Ermənistan "Metsamor" AES dilemması ilə üz-üzə qalıb

5 Dekabr 2017 09:43 (UTC+04:00)

Ermənistan Avropa İttifaqı ilə yeni əməkdaşlıq sazişi imzaladı. Burada  Avropa İttifaqının əsas tələblərindən biri "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasıdır.

Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi ki, Aİ "Metsamor" Atom Elektrik Stansiyası ilə bağlı tələb yerinə yetirilmədiyi təqdirdə belə, İrəvana münasibətdə mövqeyini sərtləşdirməyəcək: “Avropa İttifaqı, ümumiyyətlə, xristian dünyası Ermənistana qarşı hətta qurumun “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinə son qoymaqlla bağlı tələbinin yerinə yetirilmədiyi təqdirdə belə, heç bir tədbir görməyəcək. Tədbir görsəydilər, indiyə kimi, Ermənistanı işğalçı ölkə kimi tanıyardılar.

Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib, bunun nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Nəticədə dövlətimizin sərhədləri, xalqımızın hüquqları pozulub. Bu boyda problem yaratmasına, bəşəriyyət üçün cinayət törətməsinə baxmayaraq, Ermənistana qaşın üstə gözün var deyən yoxdur. İrəvan BMT-nin məlum 4 qətnaməsinə məhəl qoymur, bu fonda Avropa İttifaqı ona nə edəcək? Vaşinqtonun bir istəyi var, o da ondan ibarətdir ki, Ermənistanı Rusiyanın ağuşundan çıxartsın. Amma başa düşmürlər ki, Ermənistan heç də Rusiyanın təkcə ağuşunda deyil, onlar Moskvanın bətnində həzm olunmuş forpost rolunu oynayan bir dövlətdir. Onu oradan çıxartmaq üçün isə cərrahi əməliyyata ehtiyac vardır. Ermənsitan iqtidarı öz addımları ilə hakimiyyətini uzatmaqla məşğuldur. Bir tərəfdən Avropanı aldadır, digər tərəfdən Rusiya ilə münasibətlərini saxlayır. Həmçinin, Amerikadan, erməni lobbilərindən pul alır.  Erməni xalqı isə legitim hakimiyyət olmayan Serj Sarkisyan rejiminə nifrət edir. Belə olan təqdirdə, Avropa İttifaqı Azərbaycana qarşı münasibətlərində həmişə ədalətli olmağa çalışmalıdır ki, Ermənistana münasibətdə də xristian təəssübkeşliyindən deyil, ədalət mövqeyindən yanaşa bilsin. Lakin görmüşük ki, Qərb həmişə tərəzinin gözünü əyib, Ermənistanın tərəfini saxlayıb. Ermənistan regiona “Metsamor” Atom Elektrik Stansiyasından da ağır günlər yaşadıb. Amma bütün hallarda ona münasibətdə Qərb susmağa üstünlük verib. Ona görə də “Metsamor” fəaliyyətini davam etdirsə də, Qərb Ermənistana heç nə edən deyil”.  

Millət vəkili, professor Musa Qasımlı isə "Metsamor"la bağlı tələbi icra etmədiyi təqdirdə Aİ-nin Ermənistana təzyiq etməsi məsələsinin gündəmə çıxa biləcəyini istisna etmədi: “Köhnəlmiş “Metsamor" Atom Elektrik Stansiyasının mövcudluğu region üçün təhlükədir və fəaliyyət göstərməsi beynəlxalq qaydalara ziddir.

Hesab edirəm ki, İrəvan götürdüyü öhdəliyi yerinə yetirməlidir. Ancaq Ermənistan müstəqil olmadığı və Rusiyadan asılı olduğundan bu tələbi yerinə yetirəcəyi inandırıcı görünmür. Belə bir şəraitdə Avropa İttifaqının Ermənistana təzyiqlər və sanksiyalar tətbiq etməsi gündəliyə gələ bilər. Avropa İttifaqı bu addımı atmazsa, fərqli situasiya yarana və qurum özünü daha da gözdən sala bilər”.

Rüfət NADİROĞLU