Xırdalandakı yanğın zamanı zəhərlənələr arasında tibb bacısı və polis əməkdaşı da var

7 Dekabr 2017 16:30 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş yanğında tüstüdən zəhərlənələr arasında təcili tibbi yardımın tibb bacısı və polis əməkdaşı da var. Movqe.az-ın xəbərinə görə, onlar - tibb bacısı, 27 yaşlı Həsənova Mətanət İsrafil qızı və 23 yaşlı polis əməkdaşı Heydərli Bəhruz Bayram oğludur.
 
Tüstüdən zəhərlənən 9 nəfərdən 6-na tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfərin müalicəsi Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsində davam etdirilir.
 
 
Qeyd edək ki, bu gün Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.