Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində növbəti görüş 2018-ci ilin yanvar ayında keçiriləcək

7 Dekabr 2017 10:26 (UTC+04:00)

Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib. Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, 6 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi (Anjey Kaspişik) ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçirib.

Sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi, 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin.
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib.