Yol qıraqlarında təhdid yaradan ət kəsimləri davam edir

14 Mart 2013 08:21 (UTC+04:00)
Son illər kəsilən ətin sanitar qaydalara cavab verməsi üçün onun harda gəldi, necə gəldi kəsilməsinə qarşı müəyyən dərəcədə mübarizə aparılması müşahidə olunur. Bunun nəticəsidir ki, indi paytaxtın özündə yol kənarında ət kəsilməsi halları yox dərəcəsindədir. Çünki bunun üçün müvafiq sallaqxanalar tikilib.
Amma şəhər kənarına çıxdıqda bu mənzərənin əksilə rastlaşmaq olur. Dərnəgül qəsəbəsi, Xırdalan şəhəri və digər yerlərdə bəzi qəssablar hələ də ət kəsimi işlərini yol kənarında həyata keçirir. Bununla da onlar normativ qaydalara riayət etmirlər. Havaların istiləşməsi fonunda yol kənarında ət kəsilməsi hadisəsi isə daha pis fəsadlara gətirib çıxara bilər. Çünki bu halda kəsilən ət daha tez xarab olur. Lakin satıcı ziyana düşməmək üçün hətta xarab olmuş məhsulu belə satmaqda maraqlıdır. Belə xarab olmuş ət əhali tərəfindən alınmadıqda bir çox hallarda restoran və yeməkxanalara verilir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev qanunla yol kənarında ət kəsilməsinin qadağan edildiyini diqqətə çatdırdı: "Yol kənarlarında ətin kəsilib satılması prosesi qanunla qadağandır. Ona görə də belə hallar baş verərsə, prosesə cavabdeh qurumlar səlahiyyətlərinə uyğun şəkildə onun satışına qadağa qoymalıdırlar. Şəhərdə və şəhər kənarında ətin kəsilməsi üçün lazımi sallaqxanalar tikilib. Kim ət kəsirsə, məhz bu yerlərə müraciət etməklə bunu edə bilər. İnzibati Xətalar Məcəlləsinə görə yol kənarında ət kəsməyə görə müəyyən cərimələr tətbiq olunur. "Baytarlıq Təbliğatı Haqqında" Qanuna müvafiq olaraq cavabdeh qurumlar yol kənarında ət kəsilməsi halına rast gəldikdə onu ləğv etmək, yandırmaq hüququna malikdirlər".
Ekspert Cümşüd Nuriyev də bildirdi ki, ət kəsilməsi prosesi Baytarlıq Xidməti Haqında Qanunla tənzimlənməlidir : "Respublikada ət kəsilməsi işlərinə nəzarət edən Baytarlıq Xidməti idarəsi fəaliyyət göstərir ki, burada da kifayət qədər mütəxəssis cəmləşib.Lakin bu gün qəsəbələrdə hələ də əti yol kənarında kəsərək satmaqda davam edirlər. Belə yerlərdəki hazırkı natəmizlik və özbaşınalıq davam etsə, kütləvi xəstəliklərin yayılmasına şərait yaranacaq. Belə şəkildə davam etsə, ölkədə qorxulu infeksiyanın yayılma ehtimalı çox yüksəkdir. "Baytarlıq Xidməti Haqqında" qanuna görə həmin xidmətin laboratoriyasında yoxlamadan keçməyən hər hansı bir ət və süd məhsulu satışa çıxarıla bilməz. Amma elə Bakıətrafı qəsəbələrdə müşahidə olunan mövcud vəziyyət bunun əksini göstərir. Görünür, bir çoxları baytarlıq sahəsinə biznes kimi yanaşdığından qəsəbələrdə müşahidə olunan həmin mənzərə hələ də qalmaqdadır. Belə hərəkətə yol verənlər nə intizam, nə də cinayət məsuliyyətinə cəlb olunurlar".