İşğal altındakı ərazilərdə antiterror əməliyyatları yenidən aktuallaşır

6 Dekabr 2017 07:00 (UTC+04:00)

Azərbaycan illərdir bəyan edir ki, Dağlıq Qarabağda müxtəlif cinayətkar qruplaşmaların fəaliyyət göstərməsi üçün şərait yaradılıb. Eyni zamanda onu da bildirir ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə terrorizmin maliyyələşdirilməsi arasında açıq əlaqəni qeyd etməmək mümkün deyil. Bəs nədən, Azərbaycanın qaldırdığı bu vacib məsələyə dünyada hələ də lazımi reaksiya yoxdur və işğal olunmuş ərazilərin hələ də dünya üçün təhdid mənbəyi olmasına icazə verilir?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, dünyanın aparıcı dövlətləri müxtəlif terror təşkilatlarından öz maraqları naminə istifadə etdiyindən əksər hallarda onların əməllərinə göz yumurlar. Yalnız özlərinə sərf etmədiyi təqdirdə, dünya gücləri bu terror təşkilatlarını sıradan çıxarmaq barədə düşünürlər: “Əl-Qaidə”, Taliban və İŞİD, ASALA, PKK kimi terror təşkilatlarını hansı dövlətin xüsusi xidmət orqanları yaradaraq himayə etdiyi heç kəsə sirr deyil. Yəni, bu terror təşkilatları öz-özünə yaranmır. Onların yaranması və fəaliyyət göstərmələri üçün müəyyən mühit və şərait yaradılır. Onların yaranması üçün təlimatçılar, maliyyə dəstəyi, silah lazım olur ki, onu da öz maraqları çərçivəsində dünyanın aparıcı dövlətləri  həyata keçirirlər. Əvvəllər gizli olsa da, sonradan hansı dövlətin hansı terror təşkilatını yaratdığı bəlli olur. 
Azərbaycanən işğal olunmuş ərazilərində olan cinayətkar qurum da terrorçulardan ibarətdir. Orada Türkiyə, Suriyadan gəlib qanunsuz olaraq məskunlaşanlar var. Onlar da ermənilər və qeyri-ermənilərdən ibarətdirlər. Həmin terrorçuların da işğal olunmuş ərazilərimizdə, o cümlədən Ermənistanın özündə təlim düşərgələri, bazaları, sığınacaq yerləri fəaliyyət göstərir. Bütün bunlar dünyaya məlumdur. Hətta Avropa və Latın Amerikası ölkələrinin özündə ASALA və PKK-nın çoxsaylı terror təşkilatları fəaliyyət göstərir. Dünya gücləri isə özlərinə lazım olanda artıq bu kimi terror təşkilatlarını məhv etməyə başlayırlar. Amma digər vaxtlarda onlardan öz maraqları naminə istifadə edirlər. Bu terror təşkilatlarını dünya gücləri özləri yaradır, maliyyələşdirir, inkişaf etdirərək, işə salır, sonda onlar missiyalarını başa vuranda məhv etmək lazım olduğunu bəyan edirlər. Azərbaycan öz ərazisində qanunsuz olaraq işğalçı rejim tərəfrindən yerləşdirilən terror qurplarını, onların bazalarını məhz edərək, əraziləri həmin bandalardan təmizləmək hüququnu özündə saxlayır. 
Beynəlxalq hüququn bütün qaydalarına əməl etməklə Azərbaycan istənilən vaxt öz ərazisində antiterror əməliyyatına başlayaraq torpaqlarını terrorçulardan təmizləyə bilər. Minsk qrupu həmsədrlərinə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma aparıldığı məlumdur. Həmin məskunlaşanların da böyük əksəriyyətini terrorçu qrupların nümayəndələri, terror düşərgələrində təlim keçənlər, cinayətkarlar təşkil edirlər. Azərbaycan bu barədə dünyanın bütün müvafiq qurumlarını, həmsədr dövlətləri  məlumatlandırır və həmin qüvvələrin ərazilərimizdən çıxarılması üçün tədbirlər görülməsini tələb edir. Çox heyif ki, hələ bunu edən yoxdur”.     
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim Cəfərsoyun fikrincə, siyasi maraqlarla hüquqi müstəvi üst-üstə düşməyəndə nəzarətsiz zonalarda terror təşkilatları və narkobiznesin çiçəklənməsi üçün əlverişli şərait yaranır: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə terror təşkilatıları, onların bazalarının olması, buranın narkotik alverinə çevrilməsilə bağlı Azərbaycan tərəfinin dəfələrlə qaldırdığı məsələyə dünyada lazımi reaksiyanın olmaması fikrimcə, iki məqamdan, hüquqi və faktiki müstəvidən qaynaqlanır. Bu kimi məsələlərdə hüquqi müstəvilə faktiki müstəvi, yəni siyasi reallıqlarla hüquq amili üst-üstə düşməyəndə adətən, belə problemlər yaşanır. 
Siyasi müstəvidəki reallıqları  müəyyənləşdirən müxtəlif beynəlxalq aktorların maraqları, mübarizə müstəvisində tutduqları mövqeləridir.   O səbəbdən də Azərbaycanın işğal edilmiş ərazilərində müxtəlif terror qruplaşmalarının yerləşməsinə ümumən dünya miqyasında göz yumulur. Bu da müxtəlif ölkələrin maraqlarından doğan məsələdir”.
Rüfət NADİROĞLU