Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında daha bir görüş keçirildi. Qeyd edək ki, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri Endryu Şofer, Stefan Viskonti, İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinin müzakirə olunduğu görüşün detalları barədə ətraflı məlumat verilmir. Sadəcə o məlumdur ki, nazirlər gələn ay yenidən bir araya gələcəklər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçdiyini bildirib.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev qeyd edir ki, görüşdən sonra verilən rəsmi məlumatlar məsələ ətrafında xüsusi şərhlərlə çıxış etməyə imkan vermir: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vyana görüşündən əvvəl görüş ərəfəsi müxtəlif ölkə mətbuatında yer alan şərhlərə toxunmaq lazımdır. Həm yerli mətbuatda, Rusiya və düşmən ölkənin KİV-lərində görüşün mümkün nəticələri barədə müxtəlif rəylər söylənilib. Amma görüşün nəticəsi barədə rəsmi məlumat görüşdən əvvəl söylənilənləri daha da inkişaf etdirməyə meydan vermədi.
Rəsmi məlumatda göstərilir ki, görüşdə masa üzərində olan təkliflərlə bağlı intensiv və konstruktiv müzakirələr aparılıb və bu müzakirənin davamı olaraq gələn ilin yanvarında yeni görüşün keçirilməsi barədə razılıq əldə olunub. Azərbaycan tərəfi həmin görüşü pozitiv və konstruktiv hesab edir. Razılaşın ki, bu amil xüsusi şərhlər verməyə o qədər də imkan yaratmır.
Erməni mətbuatında da görüşün detalları barədə hansısa yeni məqamlara rast gəlmək olmur. Rusiya mətbuatı da çox məsələlərə toxunub, amma orada da heç bir konkretlik yoxdur. Deməli, gözləniləndir ki, növbəti günlərdə də görüşün nəticələri haqqında şərhlər, fərqli mülahizələr olsun. Lakin indiki real geosiyasi durumu nəzərə almaq lazımdır. Həmin vəziyyətdən çıxış etsək, görürük ki, bu görüş də əvvəlki eyni tipli görüşlər kimi nəticələri xüsusi şərhlərlə çıxış etməyə o qədər də imkan vermədiyi, amma müsbət adlandırılaraq sonrakı görüş barədə razılığın əldə olunduğu bir tədbir kimi nəzərdə tutulur”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə XİN rəhbərlərinin Vyana görüşünü danışıqlarda nəticəyə aparan bir yol kimi dəyərləndirdi: “Son dövrlər dağlıq Qarabağla bağlı danışıqların intensivləşdiyi müşahidə olunur. Bunu əlbəttə ki, müsbət məqam kimi qiymətləndirmək lazımdır.
Xarici işlər nazirlərinin Vyanada olan son görüşü də bu görüşlərin davamı kimi qiymətləndirilməlidir. Bunu da əslində, substantiv danışıqlar kimi qiymətləndirmək olar. Bir müddət işğalçı Ermənistan danışıqlar prosesini immitasiya etməklə məşğul oldu. Nəticədə onlar uzun müddət ancaq danışıq xatirinə danışıqlara getdi. Azərbaycan tərəfinin proseslə bağlı mövqeyi qətidir. Son zamanlar həmsədrlərin də danışıqların məhz substantiv əsaslarla və problemin həlli istiqamətində aparılması ilə bağlı qətiyyətli tələbi oldu. Bunun üçün Azərbaycan öz hərbi siyasi gücünü də nümayiş etdirdi. Nəhayət son görüşdən sonra Azərbaycan xarici işlər naziri mətbuat xidmətinin bəyanatından da gördüyümüz kimi, danışıqlar substantiv olaraq problemin həlli ətrafında aparılıb. Amma bir neçə görüşlə problemin həll olunacağını düşünmək sadəlövhlük olardı. Bu, uzunmüddətli bir prosesdir.
Lakin bununla belə hər danışıq, xüsusən də problemin həllinə köklənən danışıqlar olduqca vacibdir. Düşünürəm ki, son bir neçə görüşdə də məhz bunu müşahidə etmək mümkündür. Bu danışıqlar bizi son nəticəyə aparan yoldur”.
Rüfət NADİROĞLU