Avropa ölkələri üçün bumeranqa çevrilən separatizm

6 Dekabr 2017 09:15 (UTC+04:00)

“Avropa İttifaqının ötən illərdə separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir”. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi feysbuk səhifəsində yazıb: “Tarixin bir qanunu belədir Böyüklərin böyük səhvləri özlərinə problemə çevrilir”.

Maraqlı olan da məhz budur. Görəsən, Avropa İttifaqı özü separtizm bəlasını hiss etdikdən sonar bu problemə qarşı real mübarizəyə başlayacaqmı? Bu hərəkətlilik Azərbaycanın üzləşdiyi separtizm probleminin aradan qalxmasına hansısa töhfələr verə biləcəkmi? Siyasilər isə bu sual qarşısında o qədər də ümidli danışmırlar. 
Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov bildirdi ki, separatizm tarix boyu böyük dövlətlərin hansısa bir regionda öz təsirinin artırması, qorunub saxlanılması, başqa dövlətlərə təzyiq və s. bu kimi məqsədlər üçün istifadə edilən alət olub: “Müasir dövrdə yuxarıda sadalanan məqsədlərə çatmağa xidmət edə biləcək başqa daha mütərəqqi  vasitələrdən istifadə olunsa da, hələ də müasirləşə bilməyən dövlətlər var ki, onlar köhnə alətlərdən əl çəkə bilmirlər. Bu gün fövqəlgüclər siyasi, iqtisadi, hərbi maraqlarını müasir siyasi texnologiyalar vasitələri ilə həyata keçirməyi daha məqbul sayırlar. Bu texnologiyalardan istifadə nəticəsində fövqəlgüclər öz maraqlarını zor vasitəsiylə deyil, şirnikləndirici, başqaları üçün cəlbedici obrazlar yaratmaqla təmin edə bilirlər. Bu vasitələr ilk baxışdan sadə görünsələr də, insan psixologiyasına ciddi təsir gücünə malikdirlər və böyük səmərə gətirirlər. Bu vasitələrdən istifadə edən fövqəlgüclər eyni zamanda iki məsələni həll etmiş olurlar: həm maraqlarını təmin edir, həm də özlərinə müsbət imic formalaşdırırlar. Bu texnologiyalardan istifadə edə bilməyən dövlətlər isə dağıdıcı fəaliyyətlərilə maraqlarının təmin edilməsinə çalışırlar. 
Hər bir separatizmin arxasında hansısa böyük güc dayanır. Postsovet məkanındakı separatçı şəbəkənin haradan idarə olunması hamıya bəllidir. Bəzi məlumatlara görə, İspaniyadakı son separatizm dalğasının arxasında duran məhz həmin dövlət idi. Avropa da, dünyada da separatizmin arxasında duran qüvvəni yaxşı tanıyırlar. Əgər bu günə qədər separatçılığa qarşı əməli fəaliyyət olmayıbsa, bunun səbəbi Avropanın da, Amerikanın da, həmin qüvvəyə qarşı getmək istəməməkləridir. 
Ukrayna hadisələri əslində, dünya üçün dağıdıcı gücün onların sərhədlərinə yaxınlaşmasına dair bir siqnal olmalı idi. Lakin yenə də Avropa öz rahatlığını önə çəkərək, Ukraynanı demək olar ki, qurban verdi. Bu da İspaniyadakı hadisələrə gətirib çıxardı. İspaniyada bunun qarşısı alınsa da, separatçılığın yuvası hələ də durur. Bundan sonra daha nələrə əl ataçağını proqnozlaşdırmaq elə də çətin deyil. Avropa İttifaqı separatçılıqla əməli mübarizə aparmaq istəsə, ilk olaraq separatçılığı yayan bu dövlətə qarşı mübarizə aparmalıdır. Bu isə, hazırki şəraitdə real görünmür”. 
Politoloq əlavə etdi ki, yuxarıda qeyd etdiyimiz kimi, hər bir separatizmin arxasında müəyyən güc, dövlət durur: “Bu dövlətə qarşı hamı bir olub mübarizə aparmasa, bu dövləti idarə edənlərin özləri və fəlsəfələri dəyişməsə, nə Azərbaycanın, nə də ki başqa ölkələrin üzləşdikləri separatçılığa son qoyulmayacaq”.
“İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondunun rəhbəri Şahin Camalov bildirdi ki, sepratizmin Avropaya ayaq açması bir tərəfdən də yaxşı oldu: “Çünki, bu günə qədər Avropa kiçik dövlətlərdə separatizm hallarının baş verməsinə göz yumub. Hətta daha da çiçəklənməsinə şərait yaradıb. 
Avropanın özündə sepratizm elementlərinin baş qaldırması onlarda həyəcan təbili çalmaq üçün stimul yaradacaq. Lakin unutmayaq ki, bu günə qədər məhz Azərbaycanda sepratizmə qarşı mübarizə aparılması Avropa üçün vacib məsələ hesab olunmayıb. Bu baxımdan da özlərində baş verən sepratizm hallarına ciddi yanaşa bilərlər. Təəssüf ki, Azərbaycan və digər ölkələrlərdəki separatizm hallarına daha çox diqqət yetirəcəkləri inandırıcı görünmür. Lakin bütün hallarda Avropanın özünün sepratimzlə tanış olması yaxşı haldır. Bu, az da olsa, Avropada separatizmə qarşı mübarizədə hərəkətlilik yaradacaq. Dünyanın müxtəlif ölkələrində mövcud olan sepratizm hallarına qarşı mübarizə aparmaq istiqamətində səylərin birləşdirilməsi üçün müəyyən adımlar atıla bilər. Amma təssüf ki, Avropadan öz məsələsimizdə o qədər də ədalətli mövqe gözləmirik. Sadəcə, ümid edirik ki, özlərinin başına gəldikdən sonra hansısa addım atmaqda maraqlı ola bilərlər”. 
Mübariz BAYRAMOV