Qərbin sxolastik baxışlı dairələri Azərbaycanın inkişafından narahatdırlar

9 Dekabr 2017 09:30 (UTC+04:00)

Ataların bir məsəli var, deyir, bir işi başlayanda hansı istiqaməti tutdunsa, o istiqamət axıra qədər gedəcək. İndi avropalı siyasətçilər də siyasətdə tutduqları tarixən ikili standartların cəngindən qurtula bilmirlər. Deyək ki, təcrübəli adamlar siyasətdən danışarkən, adətən, “siyasət aldatmaqdır” deyə, hamının anlayacağı sadə danışıq dilində bildirirlər. Ancaq reallıqda bu   hipotez, əgər aldadanın aldatdığını qarşı tərəf duymasa “fərasətli siyasətçi” anlayışındadır. Yox, əgər aldadan ifşa olunsa, onda o, “bacarıqsız siyasətçi” adlandırılır. Di gəl ki, avropalı siyasətçilər nə qədər ifşa olunsalar da, kor tutduğunu buraxmayan kimi yersiz ittihamlarından əl çəkmirlər. Məsələn, Avropa Şurasının baş katibi Torbörn Yaqland belə siyasi personajın bariz təcəssümüdür. Azərbaycan Prezident Administrsiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyəndə ki, “Qərbdə Azərbaycanın güclənməsindən narahat olanlar mövcuddur”, təbii ki, Yaqland və onun kimiləri nəzərdə tutur. 

Qəribədir ki, hələ 10-15 il bundan əvvəki dövrlərdən başlayaraq Avropada insan hüquqlarından danışarkən dərhal insanın vəzifə və öhdəliklərini də yada salmağa başlayıblar. Çünki, əksər hallarda insanın özünün intellektual və ictimai inkişafının onun hüquq anlayışını hansı dərəcədə qavramasına birbaşa təsiri olur. Bəzən bir vəzifəpərəst şəxs arzuladığı vəzifəni əldə edə bilmirsə, onda bunu hüquqlarının pozulması kimi qəbul edir. İndi avropalı yetkililərin arasında bir türk respublikasının, bir İslam inanclı dövlətin sürətli yüksəlişindən əndişələnən, bu inkişafın qarşısını almağa çalışanıar “hüquq” söhbətinin sürüşkənliyini nəzərə alaraq ondan istədikləri kimi istifadə etməyə çalışırlar.
İki ay əvvəl Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda insan haqları, demokratiyanın durumu ilə bağlı tənqidi qətnamələr qəbul etməsi dediklərimizə tutarlı sübutdur. Həmin qətnamələrdən əvvəl də Azərbaycan rəsmiləri Avropa Şurasının rəhbərliyini anti-Azərbaycan mövqe tutmaqda ittiham edirdilər. Çünki Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirilmədiyini və REAL hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad edilmədiyini bəyan edir, Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələyirdi. Rəsmi Bakının isə arqumenti budur ki, İlqar Məmmədov konkret maddə ilə məhkum olunub. Prinsipcə, İlqar Məmmədov hər hansı siyasi bazaya, yaxud elektorata malik deyil. O, Azərbaycan hakimiyyəti üçün hər hansı bir siyasi təhlükə törətmir. Amma fəaliyyətində olan qanun pozuntularına görə məhkəmə qərarı ilə cəzasını çəkir. İndi Avropadan kiminsə ambisiyaları cuşa gəlib Azərbaycan vətəndaşının hüquq və vəzifələrini mübahisə predmetinə çevirməklə süni problem yaratmaq iş deyil, aranı qatmaq üçün bəhanədir. 
Yaqland və onun kimilər məhz bu işlə məşğuldurlar. İndi azərbaycanlıların haqqı var soruşsun ki, axı, niyə? Əgər haqq-ədalət axtarırsa, onda niyə Azərbaycanın torpaqlarının işğalı və 1 milyon insanının pozulmuş hüquqlarının bərpsından danışmırlar? Bütün dünynın xəbərdar olduğu bu fakta görə onun törədicisi Ermənistana sanksiyalar tətbiq edilmir, AŞPA-dan qovulmaqla hədələnmir? Belə ola halda məntiqin gücünə arxalanaraq azərbaycanlıların da iddia etməyə haqqı var ki, AŞPA mənsubları erməni lobbisinin Qərbdə sağa-sola səpələdikləri rüşvət hesabına Azərbaycana ləkə vurmağa çalışırlar. Yaxud bundan da dəhşətli olan xristian-müsəlman qarşıdurması yaratmağa çalışırlar. Məqsəd isə Azərbaycanın inkişafını ləngitmək, regiondakı liderlik mövqeyini sarsıtmaq, öz ambisiyalarının itaətçisinə çevirməkdir. Ancaq deyir “sirkə nə qədər turş olsa öz qabını çatladar”. T.Yaqland və onun tərəfdarları Azərbaycana hökm verə bilməzlər. Onlar nə qədər höcətlik etsələr də, niyyətləri puça çıxacaq, nəticəsi isə özləri üçün ağır olacaq. Çünki, əməllərinin astar üzü üzə çıxacaq.
N.NOVRUZ