Azərbaycanda 2500-dən artıq şəxs bu xəstəlikdən əziyyət çəkir

11 Dekabr 2017 16:49 (UTC+04:00)

"Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir: "Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir".
Zöhrə Əlimirzəyeva əlavə edib ki, bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir: "Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir. Statistik məlumatlara görə, hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır".

 

Z.Əlimirzəyeva bildirib ki, bu il leykozların diaqnostikasında aparılan laborator müayinələrin sayı 6 000-dən yuxarı olub. Buraya hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar - genetik müayinələr daxildir.