BTQ Azərbaycan məhsullarına dünyada tələbi artıracaq

6 Dekabr 2017 08:00 (UTC+04:00)

Artıq Türkiyədən müəyyən məhsulların idxalı Bakı-Tiflis-Qars vasitəsilə həyata keçrilir. Bu, həmin məhsulların daşınma xərclərini azaldır. Belə vəziyyətdə Türkiyədən idxal olunan məhsulların qiymətində azalma ola bilərmi? Eyni zamanda Azərbaycan məhsullarını bu dəmir yolu ilə Türkiyə və digər bazarlara çıxarır və bu da onların qiymətini aşağı salır. Bu durumda Azərbaycan məhsullarına da dünyada tələb arta bilərmi?  
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, BTQ ilə Türkiyədən Azərbaycana daşınma xərclərinin azalması fonunda qardaş ölkədən idxal olunan malların qiyməti də müəyyən dərəcədə aşağı düşə bilər: “Təbii ki, Bakı-Tiflis-Qars dəmir yolunun əsas məqsədlərindən biri də Azərbaycanın ixrac potensialının gücləndirilməsinə nail olmaqdır. Eyni zamanda, ölkəmizdə istehsal olunan məhsulların dünya bazarlarına çıxışının rəqabətli formada və daha az xərclə təşkilinə nail olmaqdan ibarətdir. Bu baxımdan da düşünürəm ki, Bakı-Tiflis-Qars dəmir yolu sözügedən istiqamətlər üzrə gələcək illər üçün öz töhfəsini verəcək. 
Bakı-Tiflis-Qars dəmir yolunun işə salınması növbəti dövrlərdə milli məhsullarımızın xarici bazarda rəqabət imkanlarını artıra bilər. Bu isə öz növbəsində yerli istehsalı stimullaşdırmaqla istehsal təyinatlı potensialımızı daha da artırar. Sözügedən dəmir yolu xəttinin istifadəyə başlamasının idxal baxımından da Azərbaycana təsirləri olacaq. Bildiyimiz kimi, yerli istehlak müəyyən həcmdə idxaldan asılıdır. Belə olan təqdirdə daxili bazarda xarici amillərdən qaynaqlanan qiymət risqləri də davamlı olaraq müşahidə olunur. 2017-ci il üçün inflyasiya səviyyəsi artıq 14 faizə çatmaqla iki rəqəmli olub. Bu fonda hazırda Türkiyədə istehsal olunub BTQ-lə ölkəmizə gətirilən mallardan söhbət gedirsə, onların daşınma xərclərinin azalması bu məhsullar üzrə cüzi də olsa daxili bazarlarda daha aşağı qiymətlərlə satılmasına şərait yarada bilər. Türkiyədən gələn məhsulların ucuzlaşmasına təkan verən digər faktor isə türk lirəsinin son dövrlər öz dəyərini kəskin itirməsi faktıdır. Bu iki faktorun birləşməsilə mümkündür ki, yaxın dövrlərdə Türkiyədən idxal olunan məhsulların qiymətlərində xərclər azalsın. Amma bazarda qiymətlərin ucuzlaşması barədə birmənalı fikir bildirmək çətindir. Çünki bazarlar müəyyən qədər rəqabətli deyil. Bu baxımdan bəzi hallarda konyukturun dəyişməsinə baxmayaraq, daxili bazarlarda məhsulun qiymətinin dəyişdirilmədiyini müşahidə edirik. Əvəzində daha yüksək mənfəət əldə etməyə çalışırlar. Belə bir tendensiya mövcud mövzumuza da şamil edilə bilər. Lakin istənilən halda Türkiyədən Azərbaycana idxal xərclərinin azalması mümkün olacaq”.
Rüfət NADİROĞLU