Rusiya Ədliyyə Nazirliyi 9 KİV-i xarici ölkə agentləri siyahısına salıb

5 Dekabr 2017 12:24 (UTC+04:00)

Rusiyanın Ədliyyə Nazirliyi 9 KİV-i, o cümlədən “Amerikanın səsi”, “Azadlıq radiosu” və “Hazırkı zaman” telekanalını xarici ölkə agentləri siyahısına salıb. Onların hamısı ABŞ-ın mətbuat orqanlarıdır.

Movqe.az AZƏRTAC-a  istinadla xəbər verir ki, həmçinin siyahıda “Idel.Realii”, “Kavkaz.Realii”, “Krım.Realii”, “Azadlıq radiosu”nun Tatarıstan-Başkırdıstan xidməti, “Azad Avropa Radiosu/Azadlıq Radiosu”, “Sibir.Realii” və “Faktoqraf” layihəsinin də adları var. Həmin KİV-lərin jurnalistlərinə Federasiya Şurasına giriş qadağan olunacaq. Yuxarı palata müvafiq qərarı dekabrın 15-də qəbul edəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin xarici ölkə agentləri olan KİV-lər barədə qanunu noyabrın 25-də imzalayıb. Sənədin ABŞ-da Rusiyaya məxsus media resurslarının sıxışdırılmasına məcburi cavab olduğu bildirilir.

Xarici İşlər Nazirliyi Vaşinqtonun məhdudiyyətləri aradan qaldıracağı təqdirdə Moskvanın da analoji addım atacağını qeyd edib.