Qüdsə görə İslam dünyası ABŞ-a qarşı birləşəcəkmi?

13 Dekabr 2017 07:00 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan etməsi dünyada rezonans yaradıb. Dekabrın 13-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstin üzrə fövqəladə sammitində Qüds şəhərinin İsrail paytaxtı kimi tanınmasına qarşı müəyyən qərarların qəbul edilməsi planlaşdırılır. İƏT ölkələri ilk növbədə Qüds üzrə xüsusi komissiya yaradacaqlar. Digər ölkələrin də Qüdsü İsrail paytaxtı kimi tanıyacağı təqdirdə, İƏT üzv ölkələrinin həmin dövlətlərlə münasibətlərə yenidən baxacağı bildirilir. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin etiraz əlaməti olaraq ABŞ-dakı səfirlərini geri çağıra biləcəyi istisna olunmur. İƏT ölkələrinin İsrailə qarşı da iqtisadi sanksiyalar qəbul edəcəyi gündəmdədir. Bu fonda isə sözügedən sammitdən sonra müsəlman dünyası ilə ABŞ arasında münasibətlərin hansı məcarada davam etməsi maraqlıdır. Ancaq siyasi şərhçilər müsəlman dövlətlərinin bu məsələdə yekdil olacağına şübhə ilə yanaşırlar. 

Yaxın Şərq məsələləri üzrə ekspert Sədrəddin Soltan bildirdi ki, bir neçə gün öncə ABŞ-ın dövlət katibi Amerika İsrailin Təl-Əviv şəhərindəki səfirliyini iki il ərzində köçürməyəcəyini bəyan etdi: “Bu, Ağ evin müttəfiq və müttəfiq olmayan müsəlman dövlətlərinə ismarıcıdır. Bu müddətin uzadılması müsəlmanlar, yaxud Qüdsü İsrailin paytaxtı görmək istəməyənlərin gələcək fəaliyyətindən asılıdır. İslam Əməkdaşlıq Təşkilatı daha çox məşvərətçi qurumdur. Bu qurumun Dağlıq Qarabağa bağlı da bəyanatları mövcuddur. Ancaq həmin bəyanatı qəbul edən dövlətlər müsəlmanların Şuşa şəhərini işğal edən işğalçı Ermənistanla da hər cür əməkdaşlıq   edirlər.  Bu baxımdan İstanbul toplantısındakı çıxışlar oradan uzağa getməyəcək. Çünki Qüdslə bağlı qərarın geri oxunması və ya ləğv edilməsi ilə bağlı sanksiyalar olmayacaq. Sanksiya faktiki münasibət və təzyiq vasitəsidir. Bu da olmayacaq. Bəyanatlar isə tarix üçün bir yadigardır. İran və Sudandan başqa ABŞ-la münasibəti gərgin olan müsəlman dövləti yoxdur. Bir Türkiyənin ABŞ-la münasibətində gərginliklər olsa da, Ankara və Vaşinqton bunu danışqlar yolu ilə səhmana salmağa çalışacaq. Bu baxımdan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İndoneziya, Malayziya və  Misirin Qüdsə görə ABŞ-la münasibətləri pozacağı inandırıcı görünmür. Onlar toplaşıb, ABŞ-dan giley edəcəklər. Məsələn, Birləşmiş Ərəb Əmirliyi, yaxud Səudiyyə Ərəbistanı ABŞ-a qarşı necə çıxa bilər? Bu sualın cavabı elə müsəlman dövlətlərinin məsələyə münasibətidir”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, Donld Trampın Qüdslə bağlı qəbul söylədiyi fikirlər təkcə  Yaxın Şərq hadisələrinə mənfi təsir etməyəcək: “Bu, eyni zamanda İsrail-Fələstin münasibətlərini daha da alovlandırdı. Amma daha adekvat qərar qəbul etmək olardı. Qüdsün bir tərəfə aid olduğunu demək münaqişəni daha da alovlandıracaq. Ancaq təəssüf ki, həm Yaxın Şərq, həm də digər ölkələrin bu problemə münasibəti birmənalı deyil. Yəni, problemlə bağlı İslam dünyasında həmrəyliyin olduğunu demək çətindir. Qüds məsələsinə yalnız İslam dəyərləri yox, dövlət maraqları baxımından da münasibət sərgiləyən müsəlman dövlətləri var. Səudiyyə Ərəbistanının timsalında bu görmüş olduq. İran da həmişə İsrail-Fələstin münasibətindən özünün siyasi hədəflərinin gerçəkləşdirilməsi üçün istifadə edən ölkə olub. Bu mənada proseslərin daha çətin dönəmə qədəm qoyacağını gözləmək olar”.
Vüqar Zifəroğlu əlavə etdi ki, Türkiyədə keçiriləcək sammitdə ümumi bəyanatın qəbul olunması mümkündür: “Amma İslam sivilizasiyası daxilində bu məsələyə münasibətdə vahid fikir yoxdur. Eyni zamanda hazırda müsəlman dövlətləri öz aralarındakı münasibətlər gərgindir. Bu baxımdan da konkret addımların atılacağı inandırıcı görünmür”.
Mübariz BAYRAMOV