Çempionlar Liqasında qrup mərhələsinin son turuna start verilir

5 Dekabr 2017 11:24 (UTC+04:00)

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.

Avropanın müxtəlif ölkələrində baş tutacaq 8 matçdan sonra 1/8 finala vəsiqə qazanan komandaların sayı 12-ə çatacaq. Sözügedən 4 vəsiqəyə 7 iddiaçı var. Bunlar "Manchester United", "Basel", MOİK, "Roma", "Atletico", "Sporting" və "Juventus" komandalarıdır.

A qrupunda MOİK-i qəbul edəcək “Manchester United”i heç-heçə də qane edir. İngiltərə təmsilçisi uduzsa belə, 1/8 finala çıxa bilər. Bunun üçün “Basel”in “Benfica” ilə səfər matçında xal itirməsi lazımdır. Rusiya klubunun taleyi isə öz əlindədir. Moskvalılar ya qalib gəlməli, ya da heç-heçə edib, “Bazel”in uduzmasını gözləməlidirlər.

B qrupunda PSG və “Bayern Munich”in qitənin ən nüfuzlu klub turnirində yollarına davam edəcəkləri dəqiqləşib. 

C qrupunda “Chelsea" pley-offa erkən yüksəlibsə, “Qarabağ”ın qrup sonuncusu olması rəsmiləşib. Ağdam klubunu qəbul edəcək “Roma” qalib gəlməklə, “Chelsea”yə qoşulacaq. “Atletico” isə İngiltərədə qələbə qazanıb, italiyalıların xal itirmələrinə ümid etməlidir.

D qrupunda “Barcelona” 1/8 finala adlayıb. "Juventus" və "Sportinq" də anoloji uğura imza ata bilərlər. Portuqaliyalıları 1 xal qabaqlayan İtaliya çempionunun taleyi öz əlindədir.

Qeyd edək ki, “Bayern Munich”, PSG, “Chelsea”, “Barcelona”, “Beşiktaş”, “Manchester City”, “Real” və “Tottenham” 1/8 finala vəsiqəni təmin edib. “Anderlext”, APOEL, “Seltik” və Dortmund “Borussiya”sı pley-off şansını itirib. “Qarabağ”, “Benfica”, “Maribor”, “Monaco”, “Olympiacos” və “Feyenoord”un qrup sonuncusu olacağı dəqiqləşib.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

5 dekabr

 

A qrupu

23:45. "Manchester United" (İngiltərə) - MOİK (Moskva, Rusiya)

23:45. "Benfica" (Portuqaliya) - "Basel" (İsveçrə)

Xal durumu: "Manchester United" - 12, "Basel" - 9, MOİK - 9, "Benfica" - 0.

B qrupu

23:45. "Bayern Munich" (Almaniya) - PSG (Fransa)

23:45. "Celtic" (Şotlandiya) - "Anderlecht" (Belçika)

Xal durumu: PSG - 15, "Bayern Munich" - 12, "Celtic" - 3, "Anderlecht" - 0.

C qrupu

23:45. "Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

23:45. "Chelsea" (İngiltərə) - "Atletico" (İspaniya)

Xal durumu: "Chelsea" - 10, "Roma" - 8, "Atletico" - 6, "Qarabağ" - 2.

D qrupu

23:45. "Olympiacos" (Yunanıstan) - "Juventus" (İtaliya)

23:45. "Barcelona" (İspaniya) - "Sporting" (Portuqaliya)

Xal durumu: "Barcelona" - 11, "Juventus" - 8, "Sporting" - 7, "Olympiacos" - 1.