MEK qədim xəritələrin təqdimatını keçirib

12 Dekabr 2017 15:46 (UTC+04:00)

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) kitabxananın fondlarında mühafizə olunan “Qədim xəritələr kolleksiyasının (elektron)” təqdimatını keçirib.
MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova xəritələrin təsnif edildiyi slayd üzərində çıxış edərək kitabxananın elektron bazasına 419 nüsxə xəritə daxil edildiyini, bunlardan 51-nin Azərbaycanla bağlı olduğunu və Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. O, ilk yaranan xəritələr haqqında məlumat verərək onların səmaya və ulduzlara əsasən hazırlandığını bildirib. Qeyd olunub ki, e.ə 6-cı əsrə aid olan ilk xəritədə gil lövhəcik üzərində qədim Babilistan təsvir olunub. Antik yunan tarixçisi və yazarı, sələflərindən fərqli olaraq çoxlu səyahətlər etmiş Avropa, Asiya və Afrikada olmuş Herodot gəzdiyi ərazilərin coğrafiyasına xüsusi diqqət ayırıb. Onun əsərlərində dünya və xəritələr haqqında geniş məlumat verilir. Xəritəşünaslığın çiçəklənməsi isə “Böyük coğrafi kəşflər” (1300-1700-cü illər) dövrünə aid olub. Məhz, bu dövrlərdə Hollandiyada görkəmli xəritəşünaslar meydana gəliblər. Təqdimatda həmçinin, 1903-cü ildə Qafqaz hərbi dairəsinin tərtib etdiyi “İrəvan quberniyasının xəritəsi”, I Pyotrun əmri ilə tərtib edilən “Xəzəryanı torpaqların xəritəsi”, “Gülüstan sülh müqaviləsi əsasında sərhədlər üzrə Zaqafqaziya vilayətində 1809-cu ildən 1817-ci ilə qədər hərbi əməliyyatlar xəritəsi” və digər xəritələrdən də bəhs edilib.
AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov keçirilən təqdimatı yüksək qiymətləndirib, MEK-in elekton bazasında saxlanan xəritələrin tariximizin mübahisəli və gizlin qalmış məqamlarını aydınlaşdırmaq baxımından əvəzsiz mənbə olduğunu vurğulayıb. Azərbaycanın tarixi ilə bağlı bir sıra faktları açıqlayan C.Bəhramov Cənubi Qafqaz ərazisində 1918-ci ilə qədər Ermənistan adlı dövlətin olmadığından, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımlardan, işğal siyasətindən danışıb. Geopolitik maraqların qurbanı olan Azərbaycanın ərazi itkilərindən, onun sərhədlərinin qonşu dövlətlər arasında bölüşdürülməsindən bəhs edən natiq bununla bağlı bəzi məqamlara aydınlıq gətirib, tarixi Azərbaycan coğrafiyasının hüdudlarını göstərib, həmçinin ermənilərin Cənubi Qafqazda yerli xalq olmadığını xəritələr və mənbələr vasitəsilə əsaslandırıb. AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov, Bakı şəhəri 72 saylı orta məktəbin tarix müəllimi, təhsil eksperti Aydın Allahverdiyev təqdimatın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Onlar MEK əməkdaşları tərəfindən təşkil edilən bu təqdimatların Azərbaycan tarixinin öyrənilməsi baxımından mühüm olduğunu, önəmli xəritələrin ictimaiyyətin diqqətinə çatdırıldığını qeyd ediblər.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-i müzakirə meydançası adlandırıb. O, burada 1,5 milyona yaxın sənədin mühafizə olunduğunu və o sənədlərin içərisində tariximiz üçün faydalı olan öyrənilməmiş qiymətli mənbələrin olduğunu vurğulayıb. L.İmanova qeyd edib ki, təqdimatları keçirməkdə məqsəd böyük məlumat okeanının içindən inciləri seçib elmi ictimaiyyətin, oxucu auditoriyasının diqqətinə çatdırmaq, ölkəmizin, xalqımızın maraqlarına uyğun tədqiqat obyektinə çevirməkdir.