İqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilir

2 Dekabr 2017 08:00 (UTC+04:00)

İnnovativ iqtisadiyyatın formalaşması, yerli resurs və xammalla işləyən, ixrac yönümlü  məhsullar istehsal edən muasir sənaye sahələrinin yaradılaması iqtisadi inkişafın davamlılığını göstərən əsas amillərdəndir. Azərbaycanda son illər ardıcıl olaraq qeyri-neft sektorunda  artım  qeydə  alınır.  Ölkəmiz uzun illər boyu neft və qaz sənayesinin əsas yer aldığı iqtisadiyyatla irəliləyib. İndi elə zaman gəlib ki, yalnız enerji daşıyıcılarına ümid bağlamaq olmaz. Bu mühüm meyara əsaslanaraq hökumət öz iqtisadi siyasətini digər istehsal sahələrinin, yəni qeyri-neft sektoru inkişafınına yönəldib.

Son illərdə həyata keçirilən sənayeləşmə tədbirləri sayəsində yeni istehsal gücləri istifadəyə verilib, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılıb.  Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, yeni Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, neft-kimya sənayesində müasirləşdirmə aparılması və Karbamid zavodunun inşası, bir rayonda  sənaye məhəlləsinin tikilib istifadəyə verilməsi, daha ikisinin açılışına hazırlıq getməsi, aqrar sahədə kəndli-fermer təsərrüfatları şəbəkəsinin genişləndirilməsi və iri aqroparklarım təşkili neft kapitalının insan kapitalına çevrilməsində yeni nailiyyətlər qazanılması ilə yanaşı, iqtisadi şaxələndirməni də gücləndirib.

Cəmi bir neçə ildə qeyri-neft sənayesi üzrə maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb. Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri buna misaldır. Yeni müəssisələrin qurulmasında iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleks istehsal tsiklinin təşkili, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların stimullaşdırılması diqqət mərkəzində saxlanılır.

Kənd təsərrüfatı sahəsində də ildən-ilə böyük sıçrayışlar baş verir. Ənənəvi təsərrüfatçılıq metodları müasir, daha böyük məhsuldarlığı təmin edən texnologiyalarla əvəzlənir. Baramaçılıq, tərəvəzçilik, meyvəçilik, tütünçülük, çayçılıq, fındıqçılıq kimi ixrac yönümlü sahələrin inkişafı iqtisadi gəlirliyi artırmaqla neftdən asılılığının azaldılmasından sanballı paya sahib olur. Bu ilin 9 ayında qeyri-neft iqtisadiyyatı üzrə 2,5 faiz artım olub. Bu rəqəm şaxələndirmə siyaqsətinin uğurudur. Həm də hökumətin həyata keçirdiyi dayanıqlı iqtisadi kursun səmərəliliyinin sübutudur. Çünki qeyri-neft sektorunun inkişafı hazırda iqtisadi siyasətin əsas prioritetidir. Ayrılıqda qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas baza sayılan kənd təsərrüfatının artımı isə göstərilən dövrdə  2,8 faizdir.

Qeyri-neft sektorunun sürətli inkişafı xarici ticarət dövriyyəsinə də müsbət təsir edib və bu sahədə 7 faizlik artım baş verib. Bu qədər artım ixracın idxalı üstələməsini göstərir ki, bu da iqtisadiyyatın inkişafında təqdirəlayiq haldır. 2017-ci ilin 9 ayında qeyri-neft sektoru hesabına xarici ticarətdə yaranmış 4,4 milyard dollarlıq müsbət saldo ölkəmizin artıq neft-qaz asılılığından qurtulmasını ortaya qoyub. Bu hal inkişafın perspektivi üçün sanballı bünövrə deməkdir.

 

N.NOVRUZ