Azərbaycanın Avropada mövqeləri güclənir

5 Dekabr 2017 09:55 (UTC+04:00)

ABŞ və Avropa ölkələrinin böyük əksəriyyəti Rusiyanın  "Şimal axını-2” layihəsinin sıradan çıxarılması istiqamətində fəaliyyətlərini genişləndirirlər. Məhz belə bir vaxtda Danimarka parlamenti “Şimal axını-2” qaz borusunun inşasına qarşı yönəlmiş qanun qəbul edib. Qanunda nəzərdə tutulmuş müddəalar hökumətə ölkə ərazisindən qaz borularının çəkilişinə qadağa qoymağa imkan verəcək.

ABŞ dövlət katibinin köməkçisinin müavini Con Makkarrik Rusiyadan Almaniyaya gedəcək “Şimal axını-2” qaz kəmərinə qarşı olduqlarını bəyan edib. Belə vəziyyətdə Avropada Azərbaycan qazına və digər mənbələrdən ölkəmiz üzərindən Avropaya çatdıralacaq qaza Qərbdə tələbin daha da artması gözlənilir.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Türkmənistan, İraq və İranın da iştirak etməsi fonunda Azərbaycanın operator olduğu qaz layihələrinə Avropada tələb daha da artacaq: “Avropa ölkələri “Şimal axını-2” layihəsilə gələcəkdə Rusiyanın enerji daşıyıcısı amilindən istifadə etməklə Qərbə təzyiq və təsir etmək mexanizmlərini əldə etməsindən narahatdır. Bunun örnəkləri də var. Ukraynada böhran başlayanda Rusiya iki il ardıcıl olaraq Avropaya gedən qazı azaltdı və bu fonda əsasən  Şərqi Avropa ölkələrində ciddi qaz böhranı yaşandı. Bu da Avropa ölkələrinə Rusiyanın mavi yanacaqdan enerji silahı kimi istifadə etdiyini göstərdi. Yaranmış vəziyyət son olaraq Qərbdə “Şimal axını-2”yə münasibətdə sözügedən mövqenin formalaşmasına səbəb oldu. Həmçinin, son qəbul olunan Avropa Enerji Xartiyasında belə bir müddəa var ki, qaz tədarükçü ölkələr Avropa Birliyinin ərazisində onu həm tədarük edib, həm də sata bilməzlər. Bunun üçün onlar yerli şirkətlərlə iş birliyinə getməlidir ki, çoxşaxəli bir model olsun. Lakin Moskva da buna razı deyil ki, məsələnin kökü də ondan qaynaqlanır.

Azərbaycanın “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələrinə onsuz da Avropanın ciddi marağı var. Bu istiqamətlərdə həmçinin böyük işlər də görülüb. Avropanın maliyyə institutları layihənin gerçəkləşməsinə ciddi dəstək verir. Həmin layihələrin gerçəkləşməsinə 4,8 milyard dollarlıq kredit də ayrılıb. Hətta daha 2 milyard dollar kreditin ayrılması da müzakirə mövzusudur. Çox güman ki, bu dəstək də olacaq. Belədə “Cənub Qaz Dəhlizi”nin önəmi getdikcə artır. Amma Azərbaycanın qaz hasil etməsi və ötürülməsi sahəsində məhdudiyyətlər də mövcuddur. Azərbaycanda il ərzində Avropanı ciddi şəkildə təmin edəcək qədər qaz hasil olunmur. Söhbət təxminən 10 milyard kubmetr qazın Avropaya çatdırılmasından gedir ki, bu da kifayət qədər kiçik həcmdir. Çünki Avropanın ümumi qaz istehlakı illik 500 milyard kubmetrdir. Lakin gələcəkdə haqqında söhbət açdığımız layihələrə digər ölkələrin qoşulması üçün Azərbaycan daha üstün mövqe qazanır.

Artıq İran və İraq da “Cənub Qaz Dəhlizi”nə maraq göstərir. Türkmənistan qazının da ora qoşulması illərdir ki, müzakirə olunur. Yeri gəlmişkən, burada da Rusiya əngəli var. Moskva Xəzərin statusunun müəyyən olunmamasını bəhanə edərək "Transxəzər" boru kəmərinin çəkilişinə dəfələrlə veto qoyub. Ona görə də başqa ölkələrin Azərbaycanın operator rolunda çıxış etdiyi layihələrə qoşulması şansı artır. Böyük ehtimalla gələcəkdə təxminən 10 milyard kubmetrlik qazla İraq  və ondan artıq həcmdə qazla İran “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulacaqlar. Buna da Avropa ölkələrinin ciddi dəstəyinin olması ehtimalı var. Belə vəziyyət isə Azərbaycana həm siyasi, həm də iqtisadi üstünlüklər gətirə bilər”.

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyevin fikrincə, İran, İraq və Türkmənistan qazının “Cənub Qaz Dəhlizi”nə qoşulması ilə Avropanın mərkəzi və cənub hissəsinin mavi yanacaqla təminatında Azərbaycanın operator olduğu layihələrin xüsusi çəkisi də artacaq: “Bildiyiniz kimi, bir ay öncə Avropa Komissiyası Avropa İttifaqının üçüncü enerji paketinə “Qaz direktivi” adlı əlavə təklif edib. Düzdür, hələlik bu əlavələr qüvvəyə minməyib. Çünki həm Aİ-də, həm də quruma üzv dövlətlərdə müzakirə edildikdən sonra qüvvəyə minəcək. Bu qaz direktivinin əsas tələbi isə odur ki, dəniz ixrac kəmərlərinin çəkilişi ümumavropa enerji qanunvericiliyi və tələblərinə uyğun olmalıdır.

Bir neçə gün əvvəl ABŞ rəsmiləri, Dövlət Departamenti, Danimarkanın dövlət strukturları “Şimal axını-2” layihəsinin çəkilişini Avropa  ölkələrinin enerji təhlükəsizliyi və mənbələrin diversifikasiya üçün təhdid törətdiyini bildiriblər. Həmin kəmər Baltik dənizinin dibi ilə çəkildiyindən bu ekoloji cəhətdən də qənaətbəxş layihə deyil. Baxmayaraq ki, “Qazprom” rəsmləri  “Şimal axını-2” layihəsilə bağlı ekoloji dəyərləndirmə sənədini artıq müvafiq Avropa strukturlarına təqdim ediblər. Amma məsələ ondadır ki, ABŞ və Avropa həm “Şimal axını-2”, həm də “Türk axını” layihələrinin ikinci xəttinin çəkilişini məqsədəuyğun hesab etmirlər. Çünki hər iki kəmər Aİ-nin üçüncü enerji paketi şərtlərinə ziddir. Ona görə ki, Avropanın qaz bazarı bir tədarükçü dövlət və yaxud şirkətdən asılı ola bilməz. Bu mənada Rusiyanın sözügedən iki layihə üzrə çabaları nə geosiyasi, nə də Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından  düzgün addım deyil.

Aİ ümumiyyətlə, Krımın anneksiyasından sonra üzv ölkələrin enerji təhlükəsizliyinin möhkəm əsaslar üzərində qurulması istiqamətində kifayət qədər ciddi addımlar atmağa başlayıb. Bunlar mənbələrin diversifikasiyasına söykənən “Cənub Qaz Dəhlizi”nə ciddi dəstək verilməsi və Avropa dövlətləri arasında birləşdirici qaz kəmərlərinin inşaasının sürətlə davam etdirilməsindən ibarətdir.  Bu baxımdan da Rusiyanın hər iki layihəsinin gələcəkdə ciddi bir effekti olmayacaq. Böyük ehtimalla, Moskvanın istəyində olan bu layihələr gerçəkləşməyəcək. Lakin bu, o demək deyil ki, Avropa dövlətləri Rusiyanın boru kəmər qazından imtina edirlər. Əsla imtina etmirlər. Çünki digər qaz mənbələri də hələlik mövcud deyil. Qərb Rusiya qazının Belarus və Ukrayna üzərindən tranzitində maraqlıdır. “Cənub Qaz Dəhlizi” layihəsi istismara verildikdən sonra təbii ki, Avropanın enerji xəritəsində müəyyən dəyişikliklər olacaq.  Amma “Cənub Qaz Dəhlizi”də Avropanın tam olaraq enerji təhlükəsizliyilə təmin olunmasına gətirib çıxarmayacaq. Sadəcə olaraq, bu enerji dəhlizinin üstün cəhəti odur ki, həmin layihə Xəzər regionu ilə Aralıq dənizinin enerji rayonlarını birləşdirəcək önəmli bir layihə olacaq.  Çünki Avropada, həm də Rusiyada bilirlər ki, “Cənub Qaz Dəhlizi”nin tam layihə gücünə çıxması Avropanın mərkəzi və cənub periferiyasında ciddi dəyişikliklərə gətirib çıxaracaq.

Avropanın mərkəzi və cənub periferiyasının qaza olan illik tələbatı hardasa, 32 milyard kubmetrdir. Bu mənada qarşıdakı illərdə, Türkmənistan, İran və İraq Kürdüstanından çıxarılan qaz “Cənub Qaz Dəhlizi”nə qoşularsa, Avropanın enerji bazarında da ciddi dəyişikliklər baş verəcək və “köhnə dünya”nın mərkəzilə cənub periferiyasında yerləşən dövlətlərin qaz portfelində Rusiya qazının xüsusi çəkisi açağı düşəcək”.

Rüfət NADİROĞLU