Ermənilər səmum yelinin əsəcəyindən qorxurlar

13 Dekabr 2017 09:00 (UTC+04:00)

Ermənilərin regionun böyük dövlətləri olan Rusiya, İran və Türkiyənin geosiyasi əməkdaşlığının mümkün nəticələrindən narahatlığı özünü qabarıq şəkildə büruzə verir. İndilikdə sözügedən üç ölkənin əməkdaşlığı hələlik başlıca olaraq Yaxın Şərqə aiddir. Lakin ermənilər qorxur ki, bu üç böyük dövlət gec və ya tez Cənubi Qafqazda da geosiyasi əməkdaşlıq məsələlərini danışacaqlar. 
TİR üçlüyünün ermənilərin yuxusuna haram qatması əsassız deyil. Çünki, qonşularına münasibətdə həmişə təcavüzkar mövqedən yanaşan ermənilər yalnız düşmənçilik edən dövlətlərin əhatəsində özlərinə bir gün ağlaya bilirlər. Əks halda onların məhv olmaları qaçılmaz dərdə çevrilir.
Türkiyəyə tarixi genosid böhtanı və torpaq iddiası irəli sürən Ermənistan hakimiyyətinin bugünkü real problemi Azərbaycan torpaqlarını işğal etməsidir. Azərbaycan diplomatiyasının üzünmüddətli siyasi döyüşləri nəticəsində Ermənistan cinayətkar prezidenti Serj Sarkisyanla birlikdə küncə sıxışdırılıb. Düşmənə həlledici zərbə vurub onu işğal ölkəmizdən qovmaq üçün Azərbaycana bir addımlıq məsaqfə qədər yeni bir təpər lazımdır. Ermənilər bunu aydın başa düşür və əndişələnirlər. Çünki, arxalarında dayanaqn, ermənilər üçün dövlət yaradan Rusiya imperiyasına və dünyanın supergücünə onlar siyasi baxımdan o qədər də etibar etmirlər. 
Belə bir siyasi durumda Türkiyə ilə Rusiyanın həddən çox yaxınlaşması, eyni zamanda Cənubi Qafqazın lideri statusunu inamla daşıyan Azərbaycanın gündən-günə qüdrətlənməsi və regiondakı maraqların daşıyıcı amilinə çevrilməsi mütləq öz bəhrəsini verməlidir. Qarabağ münaqişəsinin həlli yolunda beynəlxalq təşkilatların sürdürdüyü durğunluğa görə Azərbaycanın ötən ildən başladığı diplomatik hücum bu payız müəyyən siyasi sənədlərin qəbuluna səbəb olub. “Şərq Tərəfdaşlığı” üzrə Brüssel sammitinin Birgə Bəyannaməsindən sonra Vyanada ATƏT Xarici İşlər Nazirliyi Şurasının iclsında da  Azərbaycanın səyləri nəticəsində Qarabağ münaqişəsi ilə bağlı daha bir bəyanat qəbul olunub. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın  yaydığı birgə bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edirlər. Ermənilərin konfransda iştirak edən nümayəndə heyətləri “öz müqəddəratını” təyinetmə hüququnu bəhanə gətirərək şadlıq edirlər ki, növbəti qələbə çalıblar. Amma onların şadlığı, rəhmətlik  Sabirin dediyi “çırmanırıq arx gəlməmiş” ifadəsinin həyatda ifadəsindən başqa bir şey deyil. Ona görə ki, ermənilər Azərbaycan torpaqları hesabına öz müqəddəratlarını çoxdan müəyyənləşdiriblər və onlara bundan artığını güzəştə getmək olmaz, çünki torpaq ehsan predmeti deyil. 
İndi qonşu dövlətlərin limitdən artıq əməkdaşlığının gələcəkdə strateji tərəfdaşlığa çevrilməsi qorxusu Ermənistanın təcavüzkarlığının sonu demək olar. Yəni, regionda real sülh yaranarsa, onda Qarabağın işğalına son qoymaq, mənasız genosid çağırışlarını birdəfəlik unutmaq, böyük Ermənistan adlı qəflət yuxusundan ayılmaq lazım gələcək. Böhtandan və təcavüzdən əl çəkmək də öz növbəsində erməninin çörəyini əlindən alacaq. Bu səbəblərdən yaxın gələcəkdə səmum yelinin təsirinə məruz qalacaqlarını bilən ermənilər hazırda qorxu içərisində süni gülüşlə yaşayırlar.
   N.NOVRUZ