Cinayəti siyasiləşdirənlər…

12 Dekabr 2017 09:30 (UTC+04:00)

Azərbaycanda cinayət törədən bəzi şəxsləri Qərbdə siyasi məhbus kimi təqdim etməyə çalışırlar. Amma nədənsə onların konkret cinayətlərini görməzlikdən gəlirlər. Hətta bu mövzuda ortaya konkret cinayət faktları qoyulsa da xarab olmuş qrammafon valı kimi elə hey eyni söz təkrarlanır. Artıq çoxdan sübut edilib ki, Qərb dövlətləri üçün “siyasi məhbus” mövzusu onların xarici siyasətinin əsaslarını təşkil edən cəhətlərdən biridir. Lakin buna baxmayaraq, illərdir davam edən bu ikili yanaşma hələ də sona çatmır. 

Məsələ burasındadır ki, ümumiyyətlə, siyasi məhbus anlayışı özündə nəyi ehtiva edir, məlum deyil. Çünki, belə bir beynəlxalq konvensiya, qətnamə, deklarasiya yoxdur. Bu anlayış Qərb, Avropa, beynəlxalq təşkilatların digər dövlətlər, o cümlədən Azərbaycan üzərində etmək istədikləri təzyiq eksperimentidir. Azərbaycanda isə siyasi baxışına görə heç kəs təqib olunmur. Məhbəsə düşən məhkumlar üçün  onların törətdikləri cinayətlər, yəni qanun pozuntuları əsas götürülür. 
Genindən gələn və böyüdüyü mühitdən aldığı tərbiyəyə, dünyagörüşə, psixoloji duruma və sairə xarakterik cizgilərinə görə bəzi insanlar səhv etməyə, bəzi hallarda cinayət törətməyə meyilli olurlar. Hər bir dövlət quruluşunda da bu məsələlərə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu hal siyasi mənsubiyyətindən, dini baxışlarından, sosial vəziyyətindən asılı olmayaraq hamının başına gələ bilər. Lakin bəzi ölkələrdə, konkret olaraq Azərbaycanda bu kateqoriyaya elə məhbusları aid edirlər ki, onların konkret əməlləri yox, ona aid olan faktı başayaq çevirib cəmiyyətə və siyasi hakimiyyətə təsir alətinə çevirirlər. Və bu istiqaməti seçənlər əsasən Qərb dövlətləri və təşkilatlarıdır. Çünki, onlar özlərini insan hüquqlarının yaradıcısı və qoruyucusu hesab edirlər. Hərçənd, heç kim bu missiyanı onların öhdəsinə buraxmayıb.
Bu işdə Qərbin köməkçisi rolunda yerli “hüquq müdafiəçiləri” çıxış edir. Təbii ki, hamısı yox. Sadəcə, Avropa təşkilatları ilə əlaqə qurub onlarda layihə və üzərində qrant alanlar. Çoxdan başlayan bu cərəyan artıq bir ənənəyə və bəlkə də özünəməxsus mafiyaya çevrilib. Bunların sırasında işbazlar da olmamış deyil. Onlar “ağa qara” deməklə zorla məhkumların əməllərini siyasiləşdirməyə çalışır və nəticədə qrant əldə edirlər. Bu isə əslində, Azərbaycanda oturub xarici dövlətlərin lehinə işləməkdir.
Avropa İttifaqı ölkələrində mühacir həyatı yaşamaq arzulayanların hamısını “siyasi sığınacaq istəyənlər” adlandırırlar. Halbuki, bu adamların əksəriyyəti öz ərizələrində iqtisadi, dini, mənəvi, fiziki və s. səbəbləri əsas gətirərək daxil olduqları ölkədə “yaşamaq və işləmək” icazəsi almaq istəyirlər. Bu icazəni isə daha çox vətəndaşı olduğu ölkənin siyasi hakimiyyətinə qarşı tutarlı faktlar yazan, özünü siyasi baxışlarına görə təqib olunan kimi sənədlərlə sübut edənlər alırlar. Sənədlərin saxta və ya həqiqi olmasının fərqi yoxdur. Bu səbəblərdən Avropaya qaçanlar hansısa bir mitinqdə yüngülcə şəkil çəkdirib sifarişli şəklini çəkdirməklə özü üçün sənəd hazırlaya bilər. Qərbdə bu haqda gözəl bilirlər. Amma onların dediklərini təkrarlayan şəxsə rast gələndə heç nəyin üstünü vurmurlar. Çünki, başqa hökumətlərə içəridən təzyiq vasitəsi əldə etmiş olurlar. 
Qəribədir ki, xarici dövlətlərin maliyyəsi ilə işləyən QHT və ya siyasi partiyaların nümayəndələri aldıqları qrantları “dədə malı” sayır və istədikləri kimi şəxsi maraqları üçün istifadə edir və vergidən yayınırlar. Halbuki, bütün dövlətlərdə, o cümlədən Azərbaycanda bu, cinayət sayılır. Bunun üstündə vergi orqanları həmin şəxslərə qanunu xatırladan və ya məhkəməyə verən kimi dərhal “siyasi məhbus” karuseli işə düşür. Bəzi hüquq müdafiəçiləri də həmin qrantlardan faydalandıqları üçün bu işdə fəallıq göstərirlər. Karuselin görünməyən başında isə Qərbin xüsusi xidmət orqanları durur. Leyla və Arif Yunusların simasında belə məhbusların əməlləri barədə mətbuatda kifayət qədər məlumatlar yayılıb. 
İndi məsələ elə səviyyəyə gəlib çatıb ki, Azərbaycanın diplomatları, deputatları, ümumiyyətlə, ictimaiyyətin nümayəndələri xaricilərlə bu mövzuda açıq və ifşaedici faktlarla danışırlar. Açıq ifadə olunur ki, cənablar, nahaq əziyyət çəkirsiniz, müstəqil Azərbaycanın müstəqil xarici və daxili siyasəti var, belə böhtançı üsullarla bizə təsir etmək absurd bir şeydir. Ancaq başqa təsir imkanlarına malik olmayan Qərb institutları hələ də köhnə üsullarla davam edirlər. 
N.NOVRUZ