İşsizlik problemində ixtisaslı kadr problemi necə çözülməlidir?

8 Dekabr 2017 15:44 (UTC+04:00)

Ölkəmizdə son illər əhalinin məşğulluğunun təmin olunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Ölkə başçısı İlham Əliyev yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, bu ilin doqquz ayında 226 min yeni iş yerinin yaradıldığını bildirib. Statistik rəqəmlər də son illər açılan yeni iş yerlərinin sayının artan xətt üzrə inkişaf etdiyini, qeyri-məşğul əhalinin sayının il-ildən azaldığını göstərir. Amma bununla belə işsizlik problemi hələ də ölkəmiz üçün aktualdır. Əvvəlki illərdə işsizliyə əsas səbəb kimi iş yerlərinin az olması göstərilirdisə, son vaxtlar ixtisaslı kadrların çatışmazlığı ciddi problemə çevrilib. Bu gün "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması"na həsr olunmuş tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bu məsələyə toxunub. Nazir bildirib ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 32 faizinin ixtisası var. S. Müslümovun sözlərinə görə, işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin və əmək vəzifələrinin müasir əmək bazarının tələblərinə cavab verməməsi hazırda mövcud olan işsizlik probleminin əsas səbəblərindən biridir: "Mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsi də işsizliyə səbəb olur. Peşə standartı işçinin işə qəbul və karyera yüksəlişi planlaşdırılmasında, işəgötürənlərin tələblərinə cavab verməkdə, kadr potensialının formalaşdırılmasında, həmçinin işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunmasında əsas alət rolunu oynayır".
Odur ki, nazir növbəti 3-4 il ərzində 300 peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartlarının hazırlanmasının planlaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, 2016-cı ilin əvvəlindən indiyədək 61 adda peşə standartı layihəsi hazırlanıb.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə bildirib ki, Azərbaycanda son illər əhalinin təhsil səviyyəsi artıb: “Ola bilər ki, bu rəqəm ancaq peşə məktəblərini bitirərək ixtisasa yiyələnənlərin stastikasını əks etdirsin. Amma Azərbaycanda ali məktəblərdə ixtisasa yiyələnən mütəxəssislər də var. Onları da bu siyahının üzərinə əlavə etsək, əmək qabiliyyətli əhali arasında ixtisaslı kadrların sayı kifayət qədər artır”.
S. Məmmədov deyir ki, nazirin toxunduğu problemi aradan qaldırmaq, əmək bazarında tələbat olan işlərə ixtisaslı kadrları yönəltmək üçün xarici təcrübədən bəhrələnmək mümkündür: “Bu gün əlində diplom olmayan xeyli sayda insanı da əmək bazarı üçün ixtisaslı kadra çevirmək mümkündür. Elə çilingərlər, avtomobil ustaları var ki, onlar əli diplomlu, nazirin təbiri ilə desək, ixtisaslı kadrlardan heç də geri qalmırlar. Mən avtomobil ustası tanıyıram ki, avtomobilin səsinə qulaq asmaqla problemin nədən qaynaqlandığını bilib nasazlığı aradan qaldırır. Xarici ölkələrdə belə insanlar imtahan verərək diplom ala bilirlər. Belə bacarıqlı insanlara, usta yanında durmaqla peşəyə yiyələnən şəxslərə öz sahələri üzrə imtahandan keçib diplom almaq imkanı yaradılır. Fikrimcə, bu metoddan Azərbaycanda da tətbiq olunmalıdır. Çünki, Azərbaycanda da işini peşəkar bilən şəxslər var. Onları əli diplomlu, ixtisaslı kadra çevirməklə əmək bazarında tələbat olan peşələrə yönəltmək olar. Belə halda  bu rəqəm 50 faizi keçəcək. Nəzərə almaq lazımdır ki, diplomluların içərisində xeyli sayda insan var ki, öz yiyələndiyi ixtisasın sirlərinə bələd deyil. Ona görə də, zənnimcə diplomlu olmaq hələ o demək deyil ki, o ixtisaslıdır. Elə diplomsuz olmaq da ixtisassız kimi başa düşülməməlidir”.
Həmsöhbətimiz deyir ki, ölkəmizdə bəzi sahələr üzrə ixtisaslı kadrların tapılmaması məsələsində bir problem də, günün tələblərinə cavab verən, əmək bazarının tələbatına uyğun kadrların azlığıdır: “Azərbaycanda 100-dən artıq peşə məktəbi var. Amma onların heç də hamısı müasir tələblərə cavab verən, müasir laboratoriyalarda, müasir qurğularla işləmək bacarığına malik kadrlar deyil. Elə problem də buradan yaranır. Peşə məktəblərinin çoxunun hazırladığı kadrlar əmək bazarında tələb olunan standartlara cavab vermir. 70-ci illərin rubilniklərindən dərs keçməklə müasir işıqlandırma sistemini quraşdırmaq qabiliyyətinə malik kadr yetişdirmək mümkün deyil. Yaxud götürək avtomobil ustalarını. Peşə məktəbində Jiquli avtomobilinin üzərində təcrübə keçməklə müasir avtosalonlarda işləmək bacarığına sahib kadr hazılamaq olmur. Belələri müasir avtomobilləri təbii ki, təmir edə bilməyəcək. Bu problem Azərbaycanda keçirilən Avropa oyunları zamanı da özünü göstərdi. Olimpiya mərkəzidndə işıqlandırmanı qurmaq üçün ixtisaslı fəhlələr belə xaricdən gətirildi. Bu gün bir neçə peşə məktəbi var ki, ixtisaslı kadr hazırlamaqla yanaşı, onların əli diplomlu məzunları əmək bazarında iş tapa bilir. Ona görə də, peşə məktəblərinin müasir tələblərə cavab verən,əmək bazarında tələbat olan ixtisaslar üzrə kadr hazırlığı aparılmalıdır”.
Təhsil üzrə tanınmış ekspert Əjdər Ağayev də problemin ixtisaslı kadrların sayının az olması ilə əlaqədar olmadığını söyləyir. Onun sözlərinə görə, peşə məktəblərini bitirən ixtisaslı kadrlar əmək qabiliyyətli əhalinin 32 faizini təşkil etsə də, ali məktəblərin mütəxəssislərinin sayı da az deyil: “Ölkəmizdə ixtisaslı kadrların sayı əslində o qədər də az deyil. Sadəcə olaraq əmək bazarında tələbat olan sahələr üzrə kadr çatışmazlığı hiss olunur. Bunu aradan qaldırmaq üçün isə fasiləsiz təhsil sistemi metodu işləməlidir. Bizdə fasiləsiz təhsil dedikdə ibtidai sinif, orta məktəb, ali məktəbdir. Bu fasiləsiz təshsil deyil. Fasiləsiz təhsil odur ki, bu gün mühəndislik ixtisasına yiyələnən şəxs, sabah öz ixtisasına yaxın, əmək bazarında tələb olunan sahədə çalışmaq üçün az müddətli təhsil alaraq həmin ixtisasa yiyələnsin. Bu gün mühəndislər var ki, öz sahələrinə yaxın olan sahədə azmüddətli təhsil alaraq ixtisaslarını dəyişə bilərlər. Belə imkan olduqda həm ixtisaslı kadr problemi aradan qalxar, həm də əmək bazarında tələb olunan sahələrdə ixtisaslı kadrlar çalışar. İxtisas dəyişmək imkanı çox yaxşıdır. Bu imkanla bir insan bir-birinə yaxın sahələr üzrə iki, yaxud üç ixtisasa yiyələnə bilir”.
Ə. Ağayev deyir ki, ixtisaslı kadr anlayışına sovet sistemindəki kimi yanaşmaq düzgün deyil: “Ali məktəbi bitirən, əli diplomlu mütəxəssis yolu gözləməklə kadr çatışmazlığı problemini çözmək olmaz. Bu gün kurslar var ki, müxtəlif kompyuter dizayn proqramları üzrə kadr hazırlayır. Onların sertifikat verib hazırladığı kadrları imtahanla işə götürmək lazımdır ki, əmək bazarında tələb olunan sahələrdə iş yerləri boş qalmasın. Əli diplomlu ixtisaslı kadr hazırlığı fikri köhnədən qalma düşüncədir. Elə kurslar var ki, onların peşə öyrətdiyi kadrlar peşə məktəblərini bitirən ixtisaslı kadrlardan heç də geri qalmır”.
Ekspert son illər peşə məktəblərinin də əmək bazarının tələbinə uyğun, regionlarda tələb olunan sahələr üzrə ixtisaslı kadr hazırlığına start verdiyini söyləyir. Onun sözlərinə görə, bu gün turizmin inkişaf etdiyi bölgələr üzrə mərkəzləşmiş turizm peşə məktəblərinin yaradılması buna bir nümunədir. Ə. Ağayev bildirir ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin çox hissəsi ixtisaslıdır: “Peşə məktəblərimiz, ali məktəblər ixtisaslı mütəxəssislər hazırlayır. Sadəcə olaraq o ixtisas sahibləri öz ixtisaslarına uyğun iş tapa bilmirlər”.
Amma Ə. Ağayev artıq bu sahədə də yaxşılığa doğru bir dönüş yarandığını söyləyir: “Artıq əvvəlki illərdəki kimi məzun gecələri keçirilmir. Ali məktəblərin, peşə məktəblərinin məzun gecəsinə həmin ixtisaslar üzrə işçiyə tələbatı olam müəssisə, zavodlar, istehsal sahələri dəvət edilir. Orada həmin müəssisələrə özlərinə kadr seçmək imkanı yaranır. Mən bunu Dövlət Aqrar Universitetində gördüm. Nə qədər məzun həmin günün özünə ixtisası üzrə iş tapdı. Bu məsələdə Məşğulluq Mərkəzləri də aktiv olmalıdırlar. İxtisaslı məzunların əmək bazarında tələbat olan sahələrə yönəldilməsinin yeni, müasir formalarını tapmalıdırlar. İxtisaslı kadrlara iş tapmaqda kömək etməlidirlər. Onlar bu cür yeni formalar tapıb tətbiq etsələr, xeyli sayda ixtisaslı kadr iş tapa bilər. Dünən prezident Qubada olarkən  “Azərxalça” ASC-nin Quba filialının binasının  açılışını etdi. 150 xalçaçı orada işlə təmin olundu. Bəyəm o toxuyucuların hamısının diplomu var? Onlarda toxuyucuların yanında öyrənərək, kurs keçərək sertifikat alıblar. Bu gün isə əmək bazarında tələbat olan sahədə özlərinə iş taparaq işləyirlər. İndi diplomdan çox bacarığa üstünlük verir. Elə diplomlu, ixtisaslı kadrlar var ki, əmək bazarında işə yaramır. Ona görə də, əmək bazarında ixtisaslı kadr problemini, tələbat olan sahələrdə kadr çatışmazlığını sadaladığım məqamları həyata keçirməklər aradan qaldırmaq lazımdır”.  

Zülfiyyə QULUYEVA