Azərbaycan dünya miqyasında antiseparatizm hərəkatını başlatdı

2 Dekabr 2017 09:00 (UTC+04:00)

Bu günlərdə Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlI beynəlxalq forum keçirilib. Forumun işində bir çox ölkələrdən gələn tanınmış siyasətçilər və siyasətşünaslar iştirak ediblər. Hesab edilir ki, bununla Azərbaycan həm də dünya miqyasında antiseparatizm hərəkatını başladıb.

Qeyd edək ki, Azərbaycan artıq üç onillyə yaxındır ki, separatizmdən əziyyət çəkir. Ermənistan özünün təcavüzkar siyasətilə torpaqlarımızın bir hissəsini işğal edib. Lakin məsələ ondadır ki, Azərbaycan artıq uzun müddətdir separatizmlə üz-üzə qalsa da, dünyanın aparıcı ölkələri dövlətimizin yaşadığı bu bəlaya münasibətdə laqeyd olublar. Onlar sözdə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, işə gələndə bölgəmizdə Ermənsitanın günahı üzündən meydana gələn separatizmin aradan qaldırılmasına real töhfə verməyiblər. Real töhfə verməmələri bir yana, hətta Azərbaycanın özünün belə separatizmi aradan qaldırmaq yolunda addım atmasına maneə olmağa çalışıblar. Amma artıq separatizm dalğası bu günə qədər ona biganə yanaşan Avropanı da bürüməyə başlayıb. Bir neçə ay öncə İspaniyanın Kataloniya əyalətində baş verən olaylar buna əyani misaldır. Hansı ki, başqa ərazilərdə, o cümlədən Cənubi Qafqazda yaşanan separatizm hərəkatlarına göz yuman Avropa özünə gələndə baş verən prosesə göz yummayaraq, dərhal separatizmin kökünü kəsmək istiqamətində fəaliyyətə keçdi. Bu mənada Brüsseldə Bakının təşəbbüsü ilə keçirilən forumla hesab edilir ki, Azərbaycan həm də dünya miqyasında antiseparatizm hərəkatını başladıb.

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, Azərbaycanın başlatdığı antiseparatizm hərəkatı dünyada mövcud olan separatizm meyllərinə qarşı mübarizəyə mühüm töhfə verəcək: “Hesab edirəm ki, separatizmə qarşı mübarizə məsələlərini özündə ehtiva edən bir forumun Brüsseldə Azərbaycan tərəfindən təşkil edilməsi və dünyanın tanınmış siyasi xadimlərinin ora qatılması hazırda dünya üçün ən ciddi təhdidlər sırasında kütləvi qırğın silahlarının yayılması, beynəlxalq terrorizm problemilə yanaşı, separatizm probleminin də ən ciddi çağırışlar sırasında olmasına hesablanıb.

Separatizm bir çox hallarda terrorizmlə çulğalaşmış, birgə istiqamətdə fəaliyyət göstərir, belə demək mümkünsə, bir-birini tamamlayırlar. Separatçıların dövlət daxilində parçalanmanı həyata keçirmək üçün öz niyyətlərinə çatmaq yolunda ən çox istifadə etdikləri üsul eyni zamanda terrorizmdir. Bu nöqteyi-nəzərdən belə bir tədbirin Brüsseldə keçirilməsi ilk növbədə ona ünvanlanıb ki, həmin bəlalara qarşı ayrı-ayrılıqda deyil, birlikdə, əlaqələndirilmiş şəkildə mübarizə aparmaq lazımdır. Əslində, indi antiseparatizm hərəkatına əvvəlki dövrlərlə müqayisədə daha çox ehtiyac var. Çünki Dağlıq Qarabağ probleminin yaranmasının əsas səbəbi Ermənistanın separatçılıq siyasətidir. İşğalçı dövlət Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini, suverenliyini pozmaq və Dağlıq Qarabağı qoparmağa çalışır. Separatizm 20 ildən artıqdır ki, davam etməklə Cənubi Qafqaz üçün ən böyük təhlükəyə çevrilib. Lakin beynəlxalq birlik bunu zamanında dəyərləndirə bilmədi. O vaxta qədər ki, Qərbin özü anoloji problemlə üz-üzə gəldi. Avropa İttifaqının İspaniya kimi bir dövləti bu bəla ilə üzləşdi. Belədə İspaniyanın parçalanması artıq real məzmun kəsb etməkdə idi. İspaniyanın ardınca Böyük Britaniya, İtaliya, Fransa və digər Avropa ölkələrini də eyni tale gözləyirdi. Məhz bu zaman separatizmin nə qədər təhlükəli olduğunu Avropa dövlətləri dərk etdilər və bu əsasda da İspaniyanın ərazi bütövlüyü məsələsi birmənalı şəkildə dəstəkləndi. Kataloniya separatçılarının liderlərinə qarşı da cinayət işi açıldı. Yəni, Avropa İspaniyadakı Kataloniya hadisələrindən sonra özünə gələrək, separatizmin nə olduğunu daha yaxşı dərk etməyə başladı.  Azərbaycanın da bu mənada Brüsseldə belə bir tədbiri keçirməsinin mənası ondan ibarətdir ki, 20 il öncə Qərb bu reallığa qiymət verərək, vaxtında tədbirlər görməklə Ermənistanın separatçı əməllərinə qarşı ölçü götürsəydi, onda Avropanı da separatizm təhlükələri gözləməzdi. Avropa bu mənada əslində, öz susqunluğu, ikili standart siyasəti  və biganəliyinin girovuna çevrilib. Onlar əkdikləri biganəlik, laqeydlik toxumunu bu gün biçməyə məhkumdurlar. Bu nöqteyi-nəzərdən onlar hazırda bir bumeranq effektilə üz-üzə qalıblar. Belə bir forumun keçirilməsi də bütün bu məsələlərin araşdırılması, üzə çıxarılması və nəticə çıxarılması baxımından əhəmiyyətlidir.

Həm də bir daha bu fikir öz təsdiqini tapdı ki, beynəlxalq hüququn ən mühüm prinsipi ərazi bütövlüyü və suverenlik, bir-birinin daxili işlərinə qarışmamaq, sərhədlərin pozulmamazlığı prinsipidir. Bunlara riayət edilmədiyi təqdirdə xaos, anarxiya ayaq açır. Onda da separatizm üçün ən münbit şərait yaranır”.

Rüfət NADİROĞLU