Azərbaycan-Türkiyə hərbi ittifaqı yaranır?!

7 Dekabr 2017 10:46 (UTC+04:00)

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb. Dekabrın 7-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə mövzusudur. Hərbi dialoq çərçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2018-ci il üçün fəaliyyət planı razılaşdırılacaq.

Qeyd edək ki, iki ölkə arasında keçirilən ilk hərbi dialoq deyil. Fikirlər səslənir ki, bu qəbildən olan tədbirlər fonunda Azərbaycan-Türkiyə hərb əlaqələri daha yüksək səviyyəyə gələ bilər. Söhbət həm də iki ölkə arasında hərbi ittifaqın yaranmasından gedir.  

Millət vəkili Zahid Oruc bildirdi ki, müstəqillikdən sonra iki dövlət arasındakı münasibətlər tam strateji səviyyəyə çatıb: “Azərbaycan vasitəsi ilə Türkiyənin regional mövqeyi möhkəmlənib. Bu da ona imkan yaratdı ki, 2009-cu ildən strateji əlaqələrlə bağlı yüksək səviyyəli şuralar formalaşdıra bildik. Ona qədər Türkiyə elitası bölgədə əsas aparıcı dövlətlər olan Rusiya və İranın mənafeləri baxımından ehtiyatlı davranışlar seçməkdə idi. Tarixi əlaqələr heç də siyasi elita səviyyəsində lazım olan dəstəyi ala bilmirdi. Məsələn Birinici Qarabağ savaşı dövründəki Türkiyəni indki Türkiyə ilə müqayisə etmək mümkün deyil. Baxmayaraq ki, o dövrdə də mənən dəstək verirdi”.
Millət vəkili əlavə etdi ki, indiki birgə hərbi təlimlər, əlaqələr təhlükəsizlik məramına xidmət edir: “Birgə keçirilən təlimlər bölgədə müəyyən balans yaradır. Bu, həm də region dövlətləri tərəfindən qəbul olunmuş kimi görünür. Artıq Türkiyə ilə birgə təlimlərə qarşı Moskvadan və Tehrandan sərt bəyanatlar görmürük. Türkiyə prezidentinin Rusiya prezidenti ilə Qarabağ danışıqlarını intensivləşdirməsi onu sübut edir ki, Qarabağ məsələsi Türkiyə siyasətinin ayrılmaz hissəsinə çevrilib. Odur ki, birgə hərbi birləşmələrdən söhbət gedə bilər. Onsuz da hərbi sənaye komplekslərini formalaşdırmaq, türk əsrəginin Bakıda olması və s. strateji işlərdir. Odur ki, hərbi ittifaq gələcək dövrdə reallaşacaq siyasətdir. Lakin artıq bunun zəmini formalaşıb.
Nəzər alaq ki, bu gün Türiyənin özü də böyük risklərlə üz-üzə qalıb. O qədər də rahat dövrünü yaşamır. Ancaq bu müddət ərzində Azərbaycan Türkiyənin gücünü artırıb ki, azaltmayıb. Bir sıra dövlətlərlə problemlər meydana çıxanda Azərbaycan tənzimləyici kimi çıxış edib. Bu amillər də bizim xeyrimizə işləyir, apardığımız milli davaya xeyir göstərir, ümumən Azərbaycanın beynəlxalq əlaqələrinə yaxşı təsir edir. Ona görə də Türkiyə-Azərbaycan münasibətləri sarsılmazdır”.
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirdi ki, noyabrın 30-da Azərbaycan, Türkiyə və Paksitan xarici işlər nazirlərinin üçtərəfli görüşü oldu: “Orada Bakı Bəyannaməsi qəbul edildi. Əslində, bu cür dialoqun keçirilməsi Türkiyə ilı Azərbaycan arasında ilk dəfə deyil. 2016-cı ildə Ankarada da keçirilib. Bunlar üçtərəfli görüşlərin yekununa aid qəbul edilmiş qərarların icrası üçündür. 
Zatən regionda Türkiyə və Azərbaycanın əhəmiyyətli rolu qəbul edilib. Onlar arasında tarixi əlaqələr, qarşılıqlı əməkdaşlıq, Pakistan da daxil olmaqla oxşar problemlərlə üzləşməsi belə bir görüşlərin keçirilməsini labüd edirdi. Hazırda regionda davam edən münaqişələrin təsiri qalmaqdadır. Eyni zamanda BMT və dünya birliyi tərəfindən qətiyyətli addımların atılmaması tarixi bağlılığı olan ölkələrin bəlli format altında birləşməsini labüd edir. Amma Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqın yaranmasına əngəl törədən amil Azərbaycanın NATO-ya üzv olmamasıdır. Türkiyə NATO üzvü olduğundan başqa hərbi bloka birləşməsi üçün NATO-dan ya icazə almalı, ya da ayrılmalıdır. Odur ki, iki ölkə arasında hərbi ittifaq olmasa da, hərbi doktrinanın bəndlərini uzlaşdıra bilərlər. Türkiyənin hazırda NATO ilə münasibətində gərginlik yaşanır. Paksitan tərəfinin də Hindistanla ciddi problemləri var. Əfqanıstan sərhəddində Taliban və digər silahlı birləşmələrlə mübarizə aparır. Yəni, oxşar problemlər bu üç ölkənin eyni doktrina altında birləşməsini labüd edir. Ancaq real olaraq hərbi blok şəklində birləşmələri erkəndir. Sadəcə, hərbi doktrinanı razılaşdıra bilərlər”. 
Mübariz BAYRAMOV