"Gürcüstandan bizə ağır vəziyyətdə xəstələr gəlir"-Rəsmi cavab

5 Dekabr 2017 12:34 (UTC+04:00)

Bütün dünyada müalicə üçün digər ölkələrə üz tutan turistər var. Son illər Azərbaycandan səhiyyə turizmi məqsədilə ən çox axın İran İslam Respublikasına olsa da, artıq son vaxtlar şəfa tapmaq üçün İrana axışanların sayında da bir səngimə var. Bu günlərdə Tiflisdə fəaliyyət göstərən  "New Hospitals" Klinikasının direktoru Nika Okriaşvili Azərbaycandan Tiflisə xeyli sayda insanın müalicə məqsədilə gəldiyini vurğulayıb: “Azərbaycanın Gəncə adlı bir şəhəri var. Böyük şəhərdi. O şəhərin bir avtovağzalı var. O avtovağzalda taksilər dayanır. O taksi sürücülərinin hamısı mənim əməkdaşlarımdı. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər. Taksi sürücüləri artıq o gədər xəstə gətiriblər ki, onlar artıq professional olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır , mənə mesajla göndərirlər. Onlar tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, onlar böyük xəstəxanalar tikiblər. Amma hamısı mualicəyə Tbilisi şəhərinə gəlir", - deyə Nika Okriaşvili bildirib.


Azərbaycan Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının sədri Nəsib Quliyev isə Movqe.az-a açıqlamasında N. Okraşvilinin dediklərinin həqiqətdən uzaq olduğunu bildirir.

N. Quliyev deyir ki, əksinə, Gürcüstan vətəndaşları müalicə məqsədilə Azərbaycana gəlirlər: “Gürcüstandan müalicə üçün ölkəmizə üz tutanlar əsasən Milli Onkolologiya Mərkəzinə, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, eləcə də ürək qüsurları ilə bağlı Azərbaycandakı ixtisaslaşmış tibb müəssisələrinə müraciət edirlər. Araşdırma aparsaq görərik ki, Gürcüstana həkimə gedənlər ancaq Gürcüstan-Azərbaycan sərhədyanı bölgələrində, Qazax,Ağstafa kimi rayonlarda yaşayan sakinlərdir. Hansı ki, o rayonlarla Tiflis arasındakı məsafə 90 kilometrdir. Yaxın olduğu üçün sərhədyani bölgə kimi ora müraciət edirlər. Hələ indiyədək mənim yadıma gəlmir ki, bizim komissiyada müzakirə aparılsın, hansısa xəstə müalicə üçün Gürcüstana göndərilsin. Çünki, Gürcüstanda səhiyyə çox dağıdılmış bir vəziyyətdədir. Orada dövlət səhiyyə sistemi yoxdur.  Demək olar ki, bütün səhiyyə müəssisələri özəlləşdirilib. Dövlət hər hansı tədbir həyata keçirdikdə, özəl tibb müəssisələri ilə müqavilə bağlayır. Gürcüstanda uşağı peyvənd etdirmək üçün dövlət aldığı vaksin preparatlarını vurdurmaq üçün özəl klinikalarla müqavilə bağlayaraq onların hesabına pul köçürür. Gürcüstanda səhiyyənin vəziyyəti, Azərbaycanla müqayisə olunmaz dərəcədə aşağı səviyyədədir. O ki, qaldı gürcü həkimin açıqlamasına, özəl strukturların qaydası budur ki, onlar reklamla pasiyent cəlb edirlər. Reklam olunmaq üçün də nə qədər həqiqət, həqiqətdən kənar fikirlər var hamısını elan edirlər ki, bircə xəstə cəlb etsinlər. Onlar müştəri cəlb etmək üçün bu cür fikirlər səsləndirirlər. Həmin şəxs öz sözü ilə özünü inkar edir. Əgər Azərbaycan 13 ildə 600 tibb müəssisəsini yenidən tikib avadanlıqla təhciz edərək işə salıbsa, vətəndaşları müalicə üçün Gürcüstana niyə getməlidir ki? Bir neçə dəfə biz Gürcüstandan xəstə uşağın Azərbayacana gətirilməsi üçün problemlər yaşamışıq. Xəstəni aparırlar Gürcüstana, orada uşağın vəziyyəti ağırlaşdıqdan sonra, məsələ qaldırırlar ki, Bakıya qaytarın. Onlar bir neçə dəfə belə hallarla bağlı bizə müraciət ediblər. Mənim bu dediklərim faktlara, əsaslara söykənir, gürcünün dediyi isə reklam məqsədi daşıyır”.
N. Quliyev deyir ki, ümumiyyətlə son illər Azərbaycandan xaricə müalicə üçün gedənlərin sayı minimuma enib. Onun sözlərinə görə, xaricə müalicə üçün ancaq genetik xəstəliklərlə bağlı xəstə göndərilir: “6 mindən çox genetik xəstəlik var. Elə genetik xəstəlik var ki, o mində bir insanda rast gəlinir. Bir xəstə üçün, mində bir insanda rast gəlinən genetik xəstəlik üçün müalicə metodu qurmaq əlverişli deyil. Belə xəstəliklər aşkarlandıqda xəstəyə yol xərci də ödənilir ki, gedib Türkiyədə genetik müayindən keçib gəlsin. Onkoloji, böyrək, ürək və digər xəstəliklərin müalicəsi özümüzdə yüksək səviyyədə aparılır. Özümüzdə, həmin xəstəliyim müalicəsi bir neçə səhiyyə müəssisəsində varsa, o xəstəni xaricə niyə göndərək? Konkret xəstəlik və müalicə üçün xaricə xəstə göndərilmir. Hansı xəstəliklə bağlı müraciət olursa,  o xəstəliyin Azərbaycandakı tibb müəssisələrində müalicəsi yüksək səviyyədə aparılır”.

Zülfiyyə