunla cinayət hesab edilməyən əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin məhkumluğu olmayan hesab edilməsi, bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə yeni qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətlərinin yeni qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda yeni həddə qədər azaldılması müəyyən olunmuşdur. Həmçinin, cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməsi və ya cinayət təqibinin başlanmasının rədd edilməsi və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması nəzərdə tutulmuşdur.

Bununla belə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görüləcək işlər ölkədə cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini azaltmamalı və bu sahədə zəruri işlər davam etdirilməlidir.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun qəbulu ilə əlaqədar prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və səmərəli icrasının təmin olunması məqsədilə Baş Prokurorluq üzrə geniş Tədbirlər planı hazırlanaraq 13 noyabr 2017-ci il tarixdə təsdiq olunmaqla icrasına başlanılmışdır. Tədbirlər planında Baş Prokurorluqda, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarında Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinə dair 20 oktyabr 2017-ci il tarixli qanunun müddəalarından irəli gələn məsələlərə həsr olunmuş konfrans və dəyirmi masaların, prokurorluğun struktur qurumlarında bu məsələlərə həsr edilmiş seminarların, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə idarələrarası məşğələlərin keçirilməsi, prokurorluq orqanlarında keçirilən seminar məşğələlərin tematik planlarına yeni qanuna dair mövzuların daxil edilərək öyrənilməsi nəzərdə tutulmuşdur.

Tədbirlər planına əsasən, həmçinin, cinayət qanunvericiliyinə yeni qanunla edilmiş dəyişiklərin mahiyyəti və tətbiqi barədə kütləvi informasiya vasitələrində çıxışların edilməsi, məqalələrin dərc olunması, Baş Prokurorluq üzrə normativ aktların yeni qanuna uyğunlaşdırılması, yeni qanunun dövlət ittihamçıları tərəfindən tətbiqi zamanı yarana biləcək hüquqi məsələlərin həllinə həsr olunmuş seminar məşğələlərin keçirilməsi, yeni qanunun rayon (şəhər) prokurorluqlarının əməkdaşları tərəfindən öyrənilməsi məqsədilə regional müşavirələrin keçirilməsinin təşkili, beynəlxalq tədbirlərdə ölkəmizdə həyata keçirilən humanist cəza siyasətinin təbliği, bu məsələyə dair məlumatları əks etdirən materialların hazırlanaraq paylanılması təmin olunacaqdır.

Bununla yanaşı, prokurorluğun bütün struktur qurumlarına 13 noyabr 2017-ci il tarixdə yeni qanunun hər bir prokurorluq işçisi tərəfindən dərindən öyrənilməsi, xidməti fəaliyyətlərində düzgün tətbiqi, bu məqsədlə seminar-məşğələlərin keçirilməsi, kütləvi informasiya vasitələrində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması baxımından qanunun mahiyyətini və məzmununu açıqlayan çıxışların edilməsi ilə əlaqədar zəruri göstərişlər verilmişdir.

Sonda qeyd etmək istəyirəm ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanun dövlət başçısının imzaladığı, ölkənin hüquq sisteminin yüksək standartlar səviyyəsində təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni mərhələsinin başlanğıcı olan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamında nəzərdə tutulmuş mühüm tədbirlərin həyata keçirilməsi ilə əlaqədar qəbul olunmaqla ölkədə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına böyük töhfə olacaqdır.

Trend