Qarabağ münaqişəsi Ermənistan üçün daha böyük yükə çevrilir

12 Dekabr 2017 09:00 (UTC+04:00)

“Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq var, lakin təəssüf ki, bu, hələlik ciddi irəliləyişlə nəticələnmir”.  Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. 

Artıq neçə illərdir ki, münaqişənin çözülməsi istiqamətində danışıqlar gedir. Hansı ki, danışıqlar prosesi birbaşa prezidentlər səbiyyəsində belə aparılır. Lakin Rusiya XİN rəhbərinin özünün də etiraf etdiyi kimi, aparılan dialoq nəticəyə gətirib çıxartmayıb. Hələ də Ermənistan öz işğal siyasətindən əl çəkmir. Bu fonda Ermənistan dialoqa qoşulsa da, hər vəchlə çalışır ki, aparılan danışıqlar mövcud status-kvo vəziyyətinin dəyişməsilə nəticələnməsin. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələri də prosesdə ciddi irəliləyişin olması üçün işğalçı tərəfə bu günə qədər hər hansı bir təsir və ya təzyiq göstərməyib. Mövcud vəziyyətdə ciddi irəliləyişlərin olması üçün hansı addımlar atılmalıdır?
Politoloq Natiq Miri bildirir: “Bütün münaqişələr hüquqlar üstü hüquq olan beynəlxalq hüquqa görə tənzimlənir. İşğal ortada varsa, beynəlxalq hüquqda dərhal onun aradan qaldırılması ilə bağlı birbaşa əmredici müddəalar yer alır. 
Dağlıq Qarabağ münaqişəsilə də bağlı ortada BMT Təhlükəsizlik Şurası kimi qurumun çıxardığı 4 qətnamə var. Burada da dolayısı ilə Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilərlə birlikdə Azərbaycan torpaqlarının işğal olunması və işğalçı ordunun qeyd-şərtsiz bu ərazilərdən çıxarılması iddiası mövcuddur. Dünya gücləri də BMT qətnaməsini əsas tutaraq dərhal icraata götürüb buyurub problemi həll etsinlər. Yoxsa, kimlərdənsə, hansısa qətiyyətli addımlar gözləmək boş xülya və həvəsdən başqa bir şey deyil. 
Ortada işğal və işğala məruz qalan tərəf var. Beynəlxalq güclər işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyursa, bu, beynəlxalq hüquqa tüpürmək və işğalı görməmək deməkdir”.  
Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Ermənsitan dünya xəritəsindən silinməməsini istəyirsə, Azərbaycan torpaqlarını işğal faktorundan əl çəkməlidir: “Əslində, nəticə artıq var. Nəticə ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi Ermənistana başağrısı verir.  Ermənistan inkişafdan qalıb, bölgədə həyata keçirilən mühüm layihələrdən kənar düşüb. Hazırda isə bir dövlət olaraq süqutunu yaşayır. 
Rusiyanın müttəfiqi olan Ermənistanın dünya xəritəsindən silinməməsi üçün Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir. Bu zaman sərhədlər də açılacaq, investisiya da olacaq. 
Hazırda Azərbaycanın apardığı siyasət də ümumən problemin hərtərəfli həllinə doğru aparır. Bu, müəyyən zaman çəkə bilər. Amma nəticə Ermənistan üçün çox ağır olacaq. İrəvan ciddi təzyiq altındadır. İstərdik ki, problemin həllində Rusiya da yaxından iştirak edib, yaxın münasibətlərindən istifadə edərək Ermənistana siyasi təzyiq göstərməklə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini ondan tələb edərdi. Belə olarsa, problem tez həll olunacaq və Ermənistan az itkilərlə problemdən çıxacaq. Bu baş vermədikdə isə, Azərbaycan güclənməkdə, silahlı qüvvələrini daha da gücləndirməkdə, beynəlxalq aləmdə həqiqətləri daha çox yaymaq, İrəvana hərtərəfli təzyiq etməklə problemin gec də olsa həllinə nail olacaq”. 
Rüfət NADİROĞLU