İslam Həmrəyliyinin zərurətə çevrildiyi tarixi dövr

12 Dekabr 2017 09:15 (UTC+04:00)

Azərbaycan ərazisi müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələrinin rahat şəkildə yaşadığı və heç zaman dini-etnik zəmində münaqişə baş verməyən nadir məkandır. Bu faktlar  sübut edir ki, xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlayıb. Ölkəmizdəki tolerantlıq mühitinin kökündə Azərbaycan xalqının həyat tərzindən doğan multikultural dəyərlər durur. 

Bu gün bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsi aktual məsələ kimi ortaya çıxır. Azərbaycandan dünyaya yayılan çağırışların sayəsində ölkəmiz İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilməkdədir. Ölkəmizdə milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəklənməsi Azərbaycanı beynəlxalq aləmdə İslam həmrəyliyinin ən yaxşı nümunəsi kimi tanıdır.
Belə bir prosesin getdiyi vaxtda ABŞ prezidenti Donald Trampın gözlənilmədən müqəddəs Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınmasına razılıq verməsi, həmrəylik barədə olan çağırışların üzərinə nəinki kölgə salır, hətta bu təmayülün əleyhinə işləyərək bütün dünyada parçalanmanı dərinləşdirir. Lakin bu məntiqi mülahizələrin irəli sürdüyü versiyadır. Əslində məsələ tamamilə siyasi yük daşıyır. Yaxın Şərqdə Türkiyənin nüfuz və mövqeyini sarsıda bilməyən, başqa sözlə, Yaxın Şərq strateji layihəsində uğursuzluğa düçar olan Ağ Ev strateqlərinin məqsədi müsəlman dünyasının içərisinə nifaq salıb onu daxildən məhv etməkdir. Əl-Qaidə “terroru” bitəndə gözlənilməyən halda İŞİD baş qaldırdı. İndi islam dövləti adına yaradılmış terror qruplaşması da birib. Növbədə hansı törəmə ortaya çıxacaq? Bu yöntəmdə Qüds məsələsi aranı qarışdırmaq və hansısa təriqətlər adından dövlətləri bir-birinə qırdırmaq üçün açar rolunu oynamalıdır.   
Hadisələrin bu istiqamətə yönəldiyi beynəlxalq situasiya İslam dövlətlərinin həmrəylik cəhdlərinin heç vaxt olmadığı qədər gücləndirilməsini zərurətə çevirib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasını zamanın qabaqlanması hesab etmək olar, çünki özündə  müasir dövrün, bir az da irəli getsək, deyə bilərik ki, bugünün çağırışlarını ehtiva edir. 
Donald Trampın keçmiş ABŞ prezidentlərinə istehza ilə “onlar sözlərini tutmadılar, amma mən sözümü yerinə yetirdim” deməklə, indi iddia olunduğu kimi onun prezident seçilməsində Rusiya izinin yox, sionist təşkilatlarının izini axtarmağa ehtimallar yaradır. Sionizm ideologiyası 70 ildir ki, Yaxın Şərqdə dincliyin bərqərar olmasını əngəlləyir. Çox təəssüf ki, ABŞ prezidenti və ümumiyyətlə, bu ölkənin siyasəti sionist təşkilatlarının ciddi təsiri altındadır. Prinsipcə, İsrail dövlətinin mövcudluğu heç kimdə şübhə doğurmur və bu faktı bir neçə dinin qibləgahı sayılan Qüds hesabına təsdiqləmək, əslində, mənasız cəhddir. Yəni, Donald Tramp İslamın da daxil olduğu bir neçə dinin mənəvi mərkəzinə birtərəfli yanaşma sərgiləməklə Yaxın Şərqdə təbəddülat yaratmağı qarşısına məqsəd qoyub. O, yaxşı bilir ki, bütün müsəlman ölkələri bu hadisəyə entuziazmla cavab verəcək, hisslər coşacaq. Bu arada həmin ölkələr arasına nifaq salmaq da asanlaşacaq, necə deyərlər, “bulanıq suda balıq tutmaq asandır”. 
Ancaq amerikalı strateqlər bir məsələni unudurlar. Əvvələn, fakt faktlığında qalır və sübut edir ki, ABŞ-ın dünya siyasəti getdikcə zəifləyir. Bu səbəbdən də bu ölkə daha çox zora əl atmağa çalışır. Amerikalılar Rusiyaya “Sibir ayısı” ləqəbi verməklə onları ittiham edir, lakin bu əsnada nümunəvi olmaq əvəzinə özləri zorakılıqda onlardan irəlidə gedirlər. İkincisi, Trampın Qüdsü İsrailin paytaxtı kimi verdiyi zorakı qərarı dünya ictimaiyyətində ajiotaj yaratmaqla bərabər İslam ölkələrini həmrəyliyi möhkəmləndirməyə səfərbər edir. Gözüaçıq siyasətçilər bunu görür və dəyərləndirmək məcburiyyətində qalırlar. Məsələn, Avropanın böyük dövlətləri ABŞ prezidentinin səbəb ola biləcəyi fəlakət ssenarilərinə ortaq olmaq istəmirlər. Bu günlərdə ABŞ dövlət katibi Reks Tillerson Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Mogerini ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər Şimali Koreyadan tutmuş İrana qədər hər mövzudan danışıblar. Lakin onların heç biri nə Fələstin, nə də İsrail kəlməsini ağızlarına almayıb. Düzdür, bu məsələdə imitasiya da ola bilər. Çünki, iki diplomat arasında keçirilən görüşün səhərisi ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarını elan edib.
Bu işdə daha bir versiya situasiyanı türkiyə əleyhinə çevirmək ehtimalına əsaslanır. Görünür, bu təmayülü türk diplomatiyası da duyur və İslam ölkələrinin çıxışlarının mütəşəkkilliyinə nail olmaq üçün onların təşəbbüsü ilə dekabrın 13-də bu məsələ ilə əlaqədar İƏT-in İstanbulda konfransı keçiriləcək. Hər bir halda Ərəb Ölkələri Liqası, Afrika, Asiya və Avropanın müsəlman ölkələri, habelə beynəlxalq İslam təşkilatları Qüds məsələsində eyni platformadan birlikdə çıxış etsələr, məhz belə də etməlidirlər, onda daha səmərəli nəticə əldə etmək olar.

N.NOVRUZ