Ağsaqqallar Şurasının sədri və üzvləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib-FOTOLAR

11 Dekabr 2017 11:53 (UTC+04:00)

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər. Movqe.az-ın xəbərinə görə, Şura sədri və  üzvləri öncə Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Daha sonra  isə oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Heydər Əliyevin yaxın silahdaşlarından olan F. Heydərov jurnalistlərlə söhbətində Ulu öndərin Azərbaycanın müstəqilliyinin qazanılmasında, quruculuğundakı misilsiz xidmətlərindən söz açıb. F. Heydərov bildirib ki, Ulu öndər sovetlər dövründə Azərbaycanı 15 ittifaq respublikası arasında ön sıraya çıxardaraq tanıdıb: “Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanı hələ o zamandan İttifaq miqyasında tanıtdı. Çox təəssüf ki, tarix elə səhifələr yazdı ki, Azərbaycan Heydər Əliyesiz qaldı. Heydər Əliyevsiz Azərbaycanın torpaqları namərd qonşularımız tərəfindən işğal edildi. Nə yaxşı ki, Heydər Əliyev yenidən Azərbaycana qayıtdı, Naxçıvana gəldi. Öz ömrünün ahıl çağlarında, gənclik gücü-qüvvəsi ilə Azərbaycan torpağına olan məhəbbətinin sübutu olaraq Naxçıvanı işğaldan qorudu. Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəlməklə, xalqın başı üzərində durmaqla, Azərbaycan xalqını bu günə gətirib çıxartdı. Ulu öndər Azərbaycan üçün doğulmuşdu, Azərbaycan üçün yaşadı və bütün ömrünü ölkəmizin inkişafına, Azərbaycan xalqının dünya xalqları içərisində tanınmasına həsr etdi. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri oldu.  Bu gün də Heydər Əliyev yolu uğurla davam etdirilir. Azərbaycan bu gün də dünyanın  çeşməkeşli, qarışıq dövründə sülhün, əminamanlığın, inkişafın nümunəsi kimi tanınır. Bu gün müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Bu uğurların nəticəsidir ki, dünyanın hər yerindən, okeanın o tayından belə Azərbaycan prezidentinin siyasəti təqdir olunur.  Bu gün Azərbaycanın müharibə etmək şansı olsa da, ölkəmiz, dini, irqi fərq qoymadan insanların tolerant bir ərazidə yaşamasını təmin edir. Bu yol Azərbaycanın müstəqilliyi kimi əbədidir. Azərbaycan bu gün sülhün, əmin-amanlığın nümunəsi kimi dünyada tanınır”.

Zülfiyyə QULUYEVA