Düşmən ölkədə hakimiyyət yeni Qarabağ təzyiqləri üz-üzədir

8 Dekabr 2017 09:40 (UTC+04:00)

Ermənistanda sosial-iqtisadi problemlərin daha ağır hal alıb. Hadisələrin bu istiqamətdə inkişafına görə Dağlıq Qarabağ münaqişəsi başlıca səbəb kimi göstərilir. Belə vəziyyətdə isə erməni cəmiyyətindən hakimiyyətə qarşı təzyiqlərin artacağı proqnoz edilir. Artıq bu proses başlanılıb. 

Politoloq İlqar Vəlizadə bildirdi ki, bu, bir aksiomdur: “Əgər Ermənistan cəmiyyətində indi belə fikirlər səslənirsə, Azərbaycan cəmiyyəti bunu illərdir deyir ki, regionda yaşanan problemlərin kökündə Qarbağ münaqişəsinin həll edilməməsi durur. Dağlıq Qarabağ problemi yaşanmasaydı, regionda bir çox hadisələr fərqli istiqamətdə cərəyan edərdi. 
Qarabağ məsələsinə görə Ermənistanın sərhədləri həm Türkiyə, həm də Azərbaycanla bağlıdır. Lakin Ermənistan siyasətçiləri bu səbəbi etiraf etmirlər. Problemi digər amillərlə əlaqələndirməyə çalışırlar. Amma reallıq başqadır. Artıq cəmiyyət də əsas səbəbi bilir. Pisi odur ki, səbəbi bilsələr də, nəticə çıxarmırlar. Erməni cəmiyyətindən yetərli konstruktiv təzyiq yoxdur ki, məsələni həll etsinlər. Konstruktiv təzyiqlər də ondan ibarətdir ki, “Qarabağ, onun ətrafında torpaqlar Ermənistana aid deyil”, kimi müzakirələr yoxdur. Bu rayonları Azərbaycana qaytarmaqla vəziyyəti dəyişmək olar. Erməni cəmiyyətində bu cür müzakirələr aparılmır. Ermənistan siyasi rəhbərliyi belə  diskussiyanı aparmağa imkan vermir. Bu barədə danışılarsa, müxtəlif vasitələrlə müzakirənin böyüməsinə imkan vermirlər. Belə vəziyyət qaldıqca isə sosial, iqtisadi müstəvidə köklü surətdə irəliləyiş baş verməyəcək”.
Digər politoloq Fikrət Sadıxov da bunun düzgün fikir olduğunu deyir: “Ermənistan bütün iqtisadi, sosial layihələrdən kənarda qaldığı üçün bu cür ağır vəziyyətə düşüb. Regiondakı bir sıra dövlətlərlə münasibəti kəsildiyindən iqtisadi layihələrdən kənarda qalıb. Bütün bunlar Ermənistankı iqtisadi vəziyyəti pisləşdirən amillərdir. Ancaq bunu sağlam düncəli dairələr başa düşürlər. Bunun da bir sıra çıxış yolları var ki, zaman-zaman səsləndiriblər. Serj Sarkisyan komandasına qarşı çıxışlar edirlər. Düzdür, onların etirazının nə vaxt müsbət nəticə verəcəyi bilinmir. Amma proses başlanılıb. Ermənistan nə qədər təcrid vəziyyətində qalacaqsa, həmin dairələrin təzyiqləri də artacaq”. 
Mübariz BAYRAMOV